“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, həmin yaşayış evi Nərimanov rayonu ərazisində yerləşir. Onun sözlərinə görə, hazırda belə bahalı evlərin alıcısı yoxdur:

“Çünki insanlar o qədər pulu daha səmərəli sahələrə sərf etməyi üstün tuturlar. Demək olar ki, son 7-8 ayda elə evlər satış predmeti olmayıb. Bu gün 2, 2.3 milyon manat və daha baha qiymətə yaşayış evləri satışa çıxarılır, ancaq uzun müddətdir ki, o evlərlə maraqlanan yoxdur”.

Baha qiymətə satışa çıxarılan torpaq sahələrinə gəlincə isə N.İbrahimov bildirib ki, təmsil etdiyi qurum tərəfindən qeydə alınan ən bahalı ərazinin bir sotunun dəyəri 280 min manatdır. O qeyd edib ki, həmin torpaq sahəsi Nərimanov rayonunda yerləşir.

N.İbrahimov əlavə edib ki, bu gün Bakıda bir sotunun dəyəri bir milyon manata qədər olan torpaq sahələri də mövcuddur. (Trend)