Sosial şəbəkədə biz:

Azərbaycanda daha iki tiktoker həbs olunub

Azərbaycanda daha iki tiktoker həbs olunub

Sentyabrın 2-də tiktoker Xosrov Moslemi həbs olunub. O, yol hərəkəti qaydalarını pozmaq, avtoxuliqanlığa təhrik etmək, bu davranışları həyata keçirməkdə təqsirli bilinir.

Tiktoker Binəqədi Rayon Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra Moslemi məhkəmənin qərarı ilə inzibatı qaydada həbs olunub. Həbsin müddəti barədə heç bir məlumat yoxdur. 

Xosrov Moslemi avto blogerdir. O, özünün sosial media hesablarında avtomobil alqı-satqısı ilə məşğuldur.

Moslemi Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisində də iştirak edib.

Beş gün əvvəl, 29 avqustda isı “Miray” ləqəbli Aysel Mustafayeva həbs olunub. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir.

Aysel Mustafayeva 2024-cü ildə özünün sosial şəbəkəsindəki paylaşdığı videoda demişdi ki, polis idarəsində onun telefonunu əlindən alıblar.

“Mən Azərbaycan qadını olaraq Sumqayıt Şəhər Polis İdarəsi rəisi Fəqan müəllim, rəis müavini Cavidan müəllim, 4-cü bölmədə Kamran müəllim, bütün orda olan müəllimlər tərəfindən haqlı olduğum halda haqsız duruma düşdüyüm üçün, 15 gündür mənim telefonumu alıb qaytarmadıqları üçün, məlumat vermədikləri üçün, heç bir səbəb göstərmədən profillərimi sildikləri üçün, mənə jarqon ifadələr istifadə edirsən dediyinə görə mən Azərbaycan qadını olmaqdan imtina edirəm”.

Aysel Mustafayeva videosunda deyib ki, polisin psixoloji şiddətinə məruz qalıb. O dəfələrlə 102 qaynar xəttinə, Prokurorluğa, Ombudsmana müraciət etsə də, bu müraciətlər cavabsız qalıb. Bundan sonra 500 manat məbləğində cərimələnib.

“Miray” və Xosrov Azərbaycanda həbs olunan ilk tiktokerlər deyillər. 2024-cü ilin sonlarına doğru Azərbaycanda ondan çox “TikTok” istifadəçisi həbs olunub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, onlar “TikTok”da əyləncə yarışları təşkil etməklə əxlaqsızlığın təbliği ilə məşğuldurlar.

Sonradan həbs olunanların bəzilərinə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 244-1 (qumar oyunlarının təşkili) maddələrilə ittiham irəli sürülüb. Bəzilərinə isə narkotik ittihamı verilib.

“Tiktoker”lərin kütləvi həbsini hakimiyyətin sosial medialara qarşı apardığı repressiyası kimi qiymətləndirənlər, həmçinin bunun ifadə azadlığına qarşı olduğunu deyənlər də olub.

Saxlanılanlardan Vaqa” ləqəbli Vüqar Zeynalzadə, “Tosu” ləqəbli Məhərrəm Həsənov və Emin Abdullayev mayın 30-da Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

 Vüqar Zeynalzadə və Məhərrəm Həsənov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma), Emin Abdullayev isə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə) maddələri ilə təqsirli bilinirlər.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol