Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Kriminal / Azərbaycanda hostellərin sayını artırmağa ehtiyac varmı? – AÇIQLAMA

Azərbaycanda hostellərin sayını artırmağa ehtiyac varmı? – AÇIQLAMA

Ölkədə yeni turizm mövsümü başlamaq üzrədir. Demək olar ki, artıq ölkənin bir çox bölgələrində istirahət mərkəzləri qapılarını qonaqlarının üzünə açıb. Paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar artdığı üçün ölkəyə turist axını da artır. Hal-hazırda ölkədə 600-dən çox mehmanxana və mehmanxana tipli gecələmə yeri var. Bir müddət əvvəl ölkə prezidenti regionlarda hotellərin qiymətinin bahalığını gündəmə gətirmiş və qiymətlərin aşağı endirilməsini tələb etmişdi. Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən hotellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də qeyd etmişdi.

Amma təəssüf olsun ki, ölkə prezidentinin tənqidindən sonra hotellərin qiyməti düşmək əvəzinə daha da bahalaşıb. Turizm eksperti Bahadur Bilalovun sözlərinə görə devalvasiyadan sonra bir müddət qiymətlər sabit qalsa da, bu günün reallığı və bizim araşdırmalarımız onu göstərir ki, hazırda Azərbaycanda hotellərin qiyməti devalvasiyadan əvvəlki dövrdəkindən dəfələrlə bahadır. Bu, əslində bir nonsensdir.

“Məsələn devalvasiyadan öncə, oteldə otaq qiyməti 40 manat idisə, bu gün həmin nömrələr 180 manatdır. Devalvasiyadan əvvəlki qiymətlərlə, dolların ekvivalentinə çevirəndə belə baha başa gəlir. Hotel sahiblərinin süni qiymət artımı dövlət başçısının turizmlə bağlı siyasətini sabotaj edir. Doğrudur, mən həmişə deyirdim ki, qiymətləri bazar tənzimləməlidir. Amma indi düşünürəm ki, bu məsələ Nazirlər Kabineti və ya Tarif Şurası səviyyəsində həll edilməlidir” — deyə ekspert bildirir.
B.Bilalov qeyd edir ki, bölgələrdə kifayət qədər gecələmə yerləri, hotellər yoxdur: “Bakı şəhərində hostel yaradılması sahəsində fəaliyyət genişləndirilib. İçərişəhərdə adambaşına səhər yeməyi də daxil 20 manatlıq hostellər var. Bu, normal qiymətdir. Bir halda ki, regionlarımızda bu tip gecələmə yerləri yoxdur, bu məsələnin üzərinə getmək lazımdır. Bir halda ki, 4-5 ulduzlu otellər qiymətləri bu qədər qaldırıb birdən-birə varlanmaq fikrinə düşüblər, bunun qarşısını almaq lazımdır”.

Ekspert bildirir ki, ümumiyyətlə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 600-ə yaxındır. Ölkədə 42 min gecələmə yeri var. Yəni eyni gündə ölkədə 42 min turist gecələyə bilər. Bu yerlərin böyük əksəriyyəti Bakı və Bakı ətrafındadır. Bilalovun sözlərinə görə, bu ilin 3 ayı ərzində ölkəyə yarım milyon turist gəlib.

“Bu, artıq böyük bir rəqəmdir. Mən hesab edirəm ki, xaricdən Azərbaycana gələn turistlərin sayı kəskin artacaq və ilin sonuna qədər bu rəqəm 3 milyonu keçəcək” — deyə ekspert əlavə edib. (Sputnik)

Həmçinin oxuyun

Azərbaycanda ana 10 aylıq körpə qızını boğub öldürdü TƏFƏRRÜAT

Ağdam rayonunun Qərvənd kəndində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə ibtidai …

Bir cavab yazın