Cümə , Oktyabr 23 2020
Ana səhifə / Kriminal / Arif Alışanova qarşı sui-qəsddə ittiham edilən şəxslərin cəzası azaldıldı

Arif Alışanova qarşı sui-qəsddə ittiham edilən şəxslərin cəzası azaldıldı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədri Arif Alışanovu öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlən şəxslərin cəzası azaldılıb.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslər aldıqları cəzadan narazı qalaraq apellyasiya şikayəti veriblər. AzTV-nin sabiq sədrinə qarşı sui-qəsddə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərova 18 il, Qoçəli Cəbiyevə 16 il, Zöhrab Şirinova 16 il, Aqşin Hüseynova isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdi. Bakı Apellyasiya Məhkəməsinə müraciət edən Ş.Əkbərovun cəzası 16 ilə, Z.Şirinovun cəzası isə 14 il 6 aya endirilib.

Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həmçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

İttihama görə, M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Xatırladaq ki, A.Alışanov bir müddət əvvəl prezidentin sərəncamı ilə işdən çıxarılıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …