Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Anası gözlərinin qarşısında öldürülən qadın:”Axırıncı zərbədə bıçaq qırılıb, ürəyində qaldı”

Anası gözlərinin qarşısında öldürülən qadın:”Axırıncı zərbədə bıçaq qırılıb, ürəyində qaldı”

Arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Maştağa qəsəbəsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Zamin Rəsulovun arvadı ilə aralarında pul üstündə mübahisələri olub. Belə ki, Zamin Rəsulov 90 min manat pulun arvadı tərəfindən ondan xəbərsiz xərclənməsinə etiraz edib və onlar arasında dəfələrlə mübahisə olub. Sonuncu mübahisə isə qətllə nəticələnib.

Elan edilmiş ittihamla bağlı Zamin Rəsulovdan özünü təqsirli bilib-bilməməsi soruşulub. Z.Rəsulov söyləyib ki, hadisə vaxtı qızının və özünün orada olduğunu xatırlayır.

Davranışlarında problem olduğu hiss edilən Z.Rəsulov söyləyib ki, əsəbi olub, həmin vaxt gözünün birindən ağrı başlayıb, ürəyi döyünüb, əlləri əsib. Rəsulov sonra əlinin kəsildiyini və ətrafın qan olduğunu xatırladığını qeyd edib.

Pul məsələsindən də danışan Rəsulov qeyd edib ki, mərhum arvadı 20-yə yaxın qadından pul alıb. Sonra həmin pulları geri qaytarmayıb. Onun sözlərinə görə, evinə gələn qadınlar pulu ondan tələb edib.

Hadisə barədə daha ətraflı danışan Z.Rəsulov özündə olmadığını deyib: “Əvvəlcə öz başıma-başıma vurdum. Qulağım guruldadı. Əlimdən fontan kimi qan çıxırdı. Qaranlıq koridorda idim. Sonra polislər gəldi. Dedilər ki, mən eləmişəm”.

Prokurorun arayışından məlum olub ki, mərhum ölmədən əvvəl qızına məktub yazıb, öləcəyi təqdirdə günahkarın Zamin Rəsulov olduğunu qeyd edib. Rəsulov belə bir hadisənin olmadığını, arvadını heç vaxt hədələmədiyini deyib.

Prosesdə Zamin Rəsulovun qızı da ifadə verib. O, deyib ki, daha əvvəl anası ilə atası arasında dava-dalaş olmayıb. Amma son vaxtlar münasibətləri pozulub: “Anam xəstələnəndə atam dedi ki, cəhənnəmə olsun. Əməliyyat olunandan sonra da evə qoymadı. Dedi ki, evə gətirmə. Atam mənə dedi ki, anan pulları nə edib? Mən də dedim ki, ər-arvad özünüz bilərsiz. Sonra əmimgillə atamın yanına getdik, danışdıq. Razılaşmadan sonra anam evə qayıtdı. Bir müddət sonra atam dedi ki, gəl ananı apar, yoxsa öldürəcəm. Sonra anamı öz evinə gətirdim. Atam xəstələnəndə onu xəstəxanaya apardıq. Atam xəstəxanada olanda anam məndən evin açarını istədi. Mən də hər gün xəstəxanaya atamın yanına gedirdim. Bir neçə gün sonra atamı xəstəxanadan çıxarıb evə apardım. Atam anamı evdə görəndə mənə dedi ki, evin açarını niyə vermisən? Mən də dedim ki, öz evinin açarıdır. Bir neçə saat mübahisə elədilər. Anamla mən divanda oturmuşduq. Atam birdən otağa girdi, mənə dedi ki, çölə çıx. Atam anama dedi ki, pulları nə eləmisən? Elə belindən bıçağı çıxarıb başladı vurmağa. Birinci bıçaq əlimə batdı. Sonra dəfələrlə vurdu. Anam alverlə məşğul idi. Mal satırdı. Pul davası da həmin işlə bağlı idi”.

Şahid deyib ki, sonuncu zərbədə bıçaq anasının ürəyində qırılıb qalıb.

Cinayət hadisəsi bu il Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovaya iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerindəcə keçinib. Hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib.

Məlumata görə, əvvəllər bir neçə dəfə infarkt keçirmiş 62 yaşlı Z.Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Sonuncu müalicə prosesindən sonra qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gəldikləri gün kişi ilə xanımı arasında mübahisə yaranıb. Z.Rəsulov mətbəx bıçağını götürərək, həyat yoldaşına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib və təcili yardım çağırsa da, artıq gec olub.

Hadisəni törədən Z.Rəsulov iki dəfə evli olub. O, uzun illər əvvəl N.Rəsulova ilə ailə qurub. Lakin boşanaraq başqa qadınla evlənib. Xeyli keçəndən sonra Z.Rəsulov ilk həyat yoldaşının yanına qayıdıb.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …