Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Azərbaycanda biabırçı hadisə: Kişi bacısı qızına təcavüz etdi – TƏFƏRRÜAT

Azərbaycanda biabırçı hadisə: Kişi bacısı qızına təcavüz etdi – TƏFƏRRÜAT

Bakının Xətai rayonunda bacısı qızına təcavüzdə ittiham olunan Salyan rayon sakini, 1977-ci il təvəllüdlü Nəsimi Ağahəsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nəsimi Ağahəsənov 2019-cu il tarixdə bacısı qızı Səbinə Babayevanın (ad-soyad şərti verilib – red.) ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı fərdi yaşayış evinə qonaq gələrək orada gecələyib. O, Səbinə Babayevanın hamamda tək yuyunmasından istifadə edərək onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlib.

Hamamda bacısı qızına təcavüz etdi

Nəsimi Ağahəsənov Səbinə Babayevanın azyaşlı oğlunun ağladığından onu sakitləşdirmək bəhanəsi ilə hamamın qapısını açmasını istəyib. Səbinə çılpaq bədəninə məhrəba bürüyərək qapını açan zaman qucağındakı uşağı yerə qoyan Nəsimi Ağahəsənov zorla hamama girib.

Nəsimi Ağahəsənov Səbinə Babayevanın çiynindən öpməyə başlayıb. Qadının əl-qol ataraq etiraz etməsinə baxmayaraq Nəsimi Ağahəsənov onu zorla hamamdan çıxarıb, evin yataq otağına aparıb. Orada Səbinə Babayevanı çarpayıya yıxaraq zorla cinsi əlaqədə olub.

Nəsimi Ağahəsənovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

“Bacım qızı ilə zəngləşdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi Ağahəsənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Onun ifadəsinə görə, zərərçəkmiş Səbinə Babayeva bacısı qızıdır: “Onunla heç bir ədavətim və düşmənçiliyim olmayıb. Bacım qızı ikinci həyat yoldaşı və azyaşlı uşağı ilə Xətai rayonunda kirayə evdə yaşayır. Mən isə Salyan rayonunda yaşamışam.

İşə düzəlmək üçün Səbinənin əri Fəridlə danışdım və bu məqsədlə onlara gəldim. Ünvanı dəqiq bilmədiyim üçün Səbinə ilə zəngləşdim və məni evinə yaxın avtobus dayanacağında qarşıladı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün axşam Fərid işdən gələndən sonra söhbət ediblər: “Fərid başa saldı ki, hazırda iş yoxdur. Onlarda gecələdim. Növbəti gün axşam saatlarında isə çıxıb getdim. Bacım qızını nə zorlamışam, nə də zorlamağa cəhd etmişəm. Bu ittiham mənə atılmış şər-böhtandır. Səbəbini anlamıram və izah edə bilmirəm”.

Nəsimi Ağahəsənov daha sonra ifadəsində qeyd edib: “Mənə xəbər çatdı ki, bacım qızı mənim tərəfimdən guya zorlanması səbəbindən polisə şikayət edib. Mən də Səbinəyə zəng etdim, şikayəti geri götürməsini xahiş elədim. Düzdür, əvvəllər əxlaqsız hərəkətlər kimi cinayət əməlinə görə məhkum olunmuşam. Lakin o zaman da mənə şər atıblar”.

“Doğma dayımdır”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Səbinə Babayeva bildirib ki, təqsirləndirilən şəxs doğma dayısıdır:

“Həyat yoldaşım və bir yaşı tamam olmamış övladımla kirayədə yaşayırıq. Ərim Fərid təmir ustası işləyib ailəni dolandırır. Dayım Nəsimi ərimə zəng edərək ona iş tapmağı xahiş etdi. Fərid isə ona hələlik iş olmadığını, olarsa ona məlumat verəcəyini bildirdi.

Buna baxmayaraq dayım elə həmin gün saat 11 radələrində bizim yaşadığımız əraziyə gəldi, mənə zəng etdi. Mən də dayımı avtobus dayanacağının yanında qarşıladım və evə gətirdim.

Dayım mənə belə izah etdi ki, guya Fərid ona iş tapdığını dediyi üçün gəlib. Axşam saat 23 radələrində Fərid evə gəldi, dayım Nəsimi ilə birlikdə yemək yeyib, söhbət etdikdən sonra yatdıq”.

“Mənə iradını bildirdi”

Səbinə Babayevanın sözlərinə görə, ertəsi gün saat 7 radələrində əri işə gedib: “Özüm də yuxudan durduqdan sonra uşağımla birlikdə qonşuya getdim. Dayım bu vaxt bizdə yatmışdı.

Həmin gün saat 14 radələrində qonşumuz Vəfa mənə bildirdi ki, yaxınlıqda olan evin sahibi evdə təmizlik işləri gördürmək üçün ona müraciət edib. Vəfa bu işi mənə təklif etdi. Mən də pul qazanmaq məqsədilə uşağımı Vəfanın yanında qoydum, Həlimə adlı qonşuluqda yaşayan şəxsin evini təmizləməyə getdim. Axşam saat 18 radələrinə qədər Həlimənin evində oldum.

Oradan çıxıb Vəfagildən uşağımı götürərək öz evimə gəldim. Dayım hələ bizdə idi. Qonşuluqda yaşayan 10 yaşlı İbrahim adlı uşaqdan oğlumla oynamağı xahiş etdim, hamama çimmək üçün keçdim. Həliməgilin evində təmizlik işləri gördükdən sonra yuyunmağa ehtiyacım var idi.

Dayım həmin vaxt evdə idi. Hətta mənə gün ərzində evdə olmadığıma görə irad da bildirdi”.

“Çiynimdən öpməyə başladı”

Səbinə Babayeva qeyd edib ki, hamamın jalüzdən olan qapısını içəridən bağlayaraq duş qəbul edib: “Çıxmağa hazırlaşanda dayım Nəsimi hamamın qapısını israrla döyərək uşağın ağladığını, boğulduğunu, köməyə ehtiyac olduğunu dedi. Oğlumun həqiqətən ağlamaq səsi gəlirdi.

Hamamda olan dəsmalı bədənimə bağlayaraq qapını açdım, başımı çıxardaraq uşağa baxmaq istədim. Bu zaman dayım uşağı qucağından yerə qoyaraq əli ilə hamamın qapısını açdı, içəri keçdi. Orada məni qucaqlayaraq çiynimdən öpməyə başladı, üzərimdəki dəsmalı açaraq yerə atdı”.

“Mənimlə zorla cinsi əlaqədə oldu”

Səbinə Babayeva bildirib ki, dayısını özündən kənara itələyib: “Qışqıraraq niyə belə etdiyini soruşdum, əlimlə üzünü cırmaqladım. Nəsimi məndən fiziki cəhətdən çox-çox qüvvətli olduğu üçün qolumdan dartaraq hamamdan çölə çıxardı. Məni sürüyərək yataq otağına apardı.

Yataq otağında məni çarpayıya uzadaraq qucaqlıdı, öpdü. Yataq otağında onun əlindən çıxaraq evdən bayıra qaçmaq istədim. Qolumdan tutub sürüyə-sürüyə hamama saldı. Sağ dizim qapının aşağısına dəydi və xəsarət aldım.

Nəsimi ayağı ilə hamamın qapısını örtəndə İbrahim də həmin vaxt dəhlizdə idi və Nəsiminin məni hamama zorla saldığını gördü. Nəsiminin tələbinə görə İbrahim Nəsimidən qorxdu, uşaqla birlikdə dəhlizdən çölə çıxdı. Hamamda Nəsimi ağzımdan tutdu, üzümə şillə vurdu. Saçımdan tutaraq məni “səni boğaram, biz bir yerdə olmalıyıq, səsini çıxartma”, deyə bildirdi.

Üzümü hamamın içərisində olan divara tərəf çevirərək əynindəki şalvarını aşağı saldı. Mənimlə zorla cinsi əlaqədə oldu”.

“Onu bağışlamıram”

Səbinə Babayevanın ifadəsinə görə, Nəsimi onunla təxminən 4-5 dəqiqə ərzində cinsi əlaqədə olub: “Onun əlindən qurtulmaq üçün yalandan “deyəsən, kimsə gəldi” sözünü dedim. Nəsimi bu sözləri eşidən kimi məndən aralandı, hamamdan çıxdı. Dərhal əynimə paltar geyinərək evdən bayıra atıldım, qışqıraraq qonşuları köməyə çağırdım.

Nəsimi çölə çıxıb, əlimdən dartaraq məni evə salmaq istədi, amma bacarmadı. Qaçaraq yenidən evin içinə girdi. Qonşularımız Aydın və arvadı Vəfa qışqırıq səsimə çıxdıqda dayımın məni zorlamaq istədiyini dedim. Bunu utandığımdan elə dedim. Qonşularla birlikdə evə gəldikdə Nəsimi artıq getmişdi. Yataq otağında olan nəfəsliyin setkasını açıb oradan qaçmışdı.

Hadisə barədə polisə məlumat verdim. Utandığımdan polisə də dayımın məni zorlamaq istədiyini dedim. Lakin polisə dəvət olunduqda və izahat verəndə hadisəni olduğu kimi danışdım. Dayımın məni zorladığını deməməyimə səbəb ərimin bunu bilib, məndən ayrılmasından qorxmağım olub. Həmçinin qonşuların yanında zəng etdiyim üçün onların yanında belə bir söz deməyə utandım.

Müstəntiq məni məhkəmə-ibbi ekspertizası keçirilməsi üçün ekspertizaya göndərdi, ekspertizada olanda dayım mənə zəng etdi, polisə şikayət edib-etmədiyimi soruşdu. Bildirdim ki, polisə məlumat vermişəm. Nəsimi dedi ki, özünü öldürəcək. Bundan sonra dayım mənə bir dəfə də zəng etdi, onu bağışlamağımı xahiş etdi. Bu söhbəti telefondakı diktafona yazdım, polisə təqdim etdim. Onu bağışlamıram”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Nəsimi Ağahəsənov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.  /Teleqraf

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …