Ana səhifə / Kriminal / Azərbaycanda ərzaq qiymətləri niyə qalxıb?

Azərbaycanda ərzaq qiymətləri niyə qalxıb?

Azərbaycanda son bir neçə gündə müxtəlif ərzaq mallarının qiymətinin qalxması əhali arasında narazılıqla qarşılanıb.

Bizə yazan oxucularımız mağazalarda əsasən çay, şəkər, süd, yumurta və yuyucu tozlarının qiymətlərinin artmasından şikayətçidir.

Ekspertlər qiymət artımının fevral ayında manatın qiymətinin Milli Bank tərəfindən ucuzlaşdırılmasından sonra gözlənilən olduğunu bildirirlər.

“Qiymətlər daha da artacaq”

Aqşin Mikaylov adlı oxucumuz, bir neçə gün əvvəl marketlərdən birində iki gün ardıcıl bazarlıq edib. O bir gecədə məhsulların qiymətində 12-15 qəpik artım hiss edib.

“Çox işlənən çay, yağ, yuyucu tozunun qiymətini qaldırıblar. Belə baxıram vəziyyət heç də yaxşı olmaya bilər”, Kama Tahirova adlı istifadəçimiz deyib.

Mağazalardan birində işləyən və adının çəkilməsini istəməyən satıcının dediyinə görə, çayların qiymətində növündən asılı olaraq 15-45 qəpiyə qədər artım var. Milla südü 20 qəpik, toyuq 30 qəpik, yuyucu toz 55 qəpik, qazlı içkilər isə 10-15 qəpik baha satılır. Onun sözlərinə görə, alıcılar əsasən yuyucu tozun qiymətinin qalxmasından narahat olub.

İqtisadçı Natiq Cəfərli deyir ki, devalvasiyadan sonra Azərbaycanda inzibati üsullarla qiymətin tənzimlənməsi yolu seçilib. Bu da heç bir iqtisadi əsası olmadan, qiymət artımının qarşısının alınması demək idi.

“Qeyri rəsmi məlumatlara görə, iş adamları ilə dövlət arasındakı razılığa əsasən, şirkətlər Avropa Oyunlarına qədər qiymətləri qaldırmayacaq, əvəzində dövlət bir müddət sonra onlar üçün müəyyən güzəştlər tətbiq edəcəkdi. Amma bu belə olmadı və şirkətlər də öz ziyanına işləməyə davam edə bilməzdi”, iqtisadçı deyir.

Onun sözlərinə görə, qiymətlərin artması ona görə labüd idi ki, “şirkətlərdən qiymətləri sabit saxlamaq” tələb olunsa da, nə gömrükdə, nə vergidə, nə də ki, digər dövlət strukturlarında onlara güzəştlər olmadı.

Cənab Cəfərli deyir ki, Azərbaycanda yerli məhsul istehsalında belə istifadə olunan xammal da xaricdən gətirilir. Manatın qiymətinin düşməsi də xammalın gətirilməsinin baha başa gəlməsi deməkdir.

“Azərbaycanda hazırda ən çox satılan yerli məhsullardan biri çaydır. Azərbaycan çayı adında 10-larla müxtəlif məhsullar satışa çıxarılır. Amma ölkədə bu qədər çay istehsal edilmir. Yerli şirkətlər 4-5-ci növ çayı xaricdən alaraq, burada qablaşdırır və bazara çıxarır. Manat dəyərdən düşdüyünə görə, xammal da bahalaşıb. Eyni vəziyyət süd məhsulları sahəsində də var”, deyən iqtisadçı qiymət artımının daha da sürətlənəcəyi qənaətindədir.

Natiq Cəfərli bu vəziyyətin sosial gərginliyi artıra biləcəyini də qeyd edir. Onun sözlərinə görə, Avropa Oyunları bitəndən sonra hazırda ölkədə işsizlərin də sayı artıb.

Həmçinin oxu: Avropa Oyunları Azərbaycana neçəyə başa gəlib?

“Ötən ilin sonunda iş yerlərinin azalması müşahidə olunsa da, bu ilin iyunundan sonra bu proses artdı. Avropa Oyunları zamanı minlərlə insan iş yeri tapmışdı. Onlar tikintilərdə, xidmət sahəsində çalışırdılar. İndi isə onların böyük əksəriyyəti işsizdir. Son məlumatlara görə, tikinti sahəsində ciddi işçi ixtisarları var. Hətta dövlət orqanlarında da ixtisarların olacağı iddia edilir”, o bildirir.

“Qiymətlərə nəzarət olmalıdır”

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov fevral ayında baş verən devalvasiyanın qiymət siyasətində problem yaratdığını deyir. O bildirir ki, İqtisadi İnkişaf nazirliyi dövlət başçısının göstərişinə uyğun olaraq müəyyən müddət qiymətləri qoruyub saxlamağa çalışıb, amma hazırda regionda gedən proseslər buna mane olub.

“Qonşu dövlətlərdə də devalvasiya gedir. Turkiyədə, Rusiyada, hətta Qazaxıstanda milli valyuta kəskin dəyərdən düşdü. Biz də müəyyən məhsulları xaricdən idxal etdiyimiz üçün, bu qiymətlərə təsir etdi”, millət vəkili deyir.

Cənab Əhmədov əhalinin maaş artımı ilə məhsulların qiymət artımı arasında son vaxtlar kəskin fərq yarandığını da qeyd edir. Onun sözlərinə görə, əhalinin vəziyyətini, yaşayış səviyyəsini nəzərə alsaq, alıcılıq qabiliyyətinin olması üçün qiymətlərə nəzarət mexanizmi olmalıdır.

Millət vəkili onu da deyir ki, bu vəziyyətdən istifadə edərək süni yolla qiymətləri qaldıranlar da var və İqtisadi İnkişaf nazirliyi buna nəzarət etməlidir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qiymət artımı barəsində bəyanat yayaraq, istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdiyini bildirib.

Məhsulların qiymətinin qalxmasında əsasən süd məhsulları istehsal edən Milla firmasının, Procter&Gamble Azərbaycan Servisləri MMC-nin və Azərsun Holdinqin adı çəkilir.

Bu firmaların, malların qiymətini 35 faizədək qaldırdığı iddia edilir.

Azersun nə deyir?

Azərsun və Procter & Gamble Azərbaycan Servisləri MMC bu iddiaları qəbul etmir.

Azərsun Holdinq məhsullarının qiymətini 35 faiz yox, təxminən 10 faizədək qaldırdığını bildirib. Onlar baş verənləri dünya bazarında olan trendlərlə əlaqəndiriblər.

“Çində yuanın devalvasiyasından sonra dünyada da artımlar, azalmalar var. Yəni qiymət artımını sırf Azərbaycanla bağlamaq doğru olmazdı. Dünyada iqtisadi böhran yaşanır. Rusiyada rublun başına gələnləri görürsüz….Qiymət dəyişmələri 10 faizə qədərdir. Elə məhsul var 3, elə məhsul var 5, elə məhsul var məcbur qalıb 10 faiz artırmışıq”, bunu holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Azadlıq Radiosuna müsahibəsində deyib.

Procter&Gamble Azərbaycan Servisləri MMC isə mətbuata açıqlamasında məhsullarında olan qiymət dəyişikliyinin 15%-i aşmadığını deyib.

“Mağazaların rəflərində olan qiymətlər pərakəndə satıcıların mülahizəsinə əsasən təyin edilir və P&G heç bir halda müştərilərin, pərakəndə satıcıların qiymətləndirmə ilə bağlı qərarlarına təsir etmir”, şirkət bildirib.

Fevralın 21-də Mərkəzi Bank Azərbaycan milli valyutanın devalvasiyasını həyata keçirərək 1 Azərbaycan manatının rəsmi məzənnəsinin 1.05 ABŞ dollarına bərabər olduğunu elan edib. Bu, manatın 33 faizdən çox qiymətdən salınması demək idi.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın