Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Azərbaycan iqtisadiyyatının defolt təhlükəsi varmı…

Azərbaycan iqtisadiyyatının defolt təhlükəsi varmı…

“Azərbaycan iqtisadiyyatını kollaps gözləyir, defoltdan qaçmaq “mümkünsüzləşir”. Bu fikirləri eks-spiker Rəsul Quliyev Azərbaycanın qızıl ehtiyatını satmaq xəbərini şərh edərkən bildirib.

Eks-spikerə qeyd edib ki, Azərbaycan iqtisadiyyatının 400 milyon dollara möhtac olması onun yaxın zamanlarda defolt olacağından xəbər verir: “Qızıl, sadəcə, bazar qiyməti qismən stabil olan maldır, ölkənin ağır vəziyyətində sata bilərsən, müvəqqəti sosial problemləri həll edə bilərsən. 18 ton qızılın bugünkü bazar qiyməti təqribən 400 milyon dollara yaxındır. Bu çox da böyük bir rəqəm deyil. Ən təhlükəlisi, Azərbaycanın iqtisadiyyatının 400 milyon dollara möhtac olmasıdır. Əgər həqiqətən bu çox az əhəmiyyətli 18 ton qızılın satılması həqiqətdirsə, bu ehtiyatın olub olmasının heç bir əhəmiyyəti yoxdur. O ehtiyatla və ya onsuz Azərbaycan iqtisadiyyatını kollaps gözləyir, defoltdan qaçmaq mümkünsüzləşir”.

Bəs görəsən, iqtisadçı ekspertlər necə hesab edirlər: Azərbaycanı defolt təhlükəsi gözləyirmi?

Bu sualı cavablandıran Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan üçün 400 milyon dolların o qədər də böyük vəsait olmadığını vurğuladı: “Əvvəla onu deyim ki, 18 ton qızılın satılması dəqiqləşməyib. Qızıl ehtiyatı ondan ötrüdür ki, ölkədə iqtisadi vəziyyət gərgin olarsa, satılsın və ondan istifadə olunsun. İkincisi, 400 milyon dollar elə də böyük vəsait deyil, Azərbaycanın 40 milyard manata yaxın vəsaiti var. Digər tərəfdən, Azərbaycan istənilən qədər qızılı satıb istifadə edə bilər. Buna adi hal kimi baxmaq lazımdır”.

Defolt olma təhlükəsinə gəlincə, deputat vəziyyətin bu dərəcədə gərgin olmadığını diqqətə çatdırdı: “Azərbaycan iqtisadiyyatında problem var, bunu gizlətmək lazım deyil. Ancaq islahatlar da aparılır. Bankların sağlamlaşdırma prosesi gedir, prezidentin bölgələrə səfərləri həyata keçirilir. Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır. İdxal-ixrac əməliyyatlarında müsbət saldo yaranıb. Bu da çox böyük nailiyyətdir. Bu vaxta qədər Azərbaycanda bu hal olmayıb. Həmçinin Mərkəzi Bank tərəfindən pul kütləsinə nəzarət gücləndirilib. Bu günlərdə cənab prezident Azad İqtisadi Zonanın yaradılması üçün 70 milyon manata yaxın vəsait ayırdı. Yəni pul kütləsini sıxışdırmaq real sektora mənfi təsir edir. Ola bilər ki, biz bunun ağrısını 2018-ci ildə çəkəcəyik. Ancaq ümumilikdə elə bir ciddi problem görmürəm. Daha çox Rusiyaya tətbiq olunan sanksiyalarla əlaqədar problem yarana bilər. Rusiyada iqtisadi vəziyyət ağırlaşdıqca bizə də təsiri olacaq. Çünki orada yaşayan soydaşlarımız var. Ancaq Azərbaycanda defolt gözlənilmir, vəziyyət o həddə gəlib çatmayacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, istənilən ölkənin defolt təhlükəsi var: “Əgər bir ölkədə uzun illər idarəetmədə, iqtisadiyyatda problemlər var, bunlar həll olunmursa, nəticədə həmin çatışmazlıqlar illər sonra ölkənin defolt olması ilə nəticələnə bilər. Biz bəzi ölkələrin timsalında bunu görmüşük. Azərbaycanda iki önəmli problem var , hansılar ki, gələcəkdə Azərbaycanın defolt olma ehtimalını yüksəldə bilər. Birinci problem ölkənin xarici borcudur, dövlətin və dövlət zəmanəti ilə dövlət şirkətlərinin aldığı borcun həcminin sürətlə artması və gələcəkdə bu qaytarılmasının intensivləşməsidir. Azərbaycan 2020-ci ildən sonra daha intensiv şəkildə borc qaytarmalı olacaq”.

İqtisadçının sözlərinə görə, Azərbaycanı defolta aparacaq fundamental problem də mövcuddur: “ Uzun illərdir ki, Azərbaycanın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, dayanıqlı iqtisadiyyatın qurulması məsələsi müzakirə olunur. Son dövrlərdə neft daha da ucuzlaşdı, hökumət tədbirlə görməyə məcbur oldu. Bununla bağlı yol xəritəsi qəbul olundu. Ancaq hələ ki, ciddi bir dəyişikliyin olduğunu görmürük. İqtisadiyyatda atılan addımlar o zaman effekt verir ki, paralel olaraq idarəetmədə və məhkəmə sistemində dəyişiklik olsun, ədalətli məhkəmələr yaransın. Bu çox vacibdir. Sinqapur modeli də , Koreya modeli də, Latın Amerikası ölkələrinin modeli də bunu sübut elədi ki, iqtisadiyyatla paralel olaraq idarəetmədə və məhkəmə sistemində ciddi islahatlar aparılmalıdır. Azərbaycanda iqtisadiyyatla bağlı müəyyən qərarlar verilir. Bunlar ilk baxışdan doğru qərarlar olur. Lakin sonradan praktikada tətbiq edərkən problemlər yaşanır. İdarəetmədə olan problemlər həll olunmayıb”. (Musavat.com)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın