Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Bağlanan bankın minlərlə müştərisi əmanətlərini ala bilmir

Bağlanan bankın minlərlə müştərisi əmanətlərini ala bilmir

Lisenziyası ləğv edilmiş “Texnikabank” ASC-nin əmanətçisi Məlahət Quliyeva özünün və digər əmanətçilərin başına gətirilən oyunlarla bağlı müraciət edib. M. Quliyeva bildirib ki, “Texnikabank”ın ləğvi ilə bağlı qərardan sonra 20 000 əmanətçi küçələrdə qalıb:
“Texnikabank-ın əsas ofisində əmanət qoymuşduq. Qərara görə, həmin əmanətləri “Muğanbank”ın baş ofisindən almalıydıq. Bankın əsas ofisinə əmanətlərini qoymuş 8000 əmanətçi 10 gün öncədən gecələr növbə tutaraq gündə 50 nəfər olmaqla birtəhər əməliyyatçıların qəbuluna düşdükdən sonra məlum olur ki, sənədlərdə “səhv” var. Bu səhv bütün əmanətçilərdə var və bunlar bizdən asılı olmayan səhvlərdir”.
Əmanətçi səhv adlandırılan 4 məsələdən də danışıb.
“Əmanət səhvi B33, yəni əmanətin hesablanmasında qeyri-dəqiqlik. Bu demək olar ki, bütün əmanətçilərdə var. Bizim nə günahımız var ki, sistem düz hesablamır?
Şəxsiyyət vəsiqəsinin pin kodunun düz gəlməməsi. Bunun əmanətçiyə heç bir aidiyyəti yoxdur. Texnikabank-ın işçilərinin texniki səhvidir. Ya 1 hərf, ya 1 rəqəm səhvdir. Axı bunu düzəltmək o qədər çətin işdir?
Müqavilənin seriya nömrəsinin olmaması. Bu əmanətçi ilə “Texnikabank” arasında başlanmış müqavilədə seriya nömrəsinin olmamasıdır. Bizi məcbur edirlər ki, “Texnikabank”a gedib köhnə tarixlə müqavilə bağlayaq. Axı kiminlə bağlayaq? Bank artıq ləğv olunub. Onun müqavilə bağlamaq səlahiyyəti yoxdur.
Son olaraq da şəxsi hesabdan çıxarış tələb olunur.
Ən başlıcası isə bizim adımız, müqavilə tarixi, əmanət məbləği və bütün digər tələb olunan məlumatlar Dövlət İpoteka Fondu tərəfindən “Muğanbank”a verilmiş bazadan əməliyyatçılar tərəfindən tam aydın görünür. Bu informasiyanı təsdiq edən möhürlü, müxtəlif kağız parçaları tələb edirlər. Bank isə bağlanıb, nə sənəd yazan var, nə də möhür vuran. Millət küçələrdə qalıb. Dəli kimi bilmirlər ki, hansı ünvana qaçsınlar. Heç kim də yiyə durmur.
ADİF-in saytında yalandan yazırlar ki, guya, indiyə kimi 5-10 milyon manat əmanət qaytarılıb. Bunlar hamısı yalandır”.
Onun sözlərinə görə, bu səhvləri düzəltməyin məsuliyyəti yenə də əmanətçilərin üzərinə düşür: “Buna görə də əmanətçilər “Texikabank”ın əsas ofisi, ADİF və “Muğanbank” arasında qalıblar. “Muğanbank”ın işçilərinə deyirik ki, bu səhvlərdə bizim nə günahımız var? Öz aranızda həll edin ki, camaat bu qədər zülm çəkməsin. İşçilər isə çox soyuq halda deyirlər ki, bizdən belə tələb olunur.
Bizdə artıq heç bir şübhə yoxdur ki, məqsəd camaatı həlli olmayan labirintə salıb əmanətləri ödəməməkdir. Əgər elan etdikləri qayda ilə getsə, bütün əmanətçilərin səhvlərinin aradan qaldırılaraq əmanəti almaqları üçün 128 həftə, yəni 2 il yarım lazımdır. ADİF-in qərarına görə isə, əmanətlər 1 il ərzində verilməlidir. Deməli, bütün əmanətçilərin yarısından çoxu əmanətlərini ala bilməyəcəklər”.
“Muğanbank” ASC-nin Marketinq şöbəsinin müdiri Rəşad Əliyev sözügedən ittihamlarla bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, əmanətçilərin sənədləri ilə bağlı hər hansı problem varsa, onlar “Texnikabank” baş ofisinə yaxınlaşaraq ləğvedici komissiyaya müraciət etməlidirlər: “Həmin komissiya sənədlərdə olan müəyyən səhvləri düzəldir və onlara möhür vurur. Bank hər gün 200-300-ə yaxın əmanətçinin pullarını qaytarır. Burada heç bir problem yoxdur”.
Mənbə: Qafqazinfo

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın