Cümə , Noyabr 22 2019
Ana səhifə / Kriminal / Bakıda saxta içki mafiyasına qarşı əməliyyat: “Beluqa Tahir” və dəstəsi ələ keçdi

Bakıda saxta içki mafiyasına qarşı əməliyyat: “Beluqa Tahir” və dəstəsi ələ keçdi

Azərbaycan polisi saxta içki mafiyasına qarşı daha bir uğurlu əməliyyat həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə  nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstə həyata keçirilən  xüsusi əməliyyat nəticəsində ifşa edilib.

Əməliyyat nəticəsində məlum olub ki,  “Beluqa Tahir” ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir  Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə Rusiya istehsal olan “Beluqa”, “Stoliçnaya”, “Nemiroff”, “Russkiy Standard” araqlarının, “Jack Daniels”, “Chivas” viskilərinin, “Omega”, “Patron” tekilalarının və sair spirtli içkilərin saxtalarını hazırlayaraq üzərinə saxta aksiz markalar vurmaqla müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.

Əməliyyatçılar Tahir Həziyevə məxsus olan, Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən gizli sexə, habelə dəstə üzvləri Elşən Səfərovun Sabunçu rayonunun Buzovna qəsəbəsində və qardaşı Elnur Səfərovun  Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən anbarlarına, Əliağa Əhmədovun  Nərimanov rayonunda yerləşən gizli saxlanc yerinə, eləcə də Afəddin Yunisova məxsus spirtli içkilərin topdansatış mərkəzinə baxış keçiriblər.

Bu zaman satış üçün hazırlanmış ümumilikdə 6114 ədəd saxta spirtli içki, mənşəyi məlum olmayan 1 tona yaxın spirt, 100.000 ədəddən çox saxta aksiz markası, saxta spirtli içkilər üçün nəzərdə tutulan 31200 ədəd müxtəlif əmtəə nişanlı etiket və saxta spirtli içkilərin hazırlanması üçün kustar üsulla düzəldilən xüsusi elektron avadanlıqlar aşkar olunaraq götürülüb.

Dəstə üzvləri külli miqdarda gəlir əldə etmək üçün əsli satış bazarında baha qiymətə olan spirtli içkilərin saxta nümunələrini hazırlayıblar.

Araşdırma zamanı mütəşəkkil şəbəkənin üzvləri tərəfindən hazırlanan saxta içkilərin toy mərasimlərində istifadə edilməsi üçün bəzi şadlıq evlərinə satıldığı da müəyyən edilib. Həmin şadlıq evləri sahibərinin də müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Aşkar edilən saxta spirtli içkilərdən götürülən nümunələr ekspertizaya təqdim edilib və əldə olunan rəyə əsasən bu məhsulların toksikoloji normalara cavab vermədiyi və qeyd olunan içkilərin istehlakının insan orqanizmi üçün ciddi təhlükə mənbəyiolduğu müəyyən edilib.

Saxta və insan sağlamlığı üçün təhlükəli olan spirtli içkiləri hazırlayan dəstə üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.


Həmçinin oxuyun

“Araz” marketin iki işçisi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.APA xəbər verir ki, rayonun Zabrat qəsəbəsində yerləşən “Araz” …