Çərşənbə , İyul 17 2019
Ana səhifə / Kriminal / “Bakı Tikiş Evi”-nin Çin filialları

“Bakı Tikiş Evi”-nin Çin filialları

Bu gün Azərbaycan iqtisadiyyatının inkişaf göstəricilərindən biri kimi də, yerli şirkətlərin və ayrı-ayrı iş adamlarının xarici ölkələrdə reallaşdırlan bu və ya digər biznes layihələrinə investisiya qoyuluşu həyata keçirmələrini qeyd etmək olar. Lakin ekspertlərin də dəfələrlə vurğuladıqları kimi, bu yatırımlar yalnız beynəlxalq əhəmiyyət kədb edən, irimiqyaslı layihələrin reallaşmasına yönəldikdə səmərəli hesab oluna bilər. Eyni zamanda da ucuz işçi qüvvəsi və xammal bazasına malik olan bəzi ölkələrdə istehsal sahələri yaradaraq, sonradan həmin müəssisələrin məhsullarını Azərbaycana gətirmək və burada onları yerli istehsal kimi satışa çıxarmaq cəhdləri əksər hallarda tamamilə əks-effekt vermiş olur. Əlbəttə, bu kimi maxinasiyalara yatırım qoyan işbazlar birmənalı olaraq yüksək qazanc əldə edirlər. Amma nəyin müqabilində? İlk növbədə Azərbaycan vətəndaşları kütləvi şəkildə iş yerlərini itirirlər. Digər tərəfdən də istehlakçılar keyfiyyətsiz, bir çox hallarda mənşəyi məlum olmayan xammaldan istehsal olunmuş məhsul almalı olurlar. Bəzən isə, bu məhsullar aşkar təhlükə mənbəyi kimi belə çıxış edir. İstehlakçı isə, bu məhsulun daha keyfiyyətli və sertifikatlaşdırılmış yerli məhsulun sadəcə oxşarı olduğundan şübhə etməyərək, onu eyni qiymətə alır.

Qəzetimizin ötən saylarında dərc etdiyimiz bəzi materiallarda paytaxtın “məktəb bazarlarında” məktəbli formalarının satışı ilə bağlı yaşanan müəyyən problemlərdən bəhs olunurdu. Mütəxəssislərin rəyinə görə, bu sahədə əksər problemlərin yaranma səbəbini “Bakı Tikiş Evi” ASC-nin (BTE) direktoru Fədail Rəhimovun monopoliya yaratmaq cəhdləri ilə izah etmək olar. Digər tərəfdən isə, ötən illərdə olduğu kimi bu il də istehsalla yanaşı, satışı da monopoliyaya götürmək cəhdlərindən əl çəkməyən Fədail Rəhimov buna paralel olaraq, şəxsi qazancını artırmaq məqsədilə bəzi başqa tədbirlərə də əl atmışdır. Redaksiyamıza daxil olan məlumatlara görə, bu gün “Bakı Tikiş Evi” ASC-nin Çin Xalq Respublikasında “filialları” fəaliyyət göstərməkdədir. Məlum olduğu kimi, Fədail Rəhimovun rəhbərlik etdiyi bu müəssisənin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb. Amma redaksiyamıza daxil olan bəzi məlumatlara görə, “Bakı Tikiş Evi” ASC həm də dövlət yoxlamasından keçirilməmiş, normativ tələblərə cavab verməyən formalar istehsal etməkdədir. Açıqlamalarda iddia olunur ki, bu formaların istehsalında təhlükəsizlik sertifikatı almamış xammaldan istifadə edilir. Təbii ki, bütün bu proseslər ASC-nin əsas istehsal sahəsindən kənarda, xüsusi yaradılmış və təchiz olunmuş “gizli” sexlərdə həyata keçirilir. Bu yolla, əldə olunan məhsulun maya dəyəri bir neçə dəfə aşağı salınır. Lakin son əldə etdiyimiz məlumatlarda “Bakı Tikiş Evi” ASC-də törədilən bu “istehsal maxinasiyalarının” artıq çoxdan beynəlxalq səviyyəyə keçirildiyi vurğulanır. Bu xüsusda redaksiyamıza məlumat verən mənbənin iddiasına görə, hazırda Çin Xalq Respublikasında Fədail Rəhimov tərəfindən maliyyələşdirilən bir neçə tikiş sexi fəaliyyət göstərməkdədir. Məhz həmin sexlərdə istesal olunan məktəbli formaları da, bu gün Azərbaycanın istehlak bazarında “Bakı Tikiş Evi” ASC-nin məhsulları kimi satışa çıxarılır. Təbii ki, istənilən halda bu formalar öz keyfiyyətinə görə yerli məhsullardan seçilir. Lakin, Fədail Rəhimov bu problemin də özünəməxsus tərzdə həlli yolunu tapmışdır. Belə ki, “Bakı Tikiş Evi” ASC-nin rəhbərliyi bəzi məktəb direktorları ilə qarşılıqlı razılaşma əldə edərək, həmin məktəblərdə öz “filiallarının” məhsullarının satışını məcburi qaydada təşkil etdirə bilib. Bütün bunlar isə əlbəttə ki, sadəcə istehlakçı hüquqlarının deyil, eyni zamanda da ölkə qanunlarının kobud şəkildə pozulması deməkdir.

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.

Həmçinin oxuyun

Azərbaycanda inanılmaz hadisə – Evə gəlib qayınanasına təcavüz etdi

Quba rayonunun kəndlərindən birində zorlama hadisəsi baş verib.Publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün …

Bir cavab yazın