Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycanın xarici borcu bu il daha da artacaq

Azərbaycanın xarici borcu bu il daha da artacaq

“Azərbaycanın sürətlə artan xarici borcu çox ciddi problemə çevrilməkdədir”. Bu sözləri iqtisadçı Rövşən Ağayev sosial şəbəkədəki səhifəsində yazıb. 
O bildirib ki, 2015-2016-cı illərdə xarici dövlət borcu 25%-ə yaxın artıb, xarici borcun ÜDM-də payı 7.5%-dən 21%-dək yüksəlib: “Borcalmanın şərtləri ağırlaşdığından artan borclar əsasən qısamüddətli – 10 ilə qədər olan borclardır. 2014-cü ilin sonlarında bütün xarici borcların cəmi 7%-i 10 ilədək idi, hazırrda isə borcların 50%-i 10 ilədək olan borclardır”.
R.Ağayev onu da qeyd edib ki, ən son statistikaya görə, 2025-ci ilədək qaytarılmalı xarici borclarımız 4 milyard dolları ötür. Onun fikrincə, hökumətin sürətli borclanma ehtiyacı nəzərə alınsa, yaxın zamanlarda bu məbləğin daha da artacağını proqnozlaşdırmaq olar.
Qeyd edək ki, ölkə başçısı da sonuncu çıxışında  borclanmanın müsbət bir hal olmadığını və xaricdən kreditlərə çox meyl göstərməməyin  əhəmiyyətini qeyd edib: “İndiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyl göstərmirik. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu, artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik”.
İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında ölkənin xarici borcunun artmasını mənfi tendensiya kimi qiymətləndirib: “Mərkəzi Kəşfiyyat İdarəsi 31 dekabr 2016-cı il tarixində Azərbaycanın ümumi xarici borclarının həcmini açıqlayıb. Bu açıqlamaya görə, Azərbaycanın 12 milyard 650 milyon borcu var. Maliyyə nazirliyinin özünün hesabatına görə, dövlət zəmanəti ilə alınan və dövlətin özünün götürdüyü borcların həcmi 7,6 milyarda yaxındır. Müxtəlif  hesablamalara görə, Azərbaycanda dekabr ayında da güclü borclanma gedib.  Dekabr ayında ölkəmizlə Asiya İnkişaf Bankı arasında 1,5 milyard dollarlıq kredit  müqaviləsinin imzalanması haqqında razılığa gəlinib. Bu da xarici borc həcminin artmasına gətirib çıxaracaq”.
R.Həsənovun sözlərinə görə, borcun artmasının əsas səbəbi iri enerji layihələrinin maliyyələşdirilməsidir: “Xüsusilə dövlət zəmanəti ilə alınan borcların artmasının əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan neft gəlirlərinin yüksək olduğu dövrdə öz üzərinə iri layihələrin maliyyələşdirilməsi ilə bağlı məsuliyyət götürüb. Son borclanmalar da məhz bu istiqamətdədir. Həm Asiya İnkişaf Bankı, həm də Dünya Bankı ilə danışıqlar bu məcrada davam edir. Cənub Qaz Dəhlizi layihəsinin, TAP və TANAP-ın tikintisinə hədəflənmiş borclanmanın artacağı ehtimalı yüksəkdir. Çünki Azərbaycanın bu istiqamətdə öhdəliyi təxminən 25 milyon dollar həcmində qiymətləndirilir. Hazırki gəlirlər dövründə Azərbaycan bu öhdəliyi yerinə yetirmək üçün borclanmalıdır. Hökumətin bugünə qədərki davranışlarının təhlili də onu göstərir ki, bundan sonra da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə cəhd göstərəcək. Hansısa formada bu layihələrdən geri çəkilməyəcək. Bu isə sonrakı dövrdə  ölkənin borc vəziyyətinin ağırlaşmasına gətirib çıxaracaq”.
İqtisadçının sözlərinə görə, hazırda xarici borcun ÜDM həcmində payının artmasının səbəblərindən biri borc həcminin artmasıdırsa, ikinci səbəb manatın devalvasiyasından sonra ÜDM həcminin dollar ifadəsində kifayət qədər kiçilməsidir: “Bu proses 2017-ci ildə də davam edəcək. Eyni zamanda bununla paralel olaraq borclanma da davam edəcək. Bu da ona gətirib çıxaracaq ki, Azərbaycanın dövlət zəmanətli xarici borcunun həcminin ÜDM-dəki payı 35 faizi keçəcək. Dünyada bundan da pis göstəricilər var. Ən pis göstəricilərə malik olan ölkələrdən biri Yunanıstandır. İtaliyanın hazırda bu istiqamətdə çox ciddi problemləri var. Bu ölkələrdə borc məbləği il ərzində yaradılan əlavə dəyərdən artıqdır. Eyni zamanda adambaşına düşən borcun müqayisəsini aparsaq, dünyada bu göstəricinin ən yüksək həddi Lüksemburqdadır, orada adambaşına 5700 dollar borc düşür”.
Xarici borcun ÜDM-dəki payı ilə bağlı xarici ölkələrin vəziyyətinə toxunan iqtisadçı Azərbaycanda da durumun ürəkaçan olmadığını vurğuladı: “Lakin bu o demək deyil ki, Azərbaycanda vəziyyət yaxşıdır. Azərbaycanda vəziyyətin geriləməsi fonunda, bir çox hallarda cəlb olunan borcların təyinatından kənar xərclənilməsi bu vəsaitlərin qaytarılmasına çətinlik yaradır. Təyinatından kənar xərclənən vəsaitlər sonradan ölkə vətəndaşları və dövlət büdcəsi üçün də əlavə yük formalaşdırır. Bu baxımdan narahatlığa əsas var. Nəzərə alsaq ki, borcların qaytarılması tempi də artıb. Yaxın illərdə 4 milyarda yaxın vəsaitin qaytarılması Azərbaycanın valyuta bazarına da öz təsirini göstərəcək. Hazırda ölkənin tədiyyə balansında çətinlik yaradan  amillərdən biri də dövlət borclarının yerinə yetirilməsi ilə bağlı valyuta bazarında alışın həyata keçirilməsidir. 2017-ci ilin dövlət büdcəsinə baxsaq bu istiqamətdə təxminən 900 milyon ABŞ dollarına yaxın alış olub. Bu kifayət qədər böyük rəqəmdir. Növbəti dövrlərdə bu rəqəmin artması gözlənilir. Bu da manat üzərində təzyiqlərin artmasına gətirib çıxara bilər. Bu mənada borclanmanın neqativ təsirləri gözləniləndir”.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın