Bunu AzNews.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, son 10 gün ərzində dolların kursunun aşağı düşməsinə baxmayaraq, istər Bakı şəhəri və onun ətrafı, istərsə də bölgələrdə unun qiyməti qalxmaqda davam edir:

Unun qiymətində 10-25 % artım olub. Rayonların əksəriyyətində unun bir kisəsi 30 manata qədər yüksəlib. Bu isə dünya bazarında mövcud olan konyukturdan tamamilə fərqlidir. Azərbaycanda unun qiyməti digər ölkələrə nisbətdə çox bahadır. Digər ölkələrdə unun 1 tonu 180 dollara olduğu halda, Azərbaycanda yarım tonu 180 dollara təklif olunur. Azərbaycanda dolların kursunun son günlər azalmasına baxmayaraq, bazarda qiymətlərin aşağı enməsi müşahidə olunmur.

Ekspertin fikrincə, ərzaq adı altında Azərbaycana gətirilən buğda dollarla əldə olunur:

“Həmin buğdanın keyfiyyət göstəricisi çox aşağıdır. Əslində dolların ucuzlaşması unun, çörəyin və buğdanın ucuzlaşmasına səbəb olmalıdır. Ancaq bununla belə, ortaya daha tutarlı faktlar çıxıb. Un satışı ilə məşğul olan sahibkarlar un kisələrinə müdaxilə edir. Un kisələrinin çəkisində azalma hallarına rast gəlinir. 50 kiloqramlıq un kisəsinin çəkisini 5 kq. azaldıblar. Həm unun qiymətini artırırlar, həm də çəkisini azaldırlar.”