Ana səhifə / Kriminal / Bakı bazarlarında qiymətlər “od tutub yanır”

Bakı bazarlarında qiymətlər “od tutub yanır”

Meyvə mövsümü olsa da, bazarlarda qiymətlər hər kəs üçün əlçatan deyil. Bakı bazarlarında Azərbaycanda yetişən və yetişməyən bütün meyvə-tərəvəz məhsullarına rast gəlmək mümükündür. Amma “od tutub yanan” qiymətlərdən alıcı da narazıdır, satıcı da.

Virtualaz.org əməkdaşlarının bazarlarda apardığı müşahidələrə görə, bahalıq alıcı qıtlığı yaradıb. Satıcılar saytın əməkdaşlarına bildiriblər ki, əvvəlki illərdə bu qədər alıcı qıtlığı yaşanmayıb.

Paytaxtın nisbətən bahalı bazarı sayılan “Yaşıl Bazar”da müxtəlif rəngdə, çeşiddə məhsullar satışdadır. Girişdə səliqə ilə düzülmüş piştaxtalarda yerli meyvə-tərəvəzlə yanaşı, ekzotik meyvələr də var. Amma qiymətlərin fantastik həddə olması alıcıların həvəsini gözündə qoyur.

Beləliklə, “Yaşıl bazar”dakı qiymətləri təqdim edirik:

Gilas – 5-6 manat

Albalı – 5-6 manat

Ərik – 5 manat

Şaftalı – 6-8 manat.

Yalnız Quba-Qusar bölgəsində yetişdirilən şaftalı – 6 manat

Alça – 2-5 manat

Gavalı – 2-3 manat

Alma – 2-5 manat

Çəkisi ən çox 300 qram olan qablaşdırılmış böyürtkən – 4 manat

Moruq – 5 manat

Xar tut – 5 manat

Qarpız – 30 qəpik

Yemiş – 50-60 qəpik

Pomidor – 2-4 manat.

Satıcılar deyirlər ki, digər bazarlardan fərqli olaraq, “Yaşıl bazar”da əksəriyyət səhər tezdən alverçilərdən aldığı məhsulu satışa çıxarır. Bu isə qiymətlərə təsir edir.

Bu alçanı Bakı kəndlərindən gətiriblər. Səhər tezdən 1 manat 80 qəpiyə almışam, ona görə də, 3 manata satıram”, – deyə satıcı Ağgül Bayramova söyləyib.

Bazarda alver edən Turac Müseyibova isə bildirib ki, mürəbbə bişirmək üçün çiyələyin qiymətinin enməsini gözləsə də, bazarda ucuz çiyələyə rast gəlməyib: “Hər gün səhər-axşam bazara gəlirəm. Bizim uşaqlar çiyələk mürəbbəsini çox sevirlər. Böyük ailəyik, 9 nəfər üçün azı 20 kilo meyvənin mürəbbəsini bişirirəm. Amma hələ bu il bazarda ucuz meyvə görməmişəm. Gilas, albalı az qala qurtarır, qiyməti isə düşmədi ki, düşmədi…”

Alıcını dinləyən satıcı da söhbətə qoşulur: “Çiyələyin qiyməti enməyəcək. Mürəbbəlik gilas da bitir. İndi almasan, sonra heç ala bilməyəcəksən”.

Firidun adlı satıcı isə bahalığın onlara da sərf etmədiyini söyləyir. Onun sözlərinə görə, məhsulları alverçilərdən alıb satırlar. Yerhaqqını da nəzərə alıb, bir qədər artıq təklif edirlər. “Xaçmaz gilasını 6 manata satıram. Amma onu 4,5 manata almışam. Qaysı, şaftalı da Qubadan gətirilir. Qiymətləri 6-8 manatdır. Bunlar da seçmə maldır və ucuz deyil, təxminən 4,5-5,5 manata bizə başa gəlir. Onu ucuz sata bilmərik axı. 5 manatlıq qaysı da var, onu 4.30 manata almışam. Biz məhsulları topdansatış mərkəzlərindən alırıq. Onlar hansı qiymət qoyurlar, biz də məcburuq ki, 5-10 qəpik üstünə qoyub sataq”, – satıcı əlavə edir.

Satıcılar bu il havanın yağışlı keçməsi səbəbindən qaysının az olduğunu bildirdilər. Elə bu amil də qiymətlərə təsir edir.

Yolumuz el arasında “kasıb bazarı” adlandırılan Nizami rayonu, 8-ci kilomert qəsəbəsindəki 4 saylı (Vosmoy) bazaradır. Bu bazarda qiymətlər nisbətən fərqlidir.

Məsələn,

Şaftalı – 3 manat

Alma – 2 manat

Gilas – 3-4 manat

Tut – 4 manat

Çiyələk – 3 manat

Armud – 3 manat

Pomidor – 2 manat

Xiyar – 40 qəpik-1 manat

Lobya – 50 qəpik

Qarpız – 25 qəpik

Qarğıdalı (ədədi) – 25 qəpik

Bu bazarın digərlərindən ucuz olmasına baxmayaraq, alıcılar satıcıları məhsulun çəkisində aldatmaqda ittiham edirlər.

Bazarda meyvə alan yaşlı qadın qiymətlərə nəzarət edilməməsindən gileylənir.

Satıcı Nəbi Məmmədov isə deyir ki, gavalını öz həyətindən gətirdiyi üçün ucuz satır: “Mən öz məhsulumu satıram, ona görə də, ucuz verirəm. Amma istidə, ayaq üstündə dayanmaq, gəlib-gedənləri razı salmaq çətindir”.

Kənd Təsərrüfatı Nazirliyi isə bildirir ki, gələn ay bostan məhsullarının qiyməti enəcək. Nazirlik bahalığın yerli məhsulların Rusiya bazarına daşınması ilə əlaqəli olması iddiasını da qəbul etmir: “Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında sərfəli qiymətlər təqdim edilir. İstəyən məhsulları oradan ala bilər”, – deyə nazirlikdən söyləyiblər.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə deyir ki, meyvə-tərəvəzin qiymətinin düşəcəyi vədləri yalandır. Əksinə, bahalaşma davam edəcək. “Bu ilin 5 ayında 187 min ton meyvə idxal olunub, 107 min ton məhsul isə ixrac edilib. Göründüyü ki, əhalinin 2-3 aylıq istehlak norması xarici məhsul hesabına ödənilib. Bundan əlavə, bu mövsümdə meyvə-tərəvəz məhsullarının istehsalı azalıb”, – deyə ekspert əlavə edib.

Onun fikrincə, qiymətlərə kənd təsərrüfatının kreditləşdirilməsi məsələsi də təsir edib: “Kənd təsərrüfatına ayrılan kreditlər manatla müqayisədə 2 dəfə, dollarla müqayisədə isə 4 dəfə azalıb. Meyvə istehsalçılarının sayı da azalıb. Buna görə də, ötən illə müqayisədə bütün məıhsulların qiyməti 20-50 faiz artıb”.

V.Məhərrəmov “Meyvəli” topdansatış mərkəzini inhisarçılıqda ittiham edib: “Bu da qiymətlərə təsir edir. Fermerlərin seçim imkanı azdır. Bu mərkəz yeganə topdansatış bazarı olduğundan, fermerlər onların diqtə etdiyi qiymətlərlə razılaşmaq məcburiyyətindədirlər”.

Ekspert hesab edir ki, bu səbəbləri nəzərə alıb qiymətlərin dəyişməyəcəyini proqnozlaşdırmaq olar.

 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın