Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Bakıda böyük yarışlar ərəfəsi saxta dollar artır – daha bir dəstə tutuldu

Bakıda böyük yarışlar ərəfəsi saxta dollar artır – daha bir dəstə tutuldu

Əcnəbilər 18900 saxta dolları  dəyişmək istəyərkən saxlanılıblar; Yay Avropa Oyunları ərəfəsində də turistləri aldatmaq istəyən dəstə ifşa olunmuşdu

Aprelin 25-də saat 13:55 radələrində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda saxta dolları dəyişmək istəyən əcnəbi ölkə vətəndaşları tutulub.

Çin Xalq Respublikasının vətəndaşları 1988-ci il təvəllüdlü Chen Vonq Lin, 1963-cü il təvəllüdlü Lin Zhi Fanq və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçi 18900 saxta ABŞ dolları olan əskinazları dəyişmək istəyərkən tutulublar. Onlar maddi sübut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.

“Yeni Müsavat” xatırladır ki, Cinayət Məcəlləsində saxta valyuta hazırlanması  204.1 maddəsində əks olunub. 204.1-ci maddə  satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satmanı nəzərdə tutur. Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, bu cür cinayət törədənlər 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yada salaq ki, Azərbaycanda keçirilən 2015-ci il  Yay Avropa Oyunları ərəfəsində də Bakıda xarici vətəndaşlardan xeyli saxta dollar aşkarlanmışdı. Belə ki, polis əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunublar.

Sahte dolar ile ilgili görsel sonucu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maput Martial və Hongla Samuel 10 il müddətinə azadlıqdan məhrum edilib.

Kriminal xəbərlərin xronikası onu deməyə əsas verir ki, “Formula-1″ yarışlarının başlaması ilə əlaqədar olaraq ölkəyə çoxsaylı turistlərin gəlməsi yenə bəzi fırıldaqçıların ”iştahasını artırıb”. Məsələn, elə bu günlərdə  Bakıda banka saxta dollar verən şəxs hadisə yerində saxlanılıb. Həmin şəxs banklardan birinin Nəsimi rayon filialına yaxınlaşaraq, saxta 300 ABŞ dolları məbləğində pulu dəyişmək istəyib. Bank əməkdaşları pulun saxta olduğunu görüb, polisə məlumat veriblər.

Hadisə yerinə gələn polislər həmin şəxsi saxlayıb, polis bölməsinə aparıblar. 

Bəs saxta dolları həqiqisindən ayırmağın yolları nələrdir? Saxta əskinaz ilk növbədə, görünüşünə görə əsl puldan fərqlənir. Saxta əskinazlarda rəng əsasən solğun olur. Pulun ölçüsü orijinaldan fərqlənir. Bundan başqa, mühafizə elementlərində də fərq hiss edilir.

Əskinazların mühafizə elementləri təkmilləşdikcə saxta əskinaz fırıldaqçıları da texnologiyaları təkmilləşdirirlər. Buna görə bəzən saxta əskinazı adi gözlə müəyyən etmək çətin olur.

Bu zaman xüsusi ultrabənövşəyi işıq altında pulun həqiqiliyini görmək mümkün olur. Belə ki, bu cür şüa əsl pulun gizli nişanlarını göstərdiyi halda, saxta pulda bu, olmur. Müşahidələr göstərir ki, Azərbaycanda daha çox manat və ABŞ dollarının saxtalaşdırılmasına rast gəlinir.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …