Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda xüsusi iqtisadi zona yaradılır

Azərbaycanda xüsusi iqtisadi zona yaradılır

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə altı ay müddətində:

1.1. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə Azərbaycan Respublikasında xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, bu Sərəncamın 1.1-ci bəndində qeyd olunmuş zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu Sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yaradılması təklif olunan zonanın ərazisinə dair təkliflərini, həmin ərazinin torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısını, zonanın ərazi sərhədlərinin dəqiq təsvirini və ərazinin planını, torpaqların tərkibi haqqında məlumatları, iqtisadi, sosial və ekoloji şəraitin təhlilinə, maddi və əmək resurslarına, kommunikasiyalar və digər infrastrukturla təminat imkanlarına dair məlumatları Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bir ay müddətində bu Sərəncamın 1.2-ci bəndində göstərilən tədbirlərin maliyyələşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1.3-cü bəndində göstərilən məsələlərin həyata keçirilməsi məqsədi ilə zəruri tədbirlər görsün;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 mart 2016-cı il.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …

Bir cavab yazın