Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “ASAN”-da sahibkarlara növbəti dəfə lisenziyalar verildi

“ASAN”-da sahibkarlara növbəti dəfə lisenziyalar verildi

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 5 saylı “ASAN xidmət” mərkəzində sahibkarlara növbəti lisenziyalar təqdim edilib.

Azinforum.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, bu lisenziyalar avtomobil nəqliyyatı ilə ölkədaxili və beynəlxalq yük daşımaları, əczaçılıq fəaliyyəti, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışı, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara verilib.

Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarına lisenziyaların alınması ilə bağlı edilmiş digər müraciətlərə də baxılır və qısa müddətdə lisenziyaların verilməsi təmin ediləcək.

Xüsusi razılıq (lisenziya) almış sahibkarlar müraciətlərinə qısa müddətdə baxılmasından və lisenziyaların verilməsi prosesində şəffaflığın təmin edilməsindən məmnunluğunu ifadə edib, sahibkarlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi barədə dövlət başçısının fərmanı sahibkarlığın inkişafına dəstək verməklə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların daha bir göstəricisidir.

Qeyd edək ki, Azərbaycan prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ilə verilmiş tapşırıqların yüksək səviyyədə icrası məqsədilə qısa müddət ərzində zəruri tədbirlər görülüb, sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi məqsədilə nazirliyin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşları üçün treninqlər keçirilib, sahibkarlıq subyektləri məlumatlandırılıb.

Belə ki, bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılıb, lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləmək tövsiyə edilib. Artıq lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflərin hazırlanması yekunlaşmaq üzrədir.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın