Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Azərbaycanın 16 vətəndaşı onlara qarşı dələduzluq etmiş şəxsin həbsini tələb edir

Azərbaycanın 16 vətəndaşı onlara qarşı dələduzluq etmiş şəxsin həbsini tələb edir

Azərbaycanın 16 vətəndaşı – taxta-şalban biznesi ilə məşğul olan iş adamları dələduzluqda ittiham olunan Qədim Ədilov həbs edilməsini tələb edirlər. Qədim Ədilovun əməlindən zərərçəkmişlər Baş Prokurorluqda olub, onun azadlıqda qalmasına etirazlarını bildiriblər. Onlar Qədim Ədilov barəsində tədbir görülməyəcəyi təqdirdə Prezident Adminstrasiyası qarşısında da aksiya keçirəcəklərini deyirlər. 

“Azəri AQA” MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşlardan 2 milyon manata yaxın pul alıb mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var. Q.Ədilov C.Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib. Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə mayın 3-də təqdimata baxaraq Q.Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Sonradan isə Q.Ədilov azad olunub. 

Qeyd edək ki, Q.Ədilov bundan əvvəl dələduzluq əməllərini ört-basdır etmək üçün özünü “MTN işi”ndə zərərçəkən kimi təqdim etməyə çalışsa da, istintaq onu zərərçəkən kimi tanımayıb. Hələ 2017-ci ildə bir qrup sahibkar baş prokuror Zakir Qaralova, ölkə rəhbərliyinə Qədim Ədilovun əməlləri ilə bağlı müraciət ünvanlamışdılar. Həmin müraciətdə sahibkarlardan bir qismi – Məmməd Cəfərov, Natiq Hümbətov, Rövşən Məhərrəmov və Xaləddin Yusibov Qədim Ədilov tərəfindən aldadılaraq bütün pullarının, əmlaklarının əllərindən alındığını yazırdılar. 

Sitat: “Diqqətinizə çatdırmaq istəyirik ki, Qədim Ədilov bir mənzili 2-3 adama satan mənzil dələduzlarını çox arxada qoyub. O, 2014-cü ildə hər bir vaqon taxta məhsulunu 8 adama ”sataraq” pulları mənimsəyib və nəticədə heç kəsə heç bir mal vermədən bizlərin hər birinə 100 min dollardan 200 min dollara qədər “atıb”. İnşaat malları bazarında sadəcə 7 nəfərin 750 min dollar, ümumilikdə 10-15 nəfərin 1 milyon 800 min dollar pulu dələduz Qədim Ədilov tərəfindən mənimsənilib”. 

Müraciət müəllifləri yazırdılar ki, 2015-ci il oktyabrın 10-da şikayətləri əsasında Q.Ədilov barəsində CM-nin 178.2.2 və 178.3.2 maddələri ilə 150066098 nömrəli cinayət işi başlanıb: “Sonradan dələduzun özü kimi dələduz məsləhətçiləri onun adını “MTN işi” üzrə “zərərçəkmişlər”siyahısına saldırdılar. Bundan sonra o, prokurorluqdakı havadarları vasitəsi ilə cinayət işinin xitamına nail oldu. Hazırda Qədim Ədilov öz dələduzluq əməllərini davam etdirərək, yeni-yeni vətəndaşların pullarını ələ keçirir və ictimai yerlərdə “mən prokurorluq işçilərinə pul ödəyirəm, mənə heç kəs heç nə edə bilməz” deyərək lovğalanır. Bizim çoxsaylı şikayət ərizələrimiz lazımi yerlərə çatmır”.

Qədim Ədilov adını “MTN işi”nə zərərçəkmiş kimi “sırımaq”la adamlardan yığdığı pulların MTN-də əlindən alınması təsəvvürünü yaratmağa cəhd göstərirdi. Hətta Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəməsi zamanı da zərərçəkmiş qismində dindirilmişdi. Lakin sonradan onun zərər çəkmədiyi üzə çıxmışdı. “Yeni Müsavat”

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …