Azinforum.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov məlumat verib.

Yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən İ.Orucov bildirib ki, istehsalın artırılması məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlər verilib.

“Fındıqçılıq ölkəmizə valyuta gətirən sahədir. Azərbaycan həm də dünyada dördüncü fındıq ləpəsi ixracatçısıdır. Belə ki, ötən ildə ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. İxracımız əsasən İtaliya, Rusiya və Almaniyayadır. Ümumilikdə, keçən il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik”, – deyə Assosiasiya sədri qeyd edib.

Onun sözlərinə görə, dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi və yeni bağların salınması fındıq istehsalının və ixracının artmasına böyük töhfə verəcək.

İsmayıl Orucov fındıqçılığın inkişaf etdirilməsi üçün əsas istehsal bölgələrində laboratoriyaların açılması, laborator analizlərin aparılmasının təkmilləşdirilməsi, fındıq bağlarının genişləndirilməsi üçün istehsalçılara güzəştli kreditlərin artırılması, ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin əlavə olunması, fındıq ixracı ilə bağlı prosedurların sadələşdirilməsi və sürətləndirilməsi, fındıqçılıq sahəsində yüksək ixtisaslı aqronom və texnoloqların formalaşdırılması kimi təkliflər irəli sürüb.