Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Azərbaycana illərdir saxta dərman gətirib yayan mafiozlar çökdürüldü, biri peyvənd inhisarçısıdır

Azərbaycana illərdir saxta dərman gətirib yayan mafiozlar çökdürüldü, biri peyvənd inhisarçısıdır

Azərbaycana illərdir saxta, mənşəyi məlum olmayan dərman vasitələrinin idxalını və satışını təşkil etməkdə ittiham olunan şirkətlərdən biri olan “Epid Biomed” MMC 2004-cü ildə yaradılıb. Şirkətin özü barədə təqdimatında göstərilir ki, “Epid Biomed” MMC “yarandığı gündən” sürətli və hərtərəfli inkişaf dinamikasına malik olub. Nəticədə qısa müddət ərzində Azərbaycanın bütün regionlarında öz şəbəkəsini qurub, ölkəyə peyvənd idxalının 80 faizini əlində cəmləşdirib. Başqa sözlə, peyvənd inhisarçısına çevrilib.

Bu şirkət dünyanın məşhur farmasevtik brendlərinin” yüksək keyfiyyətli dərman preparatları və vaksinləri” ilə təchizat həyata keçirdiyini bildirir. Və deyilir ki, “Epid Biomed” dünyanın aparıcı beynəlxalq istehsalçıları ilə bağladığı birbaşa müqavilələr əsasında vaksin və zərdabları Azərbaycan bazarına gətirən ən əsas idxalçıdır.

Habelə məlum olur ki, “Epid Biomed” MMC Səhiyyə Nazirliyinin və digər dövlət strukturlarının nəzdindəki tibb müəssisələrinin dərman vasitələri, tibbi ləvazimatlar və avadanlıqlarla təchizatını həyata keçirən əsas şirkətdir. Bu şirkət tibb müəssisələrinin təchizatına dair tenderlərdə müntəzəm olaraq qalib elan edilib. Şirkət hər il 30-a qədər rayonun Mərkəzi Xəstəxanalarını tender yolu ilə, digər bütün rayonları isə tenderdən kənar peyvənd və zərdablarla təmin edir.

Bundan başqa, Bakı şəhərində yerləşən bir sıra dövlət və özəl səhiyyə müəssisələri də “Epid Biomed”-lə əməkdaşlıq edib.

Şirkətin idxal etdiyi dərman vasitələri arasında vaksinlər və zərdablar, insulin və diabetik dərmanlar, eləcə də digər (Albumin 20% 100 ml, Albumin 20% 50 ml, Striasan (pre), Striasan (post), Cathejell – Montavit, Kalsiy glukonat, Ampisillin, Riboksin kimi dərmanlar) dərman preparatları üstünlük təşkil edir.

Şirkətin gətirdiyi dərmanların və vaksinlərin əksəriyyəti holoqramsız olduğu əslində çoxdan məlum idi, bu haqda saytlarda da yazılmışdı. Həmin dərman vasitələri birbaşa xəstəxanalara paylanılırdı.

Bu ilin mart ayında isə Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu qalib qrant layihələri üzrə istifadə üçün elmi cihaz, avadanlıq və məmulatların satınalınması ilə bağlı ötən ilin sonlarında elan edilmiş tenderin nəticlərini açıqlayıb. Qalib şirkətlər arasında “Epid Biomed” MMC də yer alır.

“Sanimed” MMC şirkətinin hansı dərman vasitələrinin idxalını həyata keçirdiyi və nə işlə məşğul olduğu barədə informasiyalar əldə etməyə çalışırıq.

*   *   *15:10

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi illərdir Azərbaycana xaricdən saxta, mənşəyi məlum olmayan dərman vasitələri idxal edib satışını təşkil edən, nəticədə əhalinin sağlamlığına təhdid yaradan şəbəkəni çökdürüb.

Virtualaz.org xəbər verir ki, Baş prokurorluğun mətbuat xidmətinin az əvvəl yaydığı rəsmi məlumata əsasən ölkənin səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

Məlumatda deyilir ki, son dövrlər belə qanunsuz fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi əhalinin haqlı narazılığına səbəb olmuş və bu barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

“Həmin tədbirlər çərçivəsində Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib”-Baş prokurorluq bildirir.

Məlumatda deyilir ki, toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda, orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

“Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar veriblər, nəticədə idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub»-Baş prokurorluq qeyd edir.

Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri də müəyyən edilib. Belə ki, müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.

Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.

Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.

Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

“Hazırda cinayətin törədilməsində iştirakı olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələrii istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur”-məlumatda deyilir.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …