Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar – anlaqsız imiş

Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar – anlaqsız imiş

Arvadını vəhşicəsinə döyən, daha sonra isə bıçaqlayan şəxsin psixi problemləri olduğu məlum olub və o müalicəyə göndərilib. Bu qərardan isə zərərçəkmiş qadın narazı qalıb.

Musavat.com xəbər verir ki, 1977-ci il təvəllüdlü Abdurzayev Zahir Mikayıl oğlu Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

İşi araşdıran məhkəmə belə qənaətə gəlib ki, Zahir Abdurzayev bu əməli törədən anda anlaqsız vəziyyətdə olub. Ona görə də cinayət məsuliyyətindən azad edilib, barəsində ümumi tipli psixatriya stasionarında məcburi müalicə təyin edilib.

İttihama görə Zahir Abdurzayev Qusar rayonu Quxur-oba kəndində anası Raifat Abdurzayevaya məxsus fərdi yaşayış evinin mətbəxində olarkən arvadı Şəkixanova Nubar Rəmixan qızı ilə mübahisə edib.

Buna səbəb Z.Abdurzayevin özünə məxsus torpağın satılması üçün arvadının onu təhrik etməsi olub.

Aralarında baş vermiş mübahisə zamanı o, Nubar Şəkixanovanı qəsdən öldürmək qərarına gəlib. Az yaşlı qızının gözü qarşısında onlara xüsusi iztirab və əzab verdiyini dərk edərək xüsusi amansızlıqla arvadı Nubar Şəkixanovaya əvvəl başından və bədəninin həyat üçün təhlükəli olan orqanlarından çoxsaylı yumruq-təpik zərbələri ilə vurub.

Zərbələrinin təsirindən yerə yıxılmış arvadını qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün mətbəxdən götürdüyü bıçaqla bir dəfə onun kürək, bir dəfə isə bel nahiyyəsindən zərbə endirib.

İttihama görə hadisə yerinə Zahir Abdurzayevin qardaşı Mahir Abdurzayev gəlib və cinayət əməlini başa çatdırmağa mane olub, bıçağı onun əlindən alıb.

Zərərçəkmiş Nubar Şəkixanova Bakı Ağır Cainyətlər Məhkəməsinin qərarından narazı qalıb. O, apellyasiya şikayəti verib və bildirib ki, istintaq zamanı keçirilmiş son ekspertizanın rəyinə əsasən ərinin cəmiyyət üçün təhlükəliyini nəzərə alaraq onun daha ciddi rejimli şəraitdə müalicə alması məsləhət görülüb. Amma məhkəmə əsassız olaraq əri barəsində ümumi tipli psixatriya stasionarında məcburi müalicə almasını təyin edib.

Bu şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Məhkəmə apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixatriya Xəstəxanasından məhkəməyə daxil olmuş məktubda qeyd olunub ki, Zahir Abdurzayevin hazırki psixi
vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir.

Cinayət işinin materiallarında olan stasionar məhkəmə-psixatrik ekspertizasının rəyinə görə Zahir Abdurzayevdə şizofreniya paranoid forma xroniki psixi xəstəlik müəyyən edilib. Belə olan halda Z.Abdurzayevdə psixi vəziyyətin dəyişikliyi, özünü qeyri-adekvat aparması, şübhə hissi keçirməsi, öz aləminə qapanması, gecələr yata bilməməsi kimi halla müşahidə olunur.

Məhkəmənin qərarına əsasən Abdurzayev öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb. Buna gorə də Z.Abdurzayev ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilib.

Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, Abdurzayev Zahir Mikayıl oğluna qarşı ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədə müvafiqdir.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …