Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / AZAL-ın süni qiymət artımını sübut edən faktlar

AZAL-ın süni qiymət artımını sübut edən faktlar

Avropanın hansısa şəhərinə Bakıdan yox, Tiflisdən uçmaqla biletə ikiqat az pul ödəmək olar

Azərbaycanda aviabilet qiymətlərinin havada “uçması” ilə bağlı “Yeni Müsavat” dəfələrlə yazıb. Son olaraq Novruz bayramı ərəfəsində bu astronomik qiymətlər vətəndaşların diqqətini çəkdi. Çünki müqayisəli təhlil göstərdi ki, AZAL-ın monopolistliyi bu sahədə ciddi problemlərin yaranmasına səbəb olur.

 
Məsələn, vəkil Aslan İsmayılov facebook sosial şəbəkəsindəki səhifəsində bayram günlərində xaricə səfər etmək istərkən qarşılaşdığı qiymətlərdən narazılığını belə ifadə etmişdi: “Bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, AZAL  bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də AZAL-ın diktəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir. 
Novruz bayramı ərəfəsində Bakı-İstanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tiflis-İstanbul-Tiflis isə 200 avrodur. Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır”.
Hərçənd ki, bu narazılıqlarla bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “Yeni Müsavat”a açıqlamasında mövqeyini açıqlayıb və bildirib ki, şirkət birmənalı şəkildə qiymət artımına yol verməyib. Şirkət rəsmisi eyni zamanda xarici aviaşirkətlərin eyni istiqamətli uçuşlarının daha ucuz olması iddialarını da təkzib edib. Açıqlamaya diqqət: “Türkiyə Hava Yolları da eyni qiymətə uçur, biz də eyni qiymətə uçuruq. Necə onlar bizdən ucuz ola bilər? ”British Airways” aviaşirkəti də Londona eyni qiymətə uçur, biz də eyni qiymətə uçuruq. Deyirsiniz ki, vətəndaşlar Gürcüstan üzərindən uçmağa üstünlük verirlər.
Ancaq bizim təyyarələr onlardan keyfiyyətlidir, komfortludur, servisimiz yüksəkdir, uçuşlarımız təhlükəsizdir. Həmin şirkətlər bir vafli, bir də limonad verirlər, biz isə xüsusi yeməklər veririk. “Air Baltik” aviaşirkəti daha ucuz qiymətə uçur, digər şirkətlər isə ondan iki dəfə baha uçur. Ancaq ucuz uçan şirkətlərdə bir stəkan suyu belə pulla verirlər. Bizdə isə istənilən içki servis olunur. Qiymət fərqi xidmətin keyfiyyətinə görədir, bizim bütün təyyarələrimiz hamısı təzədir”.
Bugünlərdə isə sosial şəbəkədə gənc fəal, keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev maraqlı bir sxem paylaşıb. Həmin sxemdə AZAL və xarici aviaşirkətlərin bilet qiymətləri əks olunub. Qiymətlərə nəzər yetirək:
AZAL-ın reysləri ilə:
Bakı – London 736 AZN
Bakı-Frankfurt 766 AZN
Baki-Paris 594 AZN 
Baki-Moskva 443 AZN
Baki-Milan 395 AZN
Bakı-İstanbul 236 AZN 
İndi bu reyslərin Tiflis vasitəsilə baş tutma qiymətlərinə nəzər salaq:
Tiflis-London 401 AZN (LOT – şirkətin adı)
Tiflis-Frankfurt 280 LOT 
Tiflis-Paris 313 MAU
Tiflis-Moskva 253  MAU 
Tiflis-Milan 239 Alitalia 
Tiflis-İstanbul 152 Pegasus
İki tərəfə, gediş-gəliş üçün ucuz biletlərin siyahısına da nəzər salaq:
London-Oslo 31 AZN (1153 km) Ryanair
London-Köln 31 AZN(497 km) Ryanair
London-Berlin 65 AZN (932 km) Ryanair
Barselona-Amsterdam  45 AZN (1239 km) Ryanair
Bakı-Naxçıvan 100 AZN (400 km) AZAL 
 
Gördüyünüz bu qiymətlər və müqayisəli təhlil durumun necə vahiməli olduğunu bir daha sübut edir. 

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …

Bir cavab yazın