Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycanda bankla məhkəmənin sensasion fırıldağının sübutu

Azərbaycanda bankla məhkəmənin sensasion fırıldağının sübutu

Azərbaycanda məhkəmə və bankın vətəndaşı aldatmasının yeni təfərrüatları üzə çıxıb. Xəbər verdiyimiz kimi, məhkəmə vətəndaşın xeyrinə çıxardığı qərarı bir neçə gün sonra bankın xeyrinə dəyişib. İndi isə məlum olur ki, Mərkəzi Bank da vətəndaşı haqlı hesab edir.

Bağırov Hüseynalı Əmir oğlu 2012-ci ildə maşın almaq üçün bank VTB (Azərbaycan) ASC-dən 33 min 663 dollar kredit götürüb. 2 il krediti vaxtı-vaxtında ödəyib. Devalvasiyadan sonra Hüseynalı Bağırovun səhhətində də problem yaranıb və ödənişlərdə fasilə edib.

2015-ci ilin 21 fevral tarixinə qədər H.Bağırovun banka 9 min 749 dollar borcu qalıb.

Borcun qalan hissəsini ödəyə bilmədiyi üçün bank VTB Abşeron Rayon Məhkəməsinə müraciət edib. VTB bank borcun 13 min 591 dollar olduğunu məhkəməyə bildirib və H.Bağırovdan həmin məbləğin xeyrinə tutularaq ödənilməsini tələb edib.

Maraqlıdır ki, H.Bağırovun banka olan əsas borcunun 9 min 749 dollar olduğu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən də təsdiq edilib. Ekspertizanın rəyində də bu öz təsdiqini tapır.

Qalmaqallı işlə bağlı məlum olan yeni təfərrüat belədir ki, bankın haqsız olduğunu Mərkəzi Bank da təsdiq edib.

“Mərkəzi Bankın məlumat bazasında sizin 10 min dollardan çox borcunuzun olduğu göstərilir. Amma ekspertiza rəyi sizin xeyrinizədir. Ali Məhkəməyə müraciət edin, üçüncü tərəf kimi də Mərkəzi Bankı göstərin. Məhkəmədə Mərkəzi Bank sizin ekspertiza rəyini təsdiqləsin. Qərar sizin xeyrinizə olduğu halda Mərkəzi Bank da dövlətə müraciət edəcək və sizə kompensasiya ödəniləcək” – deyə Mərkəzi bankdan H.Bağırovun müraciətinə cavab olaraq bildirilib.

Bundan başqa bankın bu işdəki qanunsuzluğu başqa bir sənədlə də üzə çıxıb. Belə ki, bank müştəriyə təqdim etdiyi iki ödəniş cədvəlində fərqli rəqəmlər göstərib. Birinci cədvəldə məbləğ 36 aylıq ödənişə görə 42 min 584 dollar göstərilib.

Lakin ikinci cədvəldə isə 37 aylıq ödəniş üzrə rəqəm 41 min 241 dollar olaraq göstərilib.

Bank müştəriyə təqdim etdiyi ikinci ödəniş cədvəlini rəsmi olaraq təsdiqləməyib. Buna bankın problemli kreditlər şöbəsinin müdiri icazə verməyib.

Xatırladaq ki, bu qalmaqallı işlə bağlı Abşeron Rayon Məhkəməsi borcu H.Bağırova məxsus “Hundai Santafe” markalı avtomobilə yönəldərək avtomobilin hərrac yolu ilə satılması barədə qərar qəbul edib. H.Bağırovun məhkəmə prosesinin gedişindən xəbəri olmayıb. Sadəcə qərar elan edilib, ona göndərilən zaman bundan xəbər tutub.

Bundan sonra H.Bağırov Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. H.Bağırov məhkəməyə müraciətində göstərib ki, banka olan borcu 13 min 591 dollar yox, 9 min 749 manatdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadənin icraatında olan iş araşdırılıb.

H.Bağırov göstərib ki, ölkədə baş verən devalvasiyalardan sonra ölkə prezidentinin fərmanı ilə dollar kreditlərinə güzəşt edilib. Onun kredit borcu da 10 min dollardan az olduğu üçün fərmanın əhatə dairəsinə daxildir. Yəni, ona da kompensasiya verilməlidir. Lakin bank kredit borcunu 13 min dolar göstərərək H.Bağırovun güzəştin təsiri altına düşməsinə əngəl olublar.

İşin əl ilginc və sensasion hesab edilən tərəfi isə Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadıdır.

Belə ki, hakim Gülnarə Tağızadə yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, H.Bağırovun xeyrinə qərardad çıxarıb.

14 oktyabr 2019-cu ildə çıxarılan qərardadda yazılır ki, avtomobil H.Bağırovun özünə qaytarılmalıdır və qərardaddan şikayət verilə bilməz.

Bu qərar elan edildikdən sonra H.Bağırov avtomobilini geri almaq istəyib. Amma məlum olub ki, məhkəmə qərardadı dəyişib.

Bir həftə sonra – 21 oktyabr 2015-ci ildə çıxarılan qərardada isə yazılır ki, H.Bağırova məxsus avtomobilə həbs qoyulmalı və bank VTB-yə verilməlidir. Ekspertlər məhkəmənin bu qərarın ciddi qanun pozuntusu olduğunu bildirirlər. Musavat.com

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …