Cümə , Avqust 23 2019
Ana səhifə / Kriminal / Azərbaycanda təkcə 1 bank dollar satır – Limit 500 dollardır

Azərbaycanda təkcə 1 bank dollar satır – Limit 500 dollardır

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank “Azərtürkbank”dan başqa digər banklara dollar satışı həyata keçirmir. “Qafqazinfo” xəbər verir ki, AMB yalnız “Azərtürkbank”a vətəndaşlara dollar satmağa icazə verir. “Azərtürkbank”a isə satış üçün qoyulan limit 500 dollardır.

Qeyd edək ki, dollar satışının həyata keçirilməməsi sahibkarların fəaliyyətinə mənfi təsir edir. Ona görə ki, idxal-ixrac əməliyyatlarında xarici valyutadan istifadə edilir. Sahibkarların fəaliyyətinə mənfi təsirlərin səbəbləri barədə  “Qafqazinfo”ya danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bankların dollar satmaması idxal-ixrac əməliyyatlarının iştirakçısı olan subyektlərə problemlər yaradır:

“Hər hansı xarici ölkələrlə iqtisadi əməliyyatların iştirakçısı olan şəxslər, xarici ölkələrə ödənişə olanlar bu gün bu problemlə üzləşiblər. Nəticədə bankların və bank filiallarının, valyutadəyişmə məntəqələrinin dollar satmaması “qara bazar”ın formalaşmasına gətirib çıxarır. Hətta sahibkarlar bu gün üçün Mərkəzi Bank tərəfindən təsdiq edilmiş limitlər çərçivəsində müəyyənləşdirilmiş məzənnədən qat-qat yuxarı məzənnədə xarici valyuta almaq məcburiyyətində qalırlar. Bu proses onların əlavə xərclər çəkməsinə gətirib çıxarır, eyni zamanda “qara bazar”ın formalaşmasını stimullaşdırır. Sahibkarların ümumi prosesdə iştirakçılığını məhdudlaşdırır. Yəni onların dövriyyəsinin kiçilməsinə, idxal əməliyyatlarının ləngiməsinə gətirib çıxarırır. Onu da vurğulamaq lazımdır ki, xarici ticarət prosesinin iştirakçısı olan şirkətlərin müqavilələri vardırsa, məhsul Azərbaycana göndərilməlidirsə, sahibkar bu məhsulun ödənişini edə bilmirsə və nəticədə məhsul göndərilmirsə, bu zaman həmin şirkətlər tərəfindən çox ciddi sanksiyalar tətbiq olunur. Bu da bir çox hallarda müqavilə məbləğinin 15 faizinə qədər gəlib çıxır ki, sonda vəziyyət sahibkarlar üçün itki yaradır”.

Onun sözlərinə görə, sahibkar bu gün bazarlardan dollar tapa bilmirsə onu hansısa formada həll edir, yaxud da “qara bazar”a üz tutur: “Həll edə bilmədiyi halda cərimələrlə üzləşir. Məhz bu səbəbdən də rəsmi sənədlər təqdim etməklə prosesin iştirakçılarını dollar satışı ilə təmin etmək mütləqdir. Əks halda, hesab edirəm ki, bu “qara bazar”da manatın kəskin şəkildə dəyər itirməsinə gətirib çıxaran prosesə doğru yönələ bilər.

Düşünmürəm ki, Mərkəzi Bankın bu kimi məhdudlaşdırıcı tədbirləri uzunmüddətli olacaq. Böyük ehtimalla yanvar ayının 15-dən sonra Dövlət Neft Fondunun valyuta bazarlarında aktivliyini bərpa etməsi bu istiqamətdə yumşalmanın həyata keçirilməsinə gətirib çıxarar ki, nəticədə düşündüyümüz ağır nəticələr yaranmaz.
Yaranmış panika nəticəsində vətəndaşlar əldə olan son manatlarını da dollara çevirmək istəyir. Faktiki olaraq bu gün buna cəhd edənlər dollar tapmır. Mərkəzi Bank bu siyasəti davam etdirirsə, daha çox dollarla valyuta bazarını təmin etməlidir. Nəticədə isə, ehtiyatlar daha da azalmalıdır. Amma MB məhdudlaşdırma həyata keçirir. Nisbətən bu panika müəyyən dövrdən sonra sakitliyə doğru gedəcək. Yəni, daha soyuq qərarların qəbul edilməsi dövrünə gələndə Mərkəzi Bank prosesdə aktivliyini bərpa edir və panika dövründən sonrakı nisbətən sakit vəziyyətdə prosesləri idarə etməyə cəhd göstərir.

Düşünürəm ki, Mərkəzi Bank bu kimi məqsədləri vardır. Son baş verənlər onu göstərdi ki, Mərkəzi Bankın prosesləri idarə etmək strategiyası yoxdur, ardıcıl olaraq bir sıra hallarda doğru olmayan qərarlar verirdi. Qərarlardan biri də bazarlarda tam iştirakçılığın məhdudlaşdırılmasıdır ki, bunun nəticəsində də “qara bazar”da Azərbaycan manatı çox ciddi şəkildə ucuzlaşa bilər”.

***

Musavat.com isə Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlandığı barədə məlumat yayıb.

Məlumatı valyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Bu gün onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub.

Hazırda 28 May küçəsində yerləşən “exchange”lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.

“Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı “exchange”lər yaradırlar” – deyə Amil Mürvətov adlı şəxs bildirib.

Həmçinin oxuyun

Hacıqabulda mikroavtobus qəzaya düşdü – 8 yaralı+Foto

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib. Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, mikroavtobusun qəzaya düşməsi səbəbiləŞirvan Şəhər …

Bir cavab yazın