Ana səhifə / Kriminal / “Azərsun” – iqtisadi sabotaj məkanı: xalqın halına belə yanırlar?

“Azərsun” – iqtisadi sabotaj məkanı: xalqın halına belə yanırlar?

Uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş verən birinci devalvasiyada manat 34,6 faiz, dekabrın 21-də isə 47,6 faiz ucuzlaşmaya məruz qaldı. Manatın dollar qarşısında dəyərsizləşməsi ölkədə bahalaşma dalğasına rəvac verdi. İlk devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarında real olaraq 20-25 faizlik bahalaşma müşahidə edildiyi halda, ikinci şok devalvasiya məhsulların qiymətinin 30-50 faiz arasında artımına gətirib çıxarıb.Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən olan “Azersun Holding” MMC-nin məhsullarında da kəskin bahalaşma hiss olunur. Bahalaşma şəkər, qənd kimi məhsullarda o qədər də hiss edilməsə də, kərə və bitki yağları, çay, şirniyyat kimi qida, quşçuluq məhsullarında, xüsusilə yumurtada, kimyəvi və yuyucu toz məhsullarında özünü aşkar biruzə verir.
“Azersun Holding” MMC İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az saytına bahalaşmanı təsdiq edərək, müvafiq açıqlama verib:“Xalqın halına yanan tərəf varsa, o da bizik. Biz başqaları kimi asan qazanc əldə etmək yolunu tutmamışıq. Məhsulu xaricdən hazır gətirib bazara çıxarmırıq. Biz Azərbaycan torpaqlarında əkib-becərməklə, müəssisələr quraraq vətəndaşları işlə təmin etmək yolunu tutmuşuq.
Nəzərə alın ki, ölkədə istehsal etdiyimiz məhsulları xaricdən hazır alıb yalnız bir əməliyyat etməklə kifayət qədər gəlir əldə edə bilərik. Biz isə buna getmirik. Biz 100 milyon dollara yaxın sərmayə qoyub zavodlar tikmişik, 2-3 minə yaxın insanı işlə təmin etmişik. Həm də nəzərə alın ki, buna baxmayaraq biz xamalın 80-90 faizə yaxınını xaricdən alırıq. Çünki ölkədə xammal ehtiyatı formalaşmayıb. Buna görə də xammalı xaricdən valyuta ilə alırıq”. Maraqlı aşıqlamadır və bu açıqlama ilə bağlı “Azərsun”un “xalqın halına yanan” tərəflərini araşdırdıq. Ortaya fərqli mənzərələr çıxır. Azərbaycanda son bir neçə ayda, yəni manatın son devalvasiyasınadək şəkər tozunun qiyməti 15 faizə qədər bahalaşıb.

Halbuki, bu ilin dekabr ayının sonunda dünya bazarında şəkər tozu 62 sentə, iyul ayının 1-nə isə 53 sentə olub. Praktiki olaraq, son bir ildə dünya bazarında şəkər tozunun qiyməti 15 faiz ucuzlaşıb. Azərbaycan bazarında şəkər tozunun tək hegomonu “Azərsun”dur. Monopolist mövqeyə malik şirkət kimi “Azərsun” qiymətləri bazara diktə edir və istədiyi vaxt qiymətləri qaldıra, yaxud da aşağı sala bilir. Çünki bazarda rəqabət yoxdur. Faktiki olaraq, şəkər idxalına ölkədə qeyri-rəsmi qadağa və kənar şirkətlər şəkər idxal edə bilməz.
Sirr deyil ki, bir sıra məhsullar var ki, onların inhisarçısı məhz “Azərsun”dur. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, “Azərsun”un mal təqdim etdiyi xırda şirkətlərin xərci daha da artıb: “Azərsun” inhisarçı şirkət olduğuna görə devalvasiya ona daha az zərbə vurur.

Ən çox ziyan çəkənlər isə kiçik şirkətlərdir. Deməli, “Azərsun” mallarının qiymətini 15-17 faiz arası qaldırırsa, digər şirkətlər daha çox bahalaşmaya getməyə məcburdur. “Azərsun”un məhsullarının qiymətini təxminən devalvasiyanın yarısı qədər qaldırması səbəbi onunla bağlıdır ki, bu şirkətin daxili istehsalı var.
Amma sual oluna bilər ki, daxili istehsal varsa, nəyə görə qiymətlər qaldırılır?
“Azərsun” özlərinin dediyi kimi “100 milyon dollara yaxın sərmayə qoyub zavodlar tikibsə” onda xaricdən alınan xammallar nəyə gərəkdir?
Devalvasiyadan sonra qiymət artımına məcbur qaldığını deyən şirkət öz əməkdəşlarının sosial durumunu nə dərəcədə qoruyur?
Ölkənin ərzaq monopolisti olan “Azərsun”un vergi işləri nə yerdədir?..

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın