Ana səhifə / Kriminal / Azərbaycanın neft pulları hansı valyutadadır? – ARAŞDIRMA

Azərbaycanın neft pulları hansı valyutadadır? – ARAŞDIRMA

“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin sentyabr ayına olan vəsaitlərinin ümumi məbləği 35 milyard 822 milyon dollar olub. Fondun vəsaitlərinin əsas hissəsi dollarladır – 47,6 faiz”.

ARDNF-nin AzadlıqRadiosu-nun informasiya sorğusuna göndərdiyi cavabda belə deyilir.

Fond bildirir ki, vəsaitlərin 35,3 faizi avroda, 4,9 faizi funt-sterlinqdə, 3,8 faizi qızlıdadır. Yerdə qalan məbləğ isə Avstraliya dollarında, türk lirəsində, rus rublunda, Koreya vonunda, Çin yuanında, Yaponiya yenində və digər valyutalardadır.

“Büdcənin manatla ödənişlərinə görə, hərracda dollar satır”

Valyuta hərracına dollar çıxarması ilə bağlı suala cavabda qeyd edir ki, büdcələrinin böyük hissəsini manatla olan ödənişlər təşkil edir.

“ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən dollardadır. Öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır. Fond yalnız hər il üçün nəzərdə tutulmuş manatla olan xərc maddələrini icra etmək məqsədilə dollar satışını həyata keçirir”, cavabda qeyd olunur.

Neft fondunun binası

Fondda nəzərdə tutulan manatla ödənişlər büdcənin kifayət qədər böyük hissəsini təşkil edir. Fond valyuta satışının bazara təsirini azaltmaq və eyni zamanda büdcə öhdəliklərini vaxtında icra etmək məqsədilə Mərkəzi Bankla birgə addımlar atır.

Fond bu il 4,3 milyard dollar satıb

Fond əlavə edir ki, öz öhdəliklərini vaxtında yerinə yetirməkdən ötrü kifayət qədər manat ehtiyatına sahib olması şərtdir.

“Noyabrın 1-nə kimi Fond il ərzində hərraclar vasitəsilə ümumilikdə 4,3 milyard dollar valyuta satıb”, fond bildirir.

ARDNF bildirir ki, əvvəldən nəzərdə tutulan, icra edilən hansısa layihə təxirə salınmayıb.

Xərclər azaldılır…

“ARDNF-nin vəsaitlərinin artırılması məqsədilə xərclərinin tədricən azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Fondun xərclərinin böyük hissəsini dövlət büdcəsinə transfert təşkil edir. Transfertin azaldılması hökumətin növbəti illər üçün atdığı ən önəmli addımlardan biri hesab edilir. 2014-cü ildən etibarən Fondun dövlət büdcəsinə transfert ilə bağlı xərcləri tədricən azaldılır. 2013-cü ildə dövlət büdcəsinə transfertin məbləği 11 350 milyon manat təşkil edib. 2014-cü ildə bu məbləğ 9 337 milyon, 2015-ci ildə 8 130 milyon, 2016-cı ildə 7 615 milyon, 2017-ci ildə isə 6 100 milyon manata qədər azaldılıb”.

Fond hesab edir ki, xərclərin davamlı olaraq azaldılması vəsaitlərin artmasına şərait yaradacaq.

ARDNF eyni zamanda vəsaitlərinin səmərəli idarə edilməsinin əsas vəzifələrdən biri olduğunu vurğulayır.

Neft Fondu 1999-cu ilin dekabrında təsisi edilib. Bu vaxta qədər Fonda neft-qaz sazişlərindən 120 milyard dollar daxil olduğu bildirilir.

Müstəqil təhlilçilər hesab edirlər ki, bu vəsaitdən heç də effektiv istifadə edilməyib. Əks halda Azərbaycan iqtisadiyyatında geriləmə, manatın kəskin dəyər itirməsi baş verməzdi.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın