Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / “Azərbaycan elminin əsas problemi alimindən daha çox maliyyəsi ilə bağlıdır” – DEPUTAT

“Azərbaycan elminin əsas problemi alimindən daha çox maliyyəsi ilə bağlıdır” – DEPUTAT

İqtisadçı millət vəkili Əli Məsimli sabah Milli Məclisdə II oxunuşda müzakirəyə çıxarılacaq “Elm haqqında” qanun layihəsini Moderator.az– a müsahibəsində şərh edib:
-Fevralın 23-də Milli Məclisdə II oxunuşda müzakirəyə çıxarılacaq “Elm haqqında” qanun layihəsinə münasibətiniz necədir?
-Ümumən götürdükdə “Elm haqqında” qanun layihəsi yaxşı hazırlanıb. Burada elmi potensialdan istifadənin səmərəliliyinin artırılması, Akademiya və ali məktəblərdə elmi tədqiqat işininin əlaqələndirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyası, elmi fəaliyyətin nəticələrindən istifadə, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi fəaliyyətin maliyyələşdirilməsi mənbələrinin genişləndirilməsi, elmdə innovasiya və sahibkarlıq və sair bu kimi məsələlər öz əksini tapıb. Bunların hamısı elmin inkişafı üçün çox gərəkli məsələlərdir. Amma təcrübə göstərir ki, bizim ölkəmizdə hüquqi təminat müstəvisində əsas problem qanunların özündən daha çox onun necə, nə dərəcədə, hansı keyfiyyətdə reallaşdırılmasında olduğundan, bu qanunun da məhz keyfiyyətlə tətbiqi məsələsi daha böyük önəm daşıyır. Yəni qanun işlək reallaşdırma mexanizmi hazırlanıb sistemli şəkildə həyata keçirilərsə, bu,ölkənin elmi potensialından istifadənin keyfiyyətinin və səmərəliliyinin artmasına, elmin inkişafının sürətlənməsinə, elmin nəticələrini praktikaya tətbiqindəki geriliyin aradan qaldırılmasına, gənclərin elmə cəlb edilməsinə və sair bu kimi çox zəruri məsələlərin həllinə arzu etdiyimiz səviyyədə maksimum olmasa da, hər halda müəyyən töhfələr verə bilər.
– İşlək reallaşdırma mexanizmi hazırlanıb sistemli şəkildə həyata keçirilməsi dedikdə nəyi nəzərdə tutursuz?
-İşlək reallaşdırma mexanizmi hazırlanıb sistemli şəkildə həyata keçirilməsi dedikdə, ilk növbədə bu qanunun ruhuna uyğun qanunaltı qərarların hazırlanması və həmin qanunun dolğun şəkildə reallaşmasına şərait yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, Elm haqqında qanunun qəbulu ilə paralel 2009-2015-ci illəri əhatə edən Elmin İnkişafı üzrə Milli Strategiya 2016-2025-ci illər üzrə yenidən işlənilməli və ona müvafiq yeni proqram hazırlanmalıdır. Bu qanun isə həmin sənədlərin reallaşdırılmasının hüquqi təminatını təşkil etməlidir. Və sözügedən bu mühüm sənədlər bir-birini tamamlamaqla Azərbaycan elminin inkişafının ana xəttini, özəyini təşkil edən əsas məsələni ortaya qoymalıdır: bu məsələ Azərbaycanın xammal istehsal edən ölkədən bilik istehsal edən ölkəyə çevrilməsi məsələsidir. Amma bu məsələnin hüquqi təminatı ilə yanaşı, həm də yetərincə maliyyə təminatı və təşkilatı tədbirləri də yerində olmalıdır ki, bundan sonra da arzu kimi qalmaqda davam etməsin. Eyni zamanda elə bu əsasda daha fundamental bir problemin həllini nəzərdə tuturuq. Çalışmaq lazımdır ki, bu qanunu özü və onunla bağlı qəbul ediləcək məqsədli proqramlar və qanunaltı qərarlar elə keyfiyyətlə həyata keçirilsin ki, bu mexanizm Azərbaycanda neft amilinin üstünlüyünə əsaslanan iqtisadi inkişaf modelindən insan kapitalına, insan inkişafının prioritet təşkil etdiyi modelə keçilməsinə və bu əsasda ökənin dayanıqlı və tarazlı inkişafına xidmət eləsin. Çünki bir sıra inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, həqiqi və etibarlı iqtisadi və sosial yüksəlişə və tərəqqiyə neftin, qazın, qızılın, gümüşın və digər təbii sərvətlərin zənginliyi ilə deyil, elmdə, innovasiyalarda və elmi texnologiyalarda üstünlük əldə etmək yolu ilə nail olmaq mümkündür.
-Sizin qaldırdığınız bu məsələ, yəni yeni inkişaf modelinə keçid məsələsi Azərbaycanın hazırda düşdüyü vəziyyətdən az itki ilə çıxması işində də gərəkli ola bilərmi?
-Nəinki gərəkli, islahatları dərinləşdirib yeni inkişaf modelinə keçid-Azərbaycanın hazırda düşdüyü vəziyyətdən az itki ilə çıxması işində özəyini təşkil etdiyindən, bu məsələ bizimçün fövqalədə aktuallıq kəsb edir. Son illər dünyada gedən kataklizmli proseslər hələ onun 2008-2009-cu illərdən miras qalmış və inersiya ilə davam edən ikinci dalğasıdır. Kim bilir, üçüncü dalğa  bundan da ağır,mürəkkəb daha çox risk və təhlükələrlə dolu ola bilər. Amma o da məlumdur ki, çətin vəziyyətlərdən çıxışın optimal yolu daha çox zehniyyatla bağlı məsələdir, yəni elmdən keçir. Belə çətin vəziyyətdə Azərbaycan yalnız yeni modelə keçməklə qlobal təzyiqlərə müqavimət qabiliyyətini artıra və itkiləri azalda bilər. Ona görə də islahatların, eyni zamanda həm də idarəetmədə elmilik artırılmalıdır. Böhran- məlum kataklizmlər, problemlər, risklər, təhlükələr toplusu olmaqla yanaşı həm də həqiqət anıdır… Toparlanmaq üçün bir çağırışdı…. Ölkəni yeni keyfiyyət halına gətirmək üçün şansdır. Bundan istifadə edib, neft amilinin üstünlüyünə əsaslanan inkişaf modelindən ölkənin tarazlı və dayanıqlı inkişafına köklü zəmin yaradan insan amilinin üstün inkişafına əsaslanan inkişaf modelinə keçmək lazımdır. Bu  yol –cəmiyyət həyatının bütün sahələrində köklü islahatlardan və əlbətə ki, həm də ölkədə elmə münasibətin köklü surətdə dəyişdirilməsindən keçir.
-Ölkədə elmə münasibətin köklü surətdə dəyişdirilmsi və idarəetmədə elmilik artırılması deyəndə daha çox nəyi nəzərdə tutursuz?
– Azərbaycanda elmə münasibəti dəyişməyə yönəlik islahatlar aparmaqla biliyimizi səfərbər etməyi, toparlamağı və ölkəmizi elm tutumlu ölkəyə çevrilməsini nəzərdə tuturam…. Bunlar çox geniş mövzulardı…..Ona görə də misallarla izah edirəm: Ölkədə elmə münasibətin köklü surətdə dəyişdirilməsi, idarəetmədə elmiliyin artırılması və biliyimizi səfərbər edilməsi elmi cəhətdən əsaslandırılmış öncəgörmələri asanlaşdırır və problemi vaxtında həll etməyə başlamaq mümkün olur. Nəticədə itkilər azalır, tarazlı inkişaf yoluna çıxış sürətlənir. Məsələn, Azərbaycanın postneft dövrünə hazırlığa münasibəti buna əyani misaldı… Onu da əlavə edək ki, ölkəmizin postneft dövrünə keçməsi dünyada qeyri-müəyyənliklərin, kataklizmlərin, risklərin sürətlə artması və enerjidaşıyıcıları bazarları uğrunda ölüm-dirim mübarizəsinin şiddətlənməsi dövrünə düşür. Ona görə də hökumət vəziyyətdən çıxış kimi ümidi neftin qiymətinin artmasına yox, elmi cəhətdən hərtərəfli əsaslandırılmış islahatlarım həyata keçirilməsinə bağlamalı və yeni inkişaf modelinə keçməlidir. Çünki təcrübə göstərdi ki, Azərbaycan iqtisadiyyatı özünün neftin bir barrelinin qiyməti yalnız 100 dollar ətrafında olanda yaxşı hiss edir, amma mötəbər ekspetlər yaxın dövrdə  neftin belə bir qiymətinin olacağını proqnozlaşdırmır.
Neft bazarları uğrunda mübarizə, bir müddətdən sonra su uğrunda mübarizə ilə müşayət oluna bilər.”Təhlükə qapımızı kəsdirən vaxt yadımıza düşmə”  üsulundan istifadəyə məruz qalmayaq deyə, regionumuzun  ən azsulu ölkələrindən biri kimi Azərbaycan olaraq  indidən su resurslarımızdan istifadənin səmərəliliyinin artırılmasının qeydinə qalmalıyıq…
Yaxud da başqa bir misal… Bir sıra ölkələrin hesabına dünya əhalisi sürətlə artır. Buna qarşı əlaltdan Maltusin “əhali-həndəsi silsilə ilə, maddi nemətlər isə ədədi silsilə ilə artdığından” müharibələrə, epidemiyalara əl atılması və sairlə bağlı nəzəriyyəsinin məlum elementləri tətbiq olunmağa başlayıb. Azərbaycana insan orqanizmi üçün ziyanlı məhsullar və keyfiyyətsiz dərmanlar gətirənlər də həmin prosesdə iştirak edir.Ölkəmizin özündə istehsallar, o cümlədən dərman istehsalı təşkil etmək və istehlakçıların hüququnu qanunla müəyyən olunmauş qaydada müdafiə etməklə bunun qarşısı alınmalıdır. Ötən il və bu ildə daxil olmaqla Azərbaycanda Maltusun  dediyi nisbətdə olmasa da, hər halda ÜDM-in artım tempi əhalinin artım tempindən geri qalır.Bu sahədə əlavə problemlər yaranmasın deyə əhalimizin ildə 1,2-1,3 faiz artımı fonunda artım templərimizi  azı 4 faizə çatdırmalı və sonra daha da sürətləndirməliyik. Bu da inkişaf modelimizi dəyişməklə mümkün ola bilər.
Azərbaycan adambaşına düşən torpaq sahəsinə görə aztorpaqlı ölkələr kateqoriyasına aiddir. Bundan əlavə ərazimizin 20 faizi işğal altındadı… Azərbaycanda adambaşına 1,08 ha torpaq fondu, 0,6 ha yararlı torpaq sahəsi, 0,2 ha əkin sahəsi düşür. Kənd təsərrüfatında istifadə edilən sahələr xeyli hissəsi şorlaşmaya, errozoyaya  məruz qalıb. Deməli belə aztorpaqlılıq və erroziya şəraitində biz yalnız elmi-texniki tərəqqiyə əsaslanan aqrar siyasətilə ərzaq təhlükəsizliyimizi təmin edə bilərik. Torpaqdan, sudan,qabaqcıl texnika və texnologiyadan, mütərəqqi aqrotexniki üsullardan səmərəli istifadə mexanizmləri qurmalıyıq ki, kənd təsərrüfatında əmək məhsuldarlığını artırıb, həm özümüzü dolğun şəkildə təmin edək, həm də xaricə satıb valyuta qazanaq, manatın arxasını neftdənkənar sahələrdən gələn mal və valyuta ilə doldura bilək. Bunları optimal variantda və az zaman kəsiyində yalnz elmin köməyi ilə etmək olar.
Azərbaycan əhalisinin xeyli hissəsi gənclərdir. Bizim əsas sərvtimiz neft-qaz yox, işgüzar xalqımız, istedadlı gənclərimizdi və həm də istifadə edə bilsək- milli dəyərlərimizdi… Potensialımıza layiq yaşamaqdan ötrü bu sərvətlərdən səmərəli  istifadənin elmi cəhətdən əsaslandırılmış üsullarını tətbiq dairəsini genişləndirməliyik.
Bir sıra inkişaf etmiş və digər ölkələrdə olduğu qədər kəskin xarakter almasa da, bir müddətdən sonra bizdə də demoqrafik qocalma göstəriciləri artacaq. Bununla yanaşı hazırkı mexanizm çərçivəsində pensiya sahəsində də problemlər yaşanıla bilər. Ona görə də pensiya sahəsində ciddi problemlərlə qarşılaşmamaq və pensiyaçıları layiqli pensiya ilə təmin etmək problemini həll etməkdən ötrü indidən dünyada özünü doğruldan mexanizmlərdən yaradıcılıqla istifadə olunmalıdır.
Günümüzlə səsləşən başqa bir misal da çəkə bilərəm: 2016-cı ilin dürüstləşdirilmiş büdcə xərclərinin 18,5 milyard manatdır. Bu o deməkdir ki, çətin dövr olsa da, bu ilin yetərincə iri büdcə xərcləmələri iqtisadi fəallığı müəyyən dərəcədə artıracaq. Amma bununla paralel olaraq Mərkəzi Bank isə uçot dərəcəsini qaldırıb sərt monetar siyasət yeritməklə və dövriyyədə manat kütləsini azaltmaqla bank faiz dərəcələrinin artmasına rəvac verir, iqtisadi fəallığı, investisiya fəallığını isə aşağı salır. Bununla əlaqədar bildirmək istəyirik ki, hazırkı reallıqlar şəraitində bu yolla manatı sabit saxlamaq, infilyasiyanı azaltmaq xəstəni müalicə etmək əvəzinə onu ağrıksici ilə doyuzdurub, müvəqəti olaraq ağrılarını azaltmaq kimi bir yoldur. Bu yol asan olsa da, problemin həlli yolu yox, impravizasiya yoludur. Çox perspektivsiz və həm də sosial-iqtisadi baxımdan təhlükəli yoldur. Ən etibarlı yol-islahatlar yoludur… Ona görə də Mərkəzi Bank belə sərt monitar siyasət yeridərkən ifrata varmamalıdır ki, son aylar qeyri-neft sektorunun inkişafına, idxalı əvəz edən məhsullar və qeyri-neft ixracını stimullaşdırılmasına yönəldilən addımlar kəsəri itirməsin. Əks halda son aylar başlanılan həmin mütərəqqi başlanğıclar rüşeymindəcə boğula bilər. Axı BFV-in reseptləri əsasında yeridilən siyasətin dozasını artıranda, hansı fəsadlara səbəb olub, qeyri neft sektorunun inkişafını necə boğması və ölkəni xaricdən gətirilən keyfiyyətsiz malların satış poliqonuna necə çevirməsi həm xarici, həm də öz təcrübəmizdən yaxşı məlumdur… Ona görə də hazırkı mərhələdə hökumətin Azərbaycan üçün çox prinsipial olan bu məsələni diqqətdə saxlamasını və iqtisadi komandanın fəaliyyətinin koordinasiyasını gücləndirməyi zəruri hesab edirik.
-Bir il bundan əvvəl Milli Məclisdə Elm haqqında qanun I oxunuşda müzakirə olunarkən oradakı diskussiyalara münasibətdə çox maraqlı bir ifadə işlətdiz:”Azərbaycan elminin əsas problemi alimindən daha çox maliyyəsi ilə bağlıdır”…Bu tezisi necə əsaslandırırsız?
-Əlbəttə Azərbaycan elminin problemlərini yüzdə-yüz yalnız bir amillə bağlamaq düzgün olmaz. Biz bunu deyəndə, hazırki reallıqdan çıxış edib, bu sahədə daha önəmli amili nəzərdə tuturduq. Şəksiz ki, burda dəyərlər sisteminin məcmusu kimi böyük hərflərlə yazılan mədəniyyətdən başlamış, müasir təfəkkürə, düşüncə tərzinə, inkişafımızın hazırkı səviyyəsinin məntiqindən doğan mənfi və müsbət meyllərə qədər çox amil rol oynayır. Çünki hər bir millətin tərəqqisində genotip amili və onun irsilik, dəyişkənlik, selleksiya komponentləri mühüm rol oynayır. Yəni hazırkı sərt çağırışlar mərhələsində müqavimət qabiliyyətimizi artırıb, az itki ilə vəziyyətdən çıxmaq və dayanıqlı inkişaf yoluna keçməkdən ötrü, digər şərtlərlə yanaşı, həm də hər birimizin bacardığını əsirgəməməsi şərtilə kollektiv ağlımızı işə salıb, “sənə nə miras qalıb?”,”sən yaxşıya doğru nə qədər dəyişə bilərsən?” və “sən ağı qaradan nə qədər ayıra bilərsən?” kimi 3 fundamental sualın (əslində bütün dövrlər üçün aktual fundamental çağırışların) heç olmasa birinə cabab verə bilməliyik. Bu baxımdan bizə elə gəlir ki,”Azərbaycan elminin əsas problemi alimindən daha çox maliyyəsi və təşkili ilə bağlıdır” ifadəsində həqiqət payı yetərincədir…
Azərbaycanda kifayət qədər güclü elm potensialı var. Dəqiq elmlər üzrə məktəbin olması da millətin təqəqqisini müəyyən edən amillərdəndir… Düzdü, elmi kontingentin bir hisssəsi ölkəni tərk etsə də, gəncliyin potensialını da əlavə etməklə yenə potensialımızı orta səviyyədən yuxarı dəyərləndirmək olar… Müasir Azərbaycan gənci prestijli dünya universitetlərində ingilis, fransız, alman və sair ölkələrin gəncindən heç də pis olmayan göstricilər nümayiş etdirə bilir, olimpiadalarda uğur qazana bilir və sair. Azərbaycan gəncinin İTK sahəsindəki  mənimsəmə qabiliyyəti heç kimdən geri qalmır. Deməli bizdə zehni məsələdə problem yoxdu, onu hərəkətə gətirməklə yüksək olmasa da, orta səviyyəli və yaxşı nəticələrə nail olmaq olar.
Amma bundan ötrü elm sahəsində məqsədyönlü islahatlar aparılmalı və xüsusən də əvvəlcə onun pespektivli məqamları üzrə maliyyə təminatı gücləndirilməlidir. Təhlillər göstərir ki, elmin maliyyələşməsi, elmin inkişafı və ölkənin inkişaf səviyyəsi arasında bir qarşılıqlı asılılıq əlaqəsi var. İnkişaf etmiş ölkələrdə elmi tədqiqatlara düşən vəsait adambaşına 700 dollardan çox təşkil edir. Bu rəqəm Amerika Birləşmiş Ştatları, Yaponiya, İsraildə 1100, Rusiyada 86, Azərbaycanda 20 dollar təşkil edir. Adambaşına 20 dollarlıq bir maliyyə  təminatı ilə alimdən yüksək nəticələr gözləmək, bizə elə gəlir ki, xəyalpərəstliyə yaxın bir şeydi….
İkinci, əgər elmə ayrılan vəsait ümumi daxili məhsulun 2 faizindən aşağıdırsa, bu, həmin ölkənin iqtisadi təhlükəsizliyinə böyük bir təhdiddir. Azərbaycanda elmə ayrılan vəsaitin 90 faizə qədəri büdcə vəsaitidir. Bizdə elmə ayrılan vəsait ümumi daxili məhsulun 0,2 faizidir, yəni təhlükəli həddən 10 dəfə aşağıdır. Bu iki göstərici əyani şəkildə göstərir ki, Azərbaycan elminin əsas problemi alimindən daha çox maliyyəsi ilə bağlıdır…
 -Dediniz ki, qanun layıhəsinin özəyini Azərbaycanın xammal istehsal edən ölkədən bilik istehsal edən ölkəyə çevrilməsi təşkil edir. Amma buna necə nail olmalı sualı qanun layihəsində tam açılmayıb… 
– Qanun layihəsi buna buna necə nail olmalı sualının açamasını verən yox, ona hüquqi təminat yaradan sənəddir. Biz bu suala, praktiki olaraq, məsələn, II Dünya müharibəsindən sonrakı dövrdə atom nüvə silahına məruz qalmış Yaponiyanın qısa tarixi zaman kəsiyində dünyanın ikinci dövlətinə necə çevrilməsi, ondan bir müddət sonra  isə ötən əsrin səksəninci illərindən Cənubi Koreyayanın necə innovasiyalı sıçrayışa nail olduğunu öyrənib, həyatımıza, iqtisadiyyatımıza yaradıcılıqla tətbiq etməklə cavab verməliyik. Bu yolun formulu çox sadə və aydındır: islahatların üzünü daha çox xalqa doğru çevirib, neft pullarının bir hissəsini elmimizin, təhsilimizin, yəni beynimizin inkişafına yönəltmək və “qara qızılı” daha geniş miqyasda insan kapitalına çevirmək…
-Bundan ötrü nə etməli?
– Əgər biz bu istiqamətdə yüksək nəticələrə nail olmaq istəyiriksə, ümumiyyətlə cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlarla əvvəlcə  düşüncə tərzimizi dəyişdirməliyik. Elmdəki köklü islahatlar həmin böyük islahatların məntiqi tərkib hissəsi olmalıdır. Hesab edirik ki, Azərbaycan elmində köklü islahatlar alimin statusunun qaldırılmasından, maaşların, elmi tədqiqatların nəticələrinin praktikaya tətbiqinin stimullaşdırılmasının artırılması ilə paralel həyata keçirilməlidir. Bu istiqamətdə maliyyələşmə sistemi sovetdən qalma köhnə qalıq prinsipindən beynəlxalq praktikada özünü doğrultmuş mütərəqqi üsullara keçməklə tətbiq olunmalıdır. Elm haqqında qanun layihəsində elmin və elmi texniki fəaliyyətin maliyyələşdirilməsi dövlət büdcəsi ilə yanaşı elmi fəaliyyət subyektlərinin öz vəsaitləri və cəlb olunmuş vəsaitlər, dövlət fondları vəsaitləri, kreditlər, qrantlar, ianələr və digər mənbələr hesabına həyat keçirilməsini nəzərdə tutur.
Elmin maliyyələşməsindən ciddi dönüşə nail olmaqdan ötrü dövlətin, biznesin və elmin effektiv kombinasisiyasına nail olub, elmin nəticələrinin praktikaya tətbiqini gücləndirmək lazımdır. 2020-ci ilə qədər elmə ayrılan vəsaiti ÜDM-in 0,2 faizdən həm dövlət büdcəsi, həm də özəl bölmənin hesabına 0,8 faizə, 2025-ci ildə isə 1,5, bəlkə də güc versək, 2 faizə çatdırmaqla təhlükəli həddən çıxmaq lazımdır.
Manatın devalvasiyalarına qədər Milli Elmlər Akademiyasında işləyən kiçik elmi işçi 187 manat, elmi işçi 220 manat, böyük elmi işçi 253 manat, elmlər doktoru 410 manat, üzərinə də 100 manat gələndə 510 manat pul alırdılar. Devalvasiya ilə əlaqədar maaşlar 10 faiz artırılıb. Əgər alim, elmi işçi belə aşağı, belə az bu məvacibə işləyirsə, onu yalnız fədakar adlandırmaq olar. Bu, dövlət qulluğunda işləyən kiçik məsləhətçinin aldığı maaş qədərdir. Ona görə də elmi işçilərin stimullaşdırılmasının etibarlı mexanizmi hazırlanıb tətbiq edilməlidir ki, bir tərəfdən gənclər elmdən getməsin ki, nəsillər arasındakı əlaqə qırılmasın, digər tərəfdən isə yüksək potensialı olan alimlər və elmi işçilər öz potensiallarına layiq də gəlir əldə edə bilsinlər. Bu cür yeni əsaslarda elmin inkişaf səviyyəsi yüksəldikcə onun cəmiyyətimizin, o cümlədən dövlətin inkişafına və onun idarə edilməsinin elmiliyinin artırılmasına da təsiri güclənəcəkdir.

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …

Bir cavab yazın