Ana səhifə / Kriminal / “Atam gəzdiyi qadınları evə gətirir, anamla bacım…” – Qəbələdə dəhşətli olay

“Atam gəzdiyi qadınları evə gətirir, anamla bacım…” – Qəbələdə dəhşətli olay

Qəbələ rayonunda atasına qarşı cinayət törətməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Ramil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramil Abdullayev ötən il martın 24-də saat 18 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşadıqları evin həyətində atası Ramizin anası Səbiləni döyməsindən əsəbiləşib.

O, həyətdə qadınların gözü qarşısında atasının ünvanına nalayiq söyüşlər söyüb, sinəsinə və qoluna bir neçə yumruq-təpik vurub. Daha sonra atasını yerə yıxaraq döyüb.

Bu zaman qadınların səs-küyünə magistral yolda avtomobil təmir edən Ülfət Sadıqov, yaxınlıqdakı çayxanadan Qahir Qasımov və Nabir Məmmədov gəliblər. Onlar bir-birilərini təhqir edən ata-oğulu ayırıblar. Ramiz Аbdullаyevi həyət qapısından magistral yola çıxarıb, çayxanaya aparmaq istəyiblər.

Ramil onların arxasınca gəlib. Oğlu tərəfindən döyüləcəyindən qorxan Ramiz evin qarşısında, magistralın Vəndam qəsəbəsindən keçən hissəsində yol kənarında saxladığı özünə məxsus “Ford Tranzit” markalı avtomobilin yanına gedib, qaçmaq məqsədilə avtomobilə oturub.

Ramil yaxınlaşaraq avtomobilin sаğ yan şüşəsini sındırıb, atasını təpiklə vurub, sonra yerə yıxaraq döyməyə başlayıb.

Ramiz Abdullayev xəsarət alıb. Xəstəxanada müalicə alan ata oğlundan polisə şikayət edib.

Ramil Abdullayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaq orqanı Ramil Abdullayev barəsində Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Abdullayev bildirib ki, atası hər gün anasını və bacısını döyüb.

Onun sözlərinə görə, arası qeyri-qanuni əlaqədə olduğu qadınları evə gətirib, ailənin birgə sahib olduğu avtomobili sataraq gəzdiyi qadının müalicəsinə xərcləmək istəyib: “Buna mane olduğuma görə aramızda münaqişə yarandı. Atamı itələdim, qolu sındı. Lakin bütün müalicə xərclərini özüm çəkdim. Atam məndən əlavə 5000 manat pul istədi, verməyəcəyim təqdirdə isə polisə şikayət edəcəyini bildirdi”.

Qəbələ rayon Məhkəməsinin hökmü ilə ittihamda bəzi dəyişiklik edilib. Hökmə əsasən, istintaq orqanı tərəfindən Ramil Abdullayevə verilən xuliqanlıq əməli sübuta yetirilməyib. Bu səbəbdən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ittihamdan xaric edilib.

Ramil Abdullayev Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib və ona аylıq qаzаncındаn 15 fаiz məbləğində pul dövlət nəfinə tutulmаqlа 1 il müddətə islah işləri cəzası verilib.

Bu hökmdən narazı qalan Ramiz Abdullayev apelyasiya şikayəti verib. O, oğlunun cəzasının ağırlaşdırılmasını istəyib.

Ramiz Abdullayevin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin şikayətinin dəlilləri araşdırılıb.

Ramiz Abdullayevin şikayəti təmin olunmayıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …