Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanın da səhmdarı olduğu 100 milyard dollarlıq bank fəaliyyətə başladı

Azərbaycanın da səhmdarı olduğu 100 milyard dollarlıq bank fəaliyyətə başladı

Çinin paytaxtı Pekində Azərbaycanın da təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) açılış mərasimi keçirilib.

Banka üzv olan 57 ölkədən nümayəndələrin qatıldıqları tədbirdə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin bildirib ki, AİİB-in yaradılması Asiya regionu üçün tarixi hadisədir. O, yeni maliyyə qurumunun Asiya regionunda, o cümlədən tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi əməkdaşlığın inteqrasiyasına töhfə verəcəyinə inandığını deyib.

Tədbirdə Koreya Respublikası və Lüksemburq nümayəndə heyətlərinin rəhbərləri, AİİB-in prezidenti Cin Liçun çıxış edərək AİİB-in fəaliyyətinin infrastruktur layihələrini maliyyələşdirməklə regionun inkişafında yeni mərhələnin açılmasına töhfə verəcəyini deyiblər. Bildirilib ki, AİİB infrastruktur, enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, habelə təhsil və səhiyyə layihələrini maliyyələşdirəcək.

Sonra banka üzv olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri AİİB-in fəaliyyətə başlamasını bildirən rəmzi düyməni sıxıblar.

Azərbaycanı mərasimdə ölkəmizin Pekindəki səfirliyinin müşaviri Mətin Mirzə təmsil edib.

Qeyd edək ki, Azərbaycan AİİB-in yaradılması təşəbbüsünü dəstəkləyən ölkələrdən biri olub. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankında təsisçi kimi iştirakı məsələsi reallaşıb. Beləliklə, ölkəmiz yeni yaradılan beynəlxalq maliyyə qurumunun təsisçilərindən biri olub. Ötən il iyunun 29-da Pekində AİİB-in yaradılması haqqında Sazişin imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov imzalayıb.

Mənzil-qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib. Bunun təxminən 75 faizini Asiya ölkələri təmin edəcək. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir. Bankda Asiyadan 34, Avropadan 18, Afrikadan 2, Okeaniyadan 2, Cənubi Amerikadan 1 dövlət təmsil olunur.

Bankın səhmdarları bunlardır:

Çin – 26,06%;
Hindistan – 7,5%;
Rusiya – 5,92%;
Azərbaycan – 0,25% (245,1 mln. dollar).

Azərtac

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın