Ana səhifə / Kriminal / Azərbaycanda narkotik terroru: Tanınmışlar həyəcan siqnalı çalır

Azərbaycanda narkotik terroru: Tanınmışlar həyəcan siqnalı çalır

Ölkədə narkotik tacirlərinin və aludəçilərinin sayı kəskin şəkildə artıb. Bu, son rəsmi məlumatlardan da görünür. Üstəlik, əvvəllər Azərbaycanda ən çox istifadə olunan narkotik növü marixuana olduğu halda, bu gün “patı”, “şüşə”, “kakos” kimi metamfetaminlərə daha böyük tələbat var. Bunun səbəbini qiymətlərin ucuzluğu ilə əlaqələndirənlər isə çoxluq təşkil edir.

Məsələnin ağrılı tərəfi odur ki, bu şəbəkənin qurbanları, əsasən, yeniyetmələr və gənclərdir. Həmçinin ağ ölüm artıq qadınlardan da yan keçmir. Hətta iki-üç həftə öncə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev mətbuata açıqlamasında bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satıldığını vurğuladı.

Ümumiyyətlə, hər gün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları mərkəzdə və bölgələrimizdə uyuşdurucu maddə əleyhinə əməliyyat təşkil edir, nəticədə onlarla insan saxlanılır. Lakin psixotrop maddələrin satışının və istifadəsinin qarşısını həbslə də almaq  mümkünsüz olub. Vəziyyət o yerə gəlib çatıb  ki, artıq insanlar toyuğun içərisinə “patı” doldurub həbsxanaya keçirməyə çalışırlar.

DİN-in 2021-ci ilin 1-ci yarımili üzrə təhlilində qeyd olunur ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində müəyyən edilmiş 4 066 (+1281), o cümlədən onların satışı ilə bağlı 1 428 (+515) fakt üzrə cinayətkarlardan 1 ton 843 kiloqram narkotik vasitə ələ keçirilib. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 776 kiloqram çoxdur. Bildirilib ki, bu növ cinayətləri törətmiş 2 722 nəfərin 2000-i əmək qabiliyyətli işləməyən və oxumayan, 964-ü əvvəllər cinayət törətmiş şəxs, 66-sı isə qadındır.

Ehtimallar var ki, narkotik maddələri bu gün, əsasən, Xankəndində yaşayan ermənilər xüsusi laboratoiyalarda hazırlayırlar və  İran vasitəsilə Azərbayacana göndərirlər. Bu məlumatı Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev Almaniyadakı etibarlı mənbələrə əsaslanaraq yayıb. Onun bu iddiasından sonra Türkiyə mediasının da diqqəti  sözügedən məsələyə yönəlib. Müxtəlif media quruluşlarında “Ermənilər Azərbaycan gənclərini zəhərləyir” başlıqlı yazılara yer verilib.

Azərbaycan mətbuatında da məsələ mütəmadi olaraq işıqlandırılır. Çünki hazırda ölkəmizdə kimyəvi maddələrə aludəçiliyin bu həddə çatması təbəqə fəqli olmadan insanlarımızı ciddi şəkildə narahat edir.

Mövzu barədə Yenisabah.az-a danışan Əməkdar artist Bəhram Bağırzadə çıxış yolunu narkotik tacirlərinin başlarını keçəl qırxıb, satdıqları maddələri onların başlarına sürtməkdə və bir həftə ac-susuz saxlamaqda görür:

“Qoy camaat da onları tanısın, daha sonra isə ən azı 15 il həbs cəzası alsınlar!  Bunu tətbiq etdikdən sonra inanın ki, Azərbaycanda 80 faiz narkotik istifadəçiləri azalacaq. Mən çıxış yolunu bu cür görürəm. Valideynlərə nəyisə demək lazım deyil, polisə demək lazımdır. Bunu vaxtında eləmək lazım idi, asqırıb indi oyanıblar. 10 ildir guya narkotik satanlar yox idi? Noldu, indi ayıldılar?! Onları satmağa başlayanda vaxtında tutmaq lazım idi, camaat narkoman olandan sonra yox!”

Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov isə məsələyə tibbi aspektdən yanaşaraq vurğulayıb ki, narkotik gələcək nəsillərin kəsilməsinə və ya uşaqların anormal dünyaya gəlməsinə səbəb olacaq:

“Bəzi ölkələrdə narkotik aludəçiliyini aradan qaldırmaq üçün müəyyən tədbirlər görülür. Məsələn, Hollandiyada narkomanlar üçün kiçik otaqlar yaradılıb. Onlar narkotik qəbul etmək istədikləri zaman həmin otaqlarda saxlanılırlar və 3-4 saat sonra həmin yeri tərk etmələrinə icazə verilir. Son zamanlar tərkibində kimyəvi maddələr olan sintetik narkotik maddələr yayılıb. Bunlar gələcəkdə insanların geninin dəyişməsinə də səbəb ola bilər. Qadınların narkotik vasitə qəbul etməsi daha qorxuludur. Onlar gələcəkdə övlad sahibi olmaya bilərlər. Narkomaniyaya qarşı yalnız dövlət və ya polis mübarizə aparmamalıdır. Bütün cəmiyyətimiz mübarizəyə qoşulmalıdır ki, gəncliyimizi, gələcəyimizi xilas edə bilək”.

Tokio-2020-də gümüş medal qazanan Azərbaycanın məşhur güləşçisi, dünya çempionu Hacı Əliyev narkotikin gəncləri uçuruma apardığını deyib:

“Təəssüf ki, gənclər uçurumun bir addımlığına gəlib çatırlar və bir də görürlər ki, çox gecdir. Bu gənc yaşlarında daha yaxşı işlərdən faydalanmalıdırlar. Narkotiklə bağlı məsələlərin qarşısı sözsüz ki, alınır. Lakin mən istərdim ki, valideynlər öz övladlarına vaxt ayırsınlar, onlarla maraqlansınlar. Məktəbə, universitetə gedən uşaqları partilərə, ad günlərinə göndərən zaman daha diqqətli olsunlar. Bu fikirlər səsləndirilən zaman deyirlər ki, avropalaşmışıq. Baxın, budur avropalaşmaq. Hər kəs övladına nəzarət etməlidir”. 

Qadınların “Patı” satışı ilə məşğul olmasına münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə onların bunu ehtiyaclarını ödəmək üçün etdiyini söyləyib: “Onların özləri asılı vəziyyətinə düşürlər. Ona görə də satışla məşğul olurlar ki, öz ehtiyaclarını ödəsinlər. Bu həm də sosial-psixoloji vəziyyətdir. Təkcə cinayət məsələsi deyil”.

Yenisabah.az-a açıqlama verən tanınmış psixoloq Azad İsazadə isə ilk əvvəl profilaktik tədbirlərin vacibliyindən söz açıb: “Narkotikə qarşı hüquq-mühafizə orqanlarının görməli olduğu iş azdır. Onların gördüyü işlər hadisə baş verəndən sonra həyata keçirilir. Təzə yaranmış sintetik narkotiklərlə bağlı təhlükəli məqam odur ki, gənclər arasında belə bir fikir yaranıb, guya istifadə etdikləri şey narkotik deyil, sadəcə adamın əhval-ruhiyyəsini qaldırır. Düşünürlər ki, istənilən vaxt onu dayandıra bilərlər. Deməli, söhbət profilaktika və təbliğatdan gedir. Bu yanaşmaya qarşı təbliğat bu gün praktiki olaraq yoxdur. 

Peşəkarlar, ekspertlər, həkimlər, psixoloqlar vəziyyəti mətbuatda mütləq izah etməlidirlər və “patı”nın mənfi tərəfləri cəmiyyətə göstərilməlidir.  Çünki bu narkotikin əks göstəriciləri həddən artıq ciddidir, onun yaratdığı asılılıqla mübarizə aparmaq çox çətindir”.

Həmsöhbətimiz hesab edir ki, istifadəçilərin sayının müharibədənmi, yoxsa pandemiyadanmı sonra daha çox artdığını müəyyənləşdirmək isə bir qədər çətindir: “Çünki pandemiya passivlik yaratdı. İnsanlar heç yerə gedə bilmədilər və çıxışı narkotikdə gördülər. Sözsüz ki, mövcud duruma müharibənin də təsiri olub, amma birbaşa olduğunu deməzdim, çünki müharibə qələbə ilə nəticələndi və ümumi əhali arasında əhvali-ruhiyyə yüksək səviyyədə oldu. Amma qazilər, yaxınlarını itirən adamlar arasında, bəlkə də, kimlərsə narkotikdən istifadə etməyə başlayıblar. Bunu dəqiq demək üçün isə ortada araşdırmalar yoxdur. Sadəcə versiya irəli sürə bilərik”.

Azad İsazadə narkotikin məqsədli yayıldığını diqqətə çatdırıb: “Narkotik alveri beynəlxalq mafiyanın nəzarəti altındadır, onlar yeni bazarlar açmaq və satış yerlərini genişləndirməkdə maraqlıdırlar. Beynəlxalq mafiyanın arxasında hansısa orqanların dayanıb-dayanmadığı da maraqlı məqamdır. Biz hazırda ölkəmizə xarici təsirin olduğunu deyə bilərik, hansısa qonşu dövlətin bu işdə marağı ola bilər, amma bunu xüsusi orqanlarımız araşdırmalıdır. Ümumiyyətlə, narkotik istifadəsinin yayılmasında xarici təsir çox populyar versiyadır. Məsələn, ABŞ-ı Əfqanıstandan heroin gətirib yaymaqda günahlandırıblar, Argentinadakı Rusiya səfirliyində 10-20 çamadan kokain tapılıb və s.”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …