Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Kriminal / Azərbaycanın iki rayonunda toyda baş vermiş zəhərlənmə ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanın iki rayonunda toyda baş vermiş zəhərlənmə ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri İsmayıllıda baş vermiş zəhərlənmə ilə bağlı birgə məlumat yayıb.

Daxil olan məlumatda bildirilib ki, avqustun 27-də İsmayıllı rayonunun Qəzli qəsəbə sakini Müşfiq Hüseynov yaşadığı evin həyətində oğlu üçün təşkil etdiyi kiçik toy məclisində iştirak edən şəxslərdən 33 nəfəri (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

Rayon Polis Şöbəsi və prokurorluğunun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Fakta bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, səhhətləri pisləşmiş şəxslər dərhal rayon mərkəzi xəstəxanasına müraciət etmiş və ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

*   *   *12:46

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Virtualaz.org-a daxil olan birgə məlumatda bildirilir ki, avqustun 25-i Şəki şəhərində yerləşən “Firuzə” şadlıq sarayında keçirilmiş toy məclisində iştirak edən təxminən 400 nəfər qonaqdan 57 nəfəri (24-ü qadın, 1-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

Rayon Polis Şöbəsi və prokurorluğu əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə polis şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilməklə evə buraxılıblar.

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Məlumatda o da vurğulanır ki, qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Həmçinin oxuyun

Əcnəbilərin törətdiyi cinayətlərin statistikası açıqlandı

2020-ci ilin yanvar-iyun aylarında əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 163 cinayət hadisəsi törədilib. …