Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycanda qış turizmini əngəlləyən səbəblər…

Azərbaycanda qış turizmini əngəlləyən səbəblər…

Bir çox ölkələr qış turizminə xüsusi önəm verir. Azərbaycanda da qış turizminin inkişafı üçün müəyyən işlər görülsə də, bu sahə özünü doğrulda bilmədi.
Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov qış turizminin inkişafında həm qiymətlərin, həm də hava iqliminin mühüm rol oynadığını dedi: “Turizm Azərbaycanın inkişaf edə biləcək qeyri-neft sektorlarından biridir. Bu sahə çox perspektivlidir. Amma bu sahənin inkişafına uzun illərdir mane olan səbəblər, çətinliklər var. Bu çətinliklərdən biri rəqabət mühitinin olmamasıdır. Bu rəqabət iqtisadiyyatın hər sahəsində vacibdir.
Qonşu ölkələrdə də turizm inkişaf edir. Biz qonşu ölkələrə – Gürcüstana, Rusiyaya nəzər salmalı, oradakı qiymətləri, servisi öyrənməliyik. O ölkələrlə rəqabətə davam gətirən, onlardan daha ucuz və daha keyfiyyətli servis göstərə bilsək, təbii ki, turizmdən lazımi gəlirlər əldə edə bilərik. Bu səbəblə yanaşı, iqlimin də qış turizminə təsiri var. Belə ki, qlobal istiləşmə gedir və bunun Azərbaycana da təsiri var. Havanın dəyişməsi, qarlı günlərin az olması, həm də qiymətlərin hələ ki tam tənzimlənməməsi bu sektora öz təsirini göstərir. Düzdür, bazar iqtisadiyyatıdır. Ancaq turizmin keyfiyyətinin əsas göstəricilərindən biri gəlirlərin bu sahədə nə qədər olması, vergilərin hansı məbləğdə ödənilməsidir. Araşdırmaq lazımdır ki, son 5 ildə ölkəmizə nə qədər turist gəlib. Təbii ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı məqama da diqqət etmək lazımdır”.
 
Ekspert turizmin inkişafında fundamental işlərin aparılmadığını dedi: “Turizm inkişaf edən sahədir. Hazırda Türkiyə ilə Rusiya arasındakı münasibətlərin gərginləşməsi Rusiyadan olan turistlərin yeni istirahət yerləri axtarmasına səbəb olacaq. Bu isə Azərbaycan üçün yaxşı imkandır. Biz gərək marketinq işləri, reklam, təbliğat aparaq. Yəni hər şey paralel olmalıdır. Şans həmişə var. Sadəcə olaraq bu sahədə oturub gözləmək yox, işləmək lazımdır. Nazirlik, turizm mütəxəssisləri – hamı birgə işləməlidir. Çox ciddi təhlillər aparmalıdırlar ki, gəlirlərimiz niyə artmır?! Nəyə görə  gələn turistlər uzun müddət ölkəmizdə qalmır? Analitik iş aparılmalıdır. Boş-boşuna “iki milyon turist gəldi” deməklə iş bitmir. O iki milyonun 90 faizi iki gün qalır. Ondansa yarım milyon turist gəlsin, amma həftələrlə qalsın. Analiz etmək, o boşluqları tapıb ona uyğun addımlar atmaq lazımdır. Ancaq təəssüflər olsun ki, bu sahədə fundamental işlər gözə çarpmır”.
İqtisadçı-ekspert Rəşad Həsənov bu sahədə dövlət dəstəyinə ehtiyac olduğunu bildirdi:
“Azərbaycanda qış turizmi son illərdə inkişaf etdirilməyə başlayıb. Təbii ki, bu təcrübə gənc olduğu üçün burada müəyyən nöqsanların olması yaxud da ki, nəticələrin qısa müddətdə əldə olunmaması gözləniləndir. Amma bu istiqamətdə təşəbbüslərin artırılmasına da ehtiyac var. Bildiyimiz kimi, bir neçə istiqamətdə qış turizmi obyektləri fəaliyyət göstərir. Bunlarda rəqabət mühitinin az olması nəticəsində daha bahalı xidmətlər təklif edirlər. Hazırda da əhalinin gəlirlərinin azalması turizm xidmətlərindən istifadə imkanlarını məhdudlaşdırır.
Düşünürəm ki, turizm müəssisələri qiymət siyasətinə müəyyən qədər düzəliş etməlidir. Hazırda Azərbaycanda fəaliyyət göstərən qış turizm obyektlərinin müəyyən dövriyyəsi və fəaliyyəti var.  Burada qiymətlər əslində tələb və təklif  əsasında formalaşır. Bu müəssisələr əgər hansısa formada müştəri cəlb edə bilməsə, təbii ki, qiymətlərin aşağı salınması strategiyasını həyata keçirə bilər. Hazırda tələbata uyğun yaxud da ki, tələbdən çox təklifin olmadığından qiymətlərin hələlik qonşu ölkələrlə Gürcüstan, Rusiya, Türkiyə ilə müqayisədə   bahalı olduğu müşahidə olunur.  Xidmət sektorunun zəif inkişaf etməsi, yəni xidmətlərdə digər qonşu ölkələrdə olduğu kimi keyfiyyətin təklif edilə bilməməsi bir çox hallarda azərbaycanlıların xarici ölkələrə üz tutmasına səbəb olur. Yəni burada həm qiymət, həm də xidmətlərin keyfiyyət amili var. Düşünürəm ki, bu məsələləri aradan qaldırmaq üçün ilk növbədə rəqabət mühitini artırmaq lazımdır. Müəssisələrin sayı çoxaldılmalıdır. Nisbətən bahalı layihələr olduğu üçün bu istiqamətdə dövlət dəstəyinə də ehtiyac var. Bu sahəyə biznesin diqqətini artırmaq üçün nisbətən müəyyən güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Burada aşağı faizli, uzunmüddətli kreditlər təklif etmək mümkündür. Eyni zamanda qısamüddətli dövr üçün vergi güzəştləri də tətbiq edilə bilər. Sahibkarlar bu istiqamətdə fəaliyyətlərini artırsınlar, eyni zamanda da rəqabət mühiti formalaşsın.
 
İqtisadçı-ekspert növbəti dövrlərdə qış turizminin inkişafının sürətlənəcəyini bildirdi: “Ümumiyyətlə Azərbaycanda turizmin problemləri ondan ibarətdir ki, turizm günlərinin sayı azdır. Daha çox yay turizminə hesablanmış turizm müəssisələri bir çox hallarda qış dövründə fəaliyyətsiz qalırlar. Turizm müəssisələrinin həm yay, həm qış təyinatlı olmasını da daha az xərclə təmin etmək olar. Müəyyən investisiya yatırımları etməklə mövcud turizm müəssisələrinin qış mövsümündə də fəaliyyətini təmin etmək mümkündür. Bu məsələlər paralel olaraq həyata keçirilməlidir. Qış turizminin inkişaf etməsinə problem yaradan amillərdən biri də sərt qışın az keçməsidir. Amma buna baxmayaraq Azərbaycanın Qafqazətəyi zonalarında yerləşən rayonlarında kifayət qədər imkanlar var. Hazırda texnologiya da imkan verir ki, hansısa formada süni qış mühiti yaradılsın. Düşünürəm ki, hazırkı şərtlər daxilində bu istiqamətdə səylər artırılacaq və kənar müdaxilələr də azalacaq. Ümumiyyətlə isə güman olunur ki, növbəti dövrlərdə qış turizminin inkişafı sürətlənsin”. musavat.com

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın