Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Kriminal / Azərbaycanda satılan kartofun 90%-i yerli məhsuldur

Azərbaycanda satılan kartofun 90%-i yerli məhsuldur

Bu ilin yanvar-may aylarında Azərbaycan Ukraynadan 100,41 ton kartof idxal edib. Ukrayna Dövlət Statistika Komitəsinin son hesabatında göstərilir ki, Azərbaycan Ukrayna kartofunun fəal alıcısıdır, son 5 ayda kartof idxalına 18 min dollar xərclənib. Ukraynadan həm yemlik, həm də toxumluq məqsədilə kartof gətirilib.

Bu ilin birinci rübündə Azərbaycana ümumilikdə 60 min ton kartof idxal olunub. Gətirilən məhsulun yalnız 7,2 min tonu toxumluq olub. Yerdə qalan məhsul yemlik kimi satışa çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyi isə ikinci çörək hesab olunan kartofa olan təlabatın yalnız yerli istehsal hesabına ödənildiyini iddia edir.

“Bu ilin birinci rübündə MDB dövlətlərindən 15 min ton kartof gətirilib. Azərbaycan Rusiya, Ukrayna, Belarusdan əsasən toxumluq kartof alır. Gürcüstan, Türkiyə, Pakistan, İran və digər ölkələrdən isə 44 min tondan artıq kartof idxal olunur”, – nazirliyin bitkiçilik şöbəsi müdirinin müavini Seymur Səfərli virtualaz.org saytına bildirib.

Onu da qeyd edək ki, ötən il Azərbaycana Rusiya, İran, Pakistan, Türkiyə, Gürcüstan və digər ölkələrdən 183 min ton kartof gətirilib. Dövlət Statistika Komitəsinin hesabatında göstərilir ki, bu göstərici 2015-ci ilin statistikasından çoxdur.

S.Səfərlinin sözlərinə görə isə, idxalla bərabər kartof ixracı da artıb. Azərbaycan fermer-kəndlisi əsasən Rusiya bazarına məhsul çıxarıb. Çünki Rusiya bazarlarında Azərbaycanın ənənəvi kartof sortlarına təlabat var. Bundan əlavə, fermerlərə məhsulun Rusiya bazarında satması daha sərfəlidir. “Bu ilin ilk rübündə Rusiya bazarına 652 ton kartof çıxarılıb. Amma təkcə Rusiyada deyil, MDB-nin digər dövlətləri arasında da Azərbaycanın məşhur sortlarına maraq artıb, fermerlərin bazara çıxışı da asanlaşıb”, – Səfərli əlavə edib.

Bu ilin 3 ayında Azərbaycana əsasən Gürcüstandan kartof gətiriblər. Rəsmi statistikaya görə, qonşu ölkədən 4 milyon 455 min dollarlıq 22 min 395 ton kartof idxal olunub. İrandan 19 min 150 ton kartof alınıb. Kartof ticarəti fermerlərə 11 milyon dollardan çox vəsaitə başa gəlib.

S.Səfərli isə deyir ki, gətirilən kartof toxumluq məqsədilə istifadə olunur. Əhalinin kartofa olan təlabatının 90 faizi yerli istehsal hesabına ödənilir: “Ötən il respublikada 62 min 800 hektar sahədə kartof əkilib, 902 min ton məhsul toplanıb. Məhsuldarlıq bir hektarda 140 sentner, yəni 14 ton təşkil edib”.

Kənd Təsərrüfatı Nazirliyi bu il kartof istehsalının 1 milyon tona çatacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, indiyədək 58677 hektar sahədə kartof əkilib.

Seymur Səfərli hesab edir ki, may ayından başlayaraq iyunun birinci ongünlüyünə kimi havaların qeyri-sabit keçməsi, xüsusilə də dolu kartof sahələrinə ziyan vursa da, məhsuldarlığa ciddi təsir etməyəcək. “Dolu kartof sahələrinə ziyan vurub, amma kartofun məhsuldarlığının azalacağını söyləmək olmaz. Çünki yalnız bir neçə kənddə sahələrə ziyan dəyib, digər əkin sahələrində problem yaranmayıb. Məhsul istehsalı ilə bağlı proqnozlar özünü doğruldacaq”, – nazirlik əməkdaşı deyib.

Hazırda ölkədə adambaşına düşən kartof istehlakının miqdarı 48-50 kiloqram təşkil edir. Onu da xatırladaq ki, hər vətandaşa düşən istehlak norması illik 100 kiloqramdan artıqdır.

Həmçinin oxuyun

Tariyel Ağayevin qardaşı oğlu bəraət aldı – Modelyeri girov saxlamaqda günahlandırılırdı

Modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq işinə görə məhkəmə iclası davam etdirilib. Criminal.az …

Bir cavab yazın