Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Bakıda saxta maşın nömrələri çap edilir (VİDEO)

Bakıda saxta maşın nömrələri çap edilir (VİDEO)

Sosial şəbəkələrdə indi də saxta avtomobil nömrələri satılır. Müəyyən səhifələrdə sürücülərə müxtəlif ad və soyadların olduğu istənilən formalı dövlət qeydiyyat nişanı təklif olunur. Təəssüflər olsun ki, belə nömrələri alıb avtomobilin üzərinə bağlayıb idarə edən sürücülər var. Halbuki bu, qanunla qadağandır.

”Baba- 614”, ”Xuliqan”, ”Bakılı-211” və sadalamadığımız digərləri..
Son vaxtlar sosial şəbəkələrdə üzərində Azərbaycan bayrağı və şəxs adları yazılmış avtomobil nömrələri satılır. Hətta Avropa ölkələrinə məxsus nömrələrə də belə adlar yazılaraq sürücülərə təklif edilir.
”İnstaqram” sosial şəbəkəsində fəaliyyət göstərən belə səhifələrdən birində qeyd edilib ki, nömrələr xarici ölkədə hazırlanır. Əlaqə üçün qeyd edilən mobil nömrə isə Türkiyəyə məxsusdur. Səhifədə qeyd olunan mobil telefona zəng çatmadığından ”votsap”la zəng vurduq. Qarşı tərəf isə yazaraq qeyd etdi ki, onlar danışmırlar və sifarişləri ancaq yazılı şəkildə qəbul edirlər. Nömrənin bir ədədini 30, cütünü isə 60 manata hazırlayıb bir günə karqo ilə göndərirlər. Üstəlik, onlar belə nömrələr ilə avtomobil idarə etməyin qanunla qadağan olunduğunu bildiklərini də etiraf etdilər.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, onlar Bakıda hansısa gizli sex açaraq fəaliyyət göstərirlər. Çünki bir günə sifariş qəbul edib, nömrə hazırlayaraq xarici ölkədən göndərmək mümkün deyil.
Qeyd edək ki, bu cür nömrələr adətən toy karvanında hərəkət edən gənc sürücülərin avtomobillərində olur. Onlar bəyin adını nömrəyə yazdırmaqla ona sürpriz etdiklərini düşünürlər. Amma bu, qanunla qadağandır və yol polisi belə sürücüləri aşkarladıqda onları dərhal cərimə edir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, belə sürücülər ərazidə xidmət aparan yol polisi tərəfindən aşkar edilən kimi avtomobil cərimə meydançasına aparılır. Onların barələrində 4 bal və 60 manat cərimə tətbiq edilir. Saxta nömrə isə əlindən alınaraq ona xəbərdarlıq olunur.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …