Ana səhifə / Kriminal / Bəxtiyar Hacıyev: “Təcridxananın rəis müavini zorla sənədlərimi əlimdən aldı…”

Bəxtiyar Hacıyev: “Təcridxananın rəis müavini zorla sənədlərimi əlimdən aldı…”

İlyarımdır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasının rəhbərliyindən şikayətçidir. O, mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində bildirib ki, bu gün məhkəməyə gətiriləndə əlində olan bütün qeydləri, o cümlədən müxtəlif məsələlərlə bağlı dövlət qurumlarına yazdığı müraciətlər, hakimə təqdim edəcəyi vəsatətlər əlindən alınıb. İctimai fəalın sözlərinə görə, ona qarşı bu qanunsuzluq təcridxananın rəis müavini tərəfindən törədilib.

“Sənədlərimi zorla əlimdən alıb, məni eyni zorakılıqla maşına mindirib məhkəməyə göndərdilər. Bu hal əvvəllər də dəfələrlə baş verib – həbs qətimkan tədbirinin müddətinin uzadılması, yaxud da ev dustaqlığına buraxılmağım haqda vəsatətlərə məhkəmələrdə baxılanda gedərkən sənədlərimi müsadirə ediblər. Belə görünür ki, bu qanunsuzluqlar Penitensiar Xidmətin rəhbərliyinin, yeni ədliyyə nazirinin göstərişiylə törədilir”, – Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, mayın 10-da əlindən aldığı qeydlər arasında məhkəmədə qaldıracağı vəsatətlərlə yanaşı, kompüter-tomoqrafiya müayinəsindən keçirilməsi üçün müraciət, dostu Rail Abbasovun həbsilə bağlı məktub da vardı.

İctimai fəal vurğulayıb ki, mayın 10-da baş verənlər ona qarşı uzun müddətdir baş verən qanunsuzluqların davamıdır:

“Mənə qarşı ən böyük qanunsuzluqlardan birini Baş prokurorun özü eləyib. İstintaq müddəti maksimum 13 ay ola bilərdi, onu 16 ay elədi. Məhkəmə də məhkəmə olsaydı, mən bu gün burada olmazdım. Uşaqlarınızı bir həftəlik göndərin mənim yanıma, onda görərsiniz ki, günahsız adamları orada saxlamaq nə deməkdir”.

Məhkəmə prosesinə sədrlik edən hakim Əli Məmmədov bildirib ki, Bəxtiyar Hacıyevin hüquqlarının pozulmasıyla bağlı şikayəti araşdırılacaq, bu məqsədlə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət olunacaq:

Şəxsin müdafiə hüququna heç kim əngəl yarada bilməz”.

Daha sonra məhkəmədə zərərçəkmiş qismində tanınan bloger Ülviyyə Alovlu (Muradova) ilə bağlı məsələ müzakirəyə çıxarılıb. O, ötən məhkəmə iclaslarından birində ifadə verib, 15 oktyabr 2021-ci ildə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə aralarında olan məhkəmə çəkişməsi zamanı təhqir olunduğunu, ona xəsarət yetirildiyini iddia edib. Hakim təklif edib ki, Ülviyyə Muradovanın dindirilməsi davam etdirilsin, sualları cavablandırsın. Lakin Bəxtiyar Hacıyev bildirib ki, dindirmənin davam etdirməsinə bir şərtlə razıdır – paralel olaraq, 15 oktyabr 2021-ci ildə insident baş verən məhkəmə zalında lentə alınmış görüntülər nümayiş etdirilsin, onunla bağlı Ülviyyə Alovluya suallar vermək imkanı yaradılsın.

Bəxtiyar Hacıyevin sözlərinə görə, həmin görüntülər Ülviyyə Alovlunun yalan danışdığını sübut edir:

“Əgər yalanın üzə çıxmasından qorxmursunuzsa, paralel şəkildə o görüntüləri də məhkəmədə nümayiş etdirin, biz də onun əsasında suallarımızı verək. Mən yalan ifadə əsasında 15 aydır ki, həbsdəyəm”.

Hakimlər bununla razılaşmayıb. Əli Məmmədov deyir ki, əvvəl Ülviyyə Alovlunun dindirilməsi başa çatsın, onun istintaqdakı ifadələri elan olunsun, bundan sonra məhkəmə video ilə bağlı məsələni müzakirəyə çıxarıb, qərar verəcək.

Vəkillər isə bununla razılaşmır:

“Siz videonu saxlayacaqsınız prosesin sonunda sənədlərin tədqiqi mərhələsinə, onda da bu, məhkəməyə gəlməyəcək. Suallarımızı verə bilməyəcəyik. Özü də dedi ki, Odessaya çıxıb gedəcək, sonra biz onu hardan tapaq? Niyə elə dindirmə ilə paralel baxmaq? Məsələn, icra məmuru Orxan Abdullayev məhkəmədə dedi ki, guya Bəxtiyar Hacıyev həmin insidentdə ona da xəsarət yetirib. Halbuki, elə hadisə günü həmin icra məmuru özü akt tərtib edib, orada özünün vurulması barədə bir kəlmə yazmayıb. Heç Ülviyyə Alovlunun da vurulduğunu yazmayıb. Elə hal yaşansaydı, yazardı. Siz o sənədin də elanına icazə vermirsiniz ki, adama suallarımızı verə bilək”.

Hakim yenə də icazə verməyib. Bəxtiyar Hacıyev məhkəmənin qərəzli davrandığını vurğulayıb:

Mən yalanlar əsasında 15 aydır həbsdəyəm. Doymuşam bu cür kukla teatrına…”.

Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi mayın 17-də davam edəcək.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Həmçinin oxuyun

Azərbaycanda sosial media platformalarına ən çox pul xərcləyən səhifələrin adı açıqlanıb

“Meta” şirkəti illik “Reklam Kitabxanası Hesabatı”nı yayımlayıb “Facebook”, “WhatsApp”, “Instagram” kimi sosial media platformalarına sahib …