“APA-Economics”in məlumatına görə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi barədə məlumat verilib, dəmir yolu xətti ilə bağlı məlumat mübadiləsinin texniki şərtləri, sənədlərin müqayisə edilməsi, mübadilə ediləcək məlumatların müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırovun sözlərinə görə, tədbirin əsas məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı üçtərəfli görüşün keçirilməsi və gömrük orqanlarının üzərinə düşən bütün texniki məsələlərin həllini tapmasıdır. Ş. Bağırov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir: “Bu dəmiryolu xəttinin inşası və onun fəaliyyətə başlaması region və dünya üçün çox önəmlidir”.

O bildirib ki, gömrük orqanları bu layihə ilə bağlı işləri tək görə bilməz: “Bu layihə ilə bağlı Azərbaycan, Gürcüstan tərəfi sənədlərin hazırlanması və pasport məsələləri ilə bağlı həm ölkələrin sərhəd xidmətləri, pasport qeydiyyat idarələri, həm də digər dövlət qurumları ilə əlaqələndirilmiş formada işləməlidir. Bunun üçün də gömrük orqanları lazımı formada bu proseslərə cəlb olunacaq”.

Görüşdə həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə tərəflərinin Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi və bu günə qədər görülən işlərlə bağlı fikirləri dinlənilib. Hər üç tərəfin nümayəndələri bu layihə ilə heç bir texniki məsələnin qalmadığını vurğulayıblar. Onlar bu layihənin tezliklə fəaliyyətə başlayacağına əmin olduqlarını bildiriblər.

Tədbir çərçivəsində bu ilin 2-3 may tarixlərində keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədin hazırlanması da planlaşdırılır. Görüşün sonunda iki mühüm sənəd imzalanacaq. Bunlardan biri bu gün keçirilən görüşə dair yekun protokol, digəri isə 2-3 may tarixlərində keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədlə bağlıdır.

Qeyd edək ki, texniki görüş 2 gün davam edəcək.