Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Ata və qızının öldüyü dəhşətli qəza ilə bağlı məhkəmədə müəmma – sürücü 2 ildir sağalmır?

Ata və qızının öldüyü dəhşətli qəza ilə bağlı məhkəmədə müəmma – sürücü 2 ildir sağalmır?

3 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı məhkəmə iclası davam etdirilir. Yol nəqliyyat hadisəsi 2017-ci ilin oktyabrın 2-də baş verib. Məhkəmə prosesinin bu zamana qədər uzanması zərəçəkmiş tərəfləri narazı salıb…

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar İbrahimovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Məhkəmə iclası hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.

Təqsirləndirilən İlqar İbrahimov məhkəmə iclaslarında iştirak etmir. Buna səbəb onun da qəzadan sonra ağır xəsarət alması və yataq şəraitində müalicəsini davam etdirməsi göstərilir.

Xatırladaq dəhşətli qəza hadisəsi Şamaxıda baş verib. Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub.

Qəzada Gülnar Hüseynovanın sərnişinləri – hşyat yoldaşı Elman və qızı Nigar aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.

İlqar İbrahimovun sərnişini olan Ağsu rayon sakini Teymur Soltiyev də hadisə yerində dünyasını dəyişib. Qəza zamanı hər 2 sürücü və digər sərnişinlər də xəsarət alıb.

Qəzaya səbəb İlqar İbrahimovun abtomobili yüksək sürətlə idarə etməsi və yol hərəkəti qaydalarını pozması göstərilir. Onun barəsində cinayət işi açılsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. Buna səbəb İ.İbrahimovun hər iki ayağının sınması və bu günə qədər bir neçə dəfə əməliyyat olunması göstərilir.

Ancaq mərhumların ailə üzvləri bununla razılaşmır. Onlar deyirlər ki, İlqar İbrahimov hazırda Ağsudadır və məsuliyyətdən yayınmaq üçün belə bir yalanı ortaya atıblar.

Məhkəmə təqsirləndirilən şəxsin səhhəti ilə bağlı şübhəli məqamı araşdırmaq üçün həkimləri dindirib. Həmin həkimlər İbrahimovun əməliyyatı və onun normal şəkildə hərəkət edib-etmədiyi barədə suallara cavab veriblər.

Məhkəmədə dindirilən həkimlər arasında professor Çingiz Əlizadə də olub.

Çingiz Əlizadə Respublika Travmatologiya Xəstəxanasında çalışan zaman İlqar İbrahimovu əməliyyat edib.

Professordan əvvəl isə İlqar İbrahimov daha bir əməliyyat keçirib. Sol bud sümüyünün qırığı və sağ ayağında sınıq olan İlqar İbrahimovun əməliyyatdan sonra sol ayağında irinləmə olub. Bu zaman da Çingiz Əlizadə onu əməliyyat edib.

Professor ifadəsində deyib ki, xəstəni bir dəfə əməliyyat edib:

“16.07.2018-ci il tarixində bizim şöbəyə daxil olub. Sağ budunun sınmış sümüyünün birləşməsi gedirdi. 18.07.2018-ci il tarixdə əməliyyat etdik. Biz əməliyyatdan sonrakı fəsadlara baxırıq. Əməliyyat zamanı çürümüş və irinləmiş hissələr təmizlənib. Həmin əməliyyatdan sonra yara dağılmağa başlayanda evə yazılıb.

Xəstə ilə telefonla danışdım, mənə rentgenləri göndərdilər. Məlum oldu ki, sağ ayağında çürümə yoxdu, solda isə hələ də bitişmə prosesi gedir. Bu proses bir ilə qədər davam edə bilər”.

Məhkəmənin suallarlndan məlum olub ki, əməliyyatdan sonra təqsirləndirilən İlqar İbrahimovun sol ayağında 5 santimetrə qədər qısalma var. Sağ ayağında isə hələ də sümüyün bitişməsi prosesi gedir. İlqar İbrahimov bundan sonra hərəkət etsə belə axsayaraq yeriməli olacaq.

Mərhumların yaxınlar professora sual verərək soruşublar ki, xəstənin hazırda hərəkət etməsi, məhkəməyə gəlməsi mümkündürmü?

Professor cavabında bildirib ki, xəstəni uzun müddətdir görmədiyi üçün bu haqda nəsə deyə bilməz: “Bu sözü demək böyük məsuliyyətdir. Amma xəstənin yanında həkimlər göndərib, yerində baxış keçirmək olar. Onların rəyi ilə də xəstəni bura gətirib-gətirilməyəcəyi ilə bağlı da qərar vermək olar”.

Məhkəmə iclası aprelin 2-də davam etdiriləcək.

Qeyd edək ki, İlqar İbrahimov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. (Musavat.com)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …