Ana səhifə / Kriminal / Aqrar sığorta sahəsində vəziyyət dəyişir – Naxçıvan öndə…

Aqrar sığorta sahəsində vəziyyət dəyişir – Naxçıvan öndə…

Azərbaycanda aqrar sahənin inkişafına dövlət diqqəti və qayğısı getdikcə artır və bunun ümdə səbəblərindən biri dövlətin qeyri-neft sektorunun bu istiqamətində məhsul istehsalının artımına nail olmaq istəyindən irəli gəlir. Digər tərəfdən, aqrar sahədə istehsalın artımı ərzaq təhlükəsizliyi baxımından da çox önəmli sayılır. Belə vəziyyətdə yenidən aktuallaşan məsələlərdən biri isə aqrar sığorta ilə bağlıdır.
Çünki məhz bu sığorta növünün tətbiqi aqrar sahədə daha çox məhsul əkməyə stimullaşdırılan fermerin hər hansı təbiət hadisəsi zamanı böyük zərərə düşməsinin də qarşısını alır.
Hazırda real vəziyyət aqrar sığorta ilə bağlı situasiyanın hələ də qənaətbəxş olmadığını göstərir. Amma ötən illərə nisbətdə müəyyən irəliləyişlər də var. Məsələn, Naxçıvanda bu sahədə vəziyyət müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişib. İlin əvvəlindən etibarən Naxçıvanda kənd təsərrüfatı bitklərinin sığortasına başlanıb. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi əkin sahələrinin, meyvə bağlarının, kənd təsərrüfatı texnikalarının sığortalanması üçün rayonlarda maarifləndirmə tədbirləri aparır. Agentliyin rəhbəri Hikmət Əsgərov “fins” portalına bildirib ki, Şərur, Sədərək, Şahbuz və Ordubad rayonlarında kənd təsərrüfatı bitkilərinin sığortalanması ilə bağlı torpaq sahibləri ilə maarifləndirici görüşlər keçirilib.
Agentlik rəhbərinin sözlərinə görə, artıq torpaq sahibləri və sahibkarlar sığortaya maraq göstərirlər. Buna səbəb həm də əkin sahələrinə tez-tez təbii fəlakətlər nəticəsində ciddi ziyan dəyməsidir. Sahibkarlar başa düşürlər ki, gözlənilmədiyi halda böyük ziyanla qarşılaşmamaq üçün əvvəlcədən əkin sahələrini sığortalamaq çox vacibdir. 2016-cı ilin 6 ayında 627 vətəndaşa məxsus kənd təsərrüfatı bitkiləri sığortalanıb. Əkin sahələri kənd təsərrüfatı bitkilərinin könüllü növü üzrə sığortalanıb. Sığortalanan əkin sahələrinin 90 %-i taxıl, qalan hissəsi isə kartof, qarğıdalı və əkin sahələridir. H.Əsgərovun sözlərinə görə, ilin əvvəlindən kənd təsərrüfat bitkilərinin sığortası ilə bağlı 4-5 hadisə olub. Əsas sığorta hadisələri isə sel və dolu nəticəsində dəyən ziyanla bağlıdır. Əkin sahələrinə dəyən ziyan dəqiqləşdiriləndən sonra bununla bağlı sahibkarlara ödəniş ediləcək.
Hesab edilir ki, bütün ölkə boyu aqrar sığortanın genişləndirilməsinə böyük zərurət var. Düzdür, hökumət bu istiqamətdə artıq intensiv iş aparır. Ölkəmiz qardaş Türkiyənin aqrar sığorta sahəsində təcrübəsini tətbiq etməkdə daha çox maraqlıdır. Türkiyənin TARSİM – aqrar sığorta sisteminin işinin öyrənilməsi məqsədilə də intensiv fikir mübadiləsi aparılır. Elə Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı hazırlanmış qanun layihəsində də TARSİM modeli əsas götürülüb. Bu modelə görə, aqrar sahədə risqlərdən qorunmaq üçün “sığorta daxılı” mexanizmi yaradılmalıdır. Sığorta şirkətləri topladıqları sığorta haqlarını “Sığorta daxılı”na təhvil verməli, buna görə komisyon haqqı almalıdır. Başqa sözlə, şirkətlər “Sığorta daxılı”nı idarə edən büronun agentinə çevrilir. Sığorta ödənişləri isə birbaşa büro tərəfindən aparılır.
Kənd təsərrüfatında risqlərin aradan qaldırılması üçün isə prosesin daha da sürətləndirilməsi vacib sayılır. Çünki kənd təsərrüfatı sığortaları fəlakətlərə qarşı texniki tədbirlər yetərli olmadığında ziyanın aradan qaldırılması üçün zəmanət yaradır. Digər tərəfdən, aqrar sığorta istehsalçının gəlirlərində sabitliyi təmin edir, yeni texnologiyaların tətbiqinə dəstək verir. Hesab edilir ki, fermerlərin də bu sahəyə marağını artırmaq üçün maarifləndirmə tədbirləri genişləndirilməlidir. Ekspertlər bildirir ki, fermerlərin sığorta məsələsinə biganə yanaşmasının bir səbəbi bu sahə barədə məlumatının az olması, digər səbəbi isə sığorta şirkətlərinə inamsızlığıdır. Amma bəzən heç sığorta şirkətləri də fermerləri sığortalamağa ciddi maraq göstərmir. Hesab olunur ki, indiki durumda sığorta məsələsində birinci kənd təsərrüfatında çalışanlar arasında sığortaya olan güvənin artırılması lazımdır. İkincisi, maarifləndirmə işlərinin aparılması zəruridir. Məhz bundan sonra işlər uğurlu ola bilər.
Hər halda, proseslərin gedişi göstərir ki, dövlət aqrar sahənin inkişafı fonunda sığortalama prosesinin də genişlənməsində maraqlıdır. İndi fermerlərin də bu prosesdə aktiv iştirakı olduqca zəruri sayılır.

Tahir TAĞIYEV

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın