Ana səhifə / Kriminal / Bakıda evlər ilin sonuna qədər 25 faiz ucuzlaşacaq

Bakıda evlər ilin sonuna qədər 25 faiz ucuzlaşacaq

Bu ilin martında Bakıda ilkin əmlak bazarında qiymətlər 7 faiz, təkrar bazarda isə 6 faiz ucuzlaşıb.

Bunu “Azadlıq” radiosuna “NBA Consulting Group”un rəhbəri Nüsrət İbrahimov deyir.

Bəs evləri qiymətdən salan nədir?

Nüsrət İbrahimov deyir ki, bu ilin fevralında dolların manata nəzərən 35 faiz bahalaşmasından sonra mənzil satanlar da manatla olan qiymətləri dolların yeni məzənnəsinə uyğunlaşdırmağa başladılar, nəticədə manatla olan qiymətlər təqribən 14 faiz bahalaşdı: “Amma aprel ayında alıcılar bu qiymətlə barışmadılar və geri çəkildilər, odur ki, qiymətlər düşməyə başladı”.

Bakının əmlak bazarında qiymət azalması hələ 2014-cü ilin sonunda başlamışdı, devalvasiya isə bu prosesi sürətləndirdi.

Nüsrət İbrahimov deyir ki, devalvasiya səbəbi ilə artmış 14 faizdən əlavə qiymətlər real olaraq 10 faiz də düşəcək. Yəni ilin sonuna qədər bu ilin martındakı qiymətlərin 24 faiz azalması müşahidə olunacaq.

Nüsrət İbrahimov ucuzlaşmanın səbəbi kimi iki amil göstərir: “Birinci səbəb dünya bazarında neftin qiymətinin azalması, ikinci səbəb isə Ukraynada və Rusiyada baş verən hadisələr və bu ölkələrdən Azərbaycanın daşınmaz əmlak bazarına daxil olan vəsaitlərin azalmasıdır”.

Nüsrət İbrahimov bildirir ki, neftin qiymətinin azalması bazara əsasən psixoloji təsir edir – adamlar əldəki vəsaiti xərcləməyib qara gün üçün saxlayırlar.

İbrahimov deyir ki, başqa bir səbəb alıcıların bazardan küsməsidir: “Onsuz da 2014-cü ilə qədər qiymətlər həddən artıq şişirdilmişdi. Odur ki, alıcılar bazardan küsüb geri çəkilmişdilər”.

Ekspert deyir ki, evlərin ucuzlaşması qaçılmazdır, çünki mövcud qiymətlər əhalinin alıcılıq qabiliyyətini çox üstələyir.

“Value and Source” konsaltinq şirkətinin eksperti Rəşad Əliyev öz facebook səhifəsində yazdığı şərhdə bildirir ki, daşınmaz əmlak bazarındakı durum hələ heç vaxt Mərkəzi Bankın və kommersiya banklarının addımlarından belə asılı vəziyyətə düşməmişdi: “Dövlət ipoteka proqramının genişləndirilməsində qətiyyətli addımların olmaması, Milli Bankın pul-kredit siyasətində manat kütləsinin sıxılması, kommersiya banklarının manat kreditlərini məhdudlaşdırması daşınmaz əmlak bazarına kapital axınını məhdudlaşdırıb. Bu isə bazarda nəinki canlanmanın yaranmasına, hətta bazarın boğulmasına təsir edir”.

Ekspertlər xatırladırlar ki, 2008-2009-cu illərdə iqtisadi böhran zamanı mənzillərin qiyməti 23 faizə qədər ucuzlaşmışdı.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın