Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Alışanovla bağlı məhkəmədə dava düşdü –”Adam öldürüb, gəlsin, cavab versin…”

Alışanovla bağlı məhkəmədə dava düşdü –”Adam öldürüb, gəlsin, cavab versin…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azinforum.az-ın Bizimyol.info-ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şamaxı notariat kontorunun rəhbəri Yaşar Eyyubov dindirilib. O, bildirib ki, Şücaət Əkbərov həbs edildikdən sonra notarius kimi polis şöbəsinə dəvət edilib və orada Şücaət keçmiş həyat yoldaşı Səlimə Sadıqovanın adına etibarnamə verib. Səlimə Sadıqova isə notariat kontoruna gələrək, əmlak və torpaq sahələrini başqalarının adına keçirib.

Şücaət Əkbərov vəkilə sual verərək, əmlakların Səlimə tərəfindən dəyərindən daha aşağı qiymətə başqalarına satılmasından şübhələnib-şübhələnmədiyini soruşub. O, bildirib ki, satılan əmlakın qiymətini alqı-satqı edənlər müəyyən etdiyindən, qiymət onda şübhə oyatmayıb.

Vəkil bildirib ki, Yaşar Eyyubov istintaqa ifadəsində Hacı Babayevin aldığı torpaqlar üçün alqı-satqılara makler kimi Şücaət Əkbərovun gəldiyini, Hacı Babayevin isə sonda gəlib qol çəkdiyini deyib.

Şahid isə bildirib ki, alqı-satqı layihəsi əvvəlcədən notariata təqdim oluna bilər, ancaq alıcı və satıcı birlikdə gəlməsə, alqı-satqılar notarial qaydada təsdiqlənə bilməz. O, həmçinin bildirib ki, alıcıların kimliyi barədə məlumatı yoxdur.

Onun cavabları Şücaət Əkbərovun sərt etirazlarına səbəb olub. O, vurğulayıb ki, həmin notariusda Hacı Babayevin aldığı əmlak və torpaqlarla bağlı 111 əməliyyat aparılıb. Əkbərov  bildirib ki, Yaşar Eyyubov yalan danışır. “Notariat dəyərindən aşağı qiymətə alqı-satqını həyata keçirmir. Məsələn, mən Nağaraxana kəndində dəyəri 400-500 min manat olan evimi gətirsəm ki, 20 min manata satıram, Yaşar alqı-satqını təsdiqləməyəcək. Çünki bazar qiymətlərini nəzərə alırlar. Bəs necə olur ki, mənim əmlaklarımı Səlimə dəyərindən 10 dəfələrlə aşağı satanda bunu nəzərə almadı? Bunun hamısı quramadır, hər şey Alışanovun cinayətini ört-basdır etmək üçündür. Adam öldürüb, gəlib cavab versin”.

Ş.Əkbərov Hacı Babayevin də ünvanına sərt ifadələr işlədib. O, qışqıraraq isterik vəziyyətə düşdüyü üçün hakim prosesdə fasilə elan edib. Konvoylar Şücaət Əkbərovu zorla zaldan çıxarıblar.

Fasilədən sonra məhkəmə iclası Şücaət Əkbərovun iştirakı olmadan davam edib. Qoçəli Cəbiyevin vəkili vəsatət qaldıraraq müvəkkili barəsində məhkəmə-tibbi ekpertizasının keçirilməsini tələb edib. O, bildirib ki, müdafiə etdiyi şəxs birinci qrup əlildir. “Qoçəli həbs olunanda sağ-salamat adam idi. O, istintaq dövründə birinci qrup əlillik qazandı. İndi də məhkəməyə Penitensiar Xidmətin Müalicə Müəssisəsindən aparılıb-gətirilir. Hamısı ona verilən işgəncələrin nəticəsidir” – vəkil deyib. Vəsatət baxılmamış saxlanılıb.

Prosesdə istitaq dövründə Şücaət Əkbərov və Qoçəli Cəbiyev arasında üzləşmənin görüntüləri izlənilib. Həmin görüntülərdə Qoçəlı Cəbiyev bildirib ki, Şücaət Əkbərov ona düşmənli olduğu deyib: “Dedi ki, borcu var. Onu öldürmək istəyirlər. Mən də soruşdum ki, kimdir. Dedi, televiziyada işləyən adamdır, adı Arifdir. Biz də plan qurduq ki, onlar Şücaəti öldürmədən, biz öldürək. Plana əsasən, Arifgil Şamaxıya gələndə biz görüş təyin edib onları öldürməli idik. Zöhrabı Şücaətlə mən tanış etmişəm. Onunla danışdıq. O da Arifi vurmaq üçün Şücaətə kömək edəcəkdi. Bunun qarşılığında Zöhraba 100 min manat veriləcəkdi. Bir də 7 min manata “Niva” aldı. Ümumiyyətlə, bu cinayətə bizi Şücaət Əkbərov sövq edib”.

Zalda göstərilən videoda Şücaət Əkbərov da düşməni olduğunu etiraf edib. O, sui-qəsddə bağlı həmin görüntülərdə sifariş verdiyini nə təsdiq, nə də təkzib edib.

Daha sonra prosesdə Zöhrab Şirinovla Şücaət Əkbərovun istindaqdakı üzləşməsinin götüntüləri izlənilib. Həmin görüntülərdə Zöhrab Şirinov da Arif Alışanova sui-qəsd təşkil etdiklərini etiraf edib: “Qoçəlı bizi tanış elədi. 100 min manat qarşılığında Arif Alışanovu öldürəcəkdik. İlk olaraq 7 min manata mənə “Niva” aldılar”.
Hər 3 təqsirləndirilən şəxs həmin ifadələri təzyiq altında verdiyini deyiblər.
Z.Şirinov: “Məni həmin otağa “pres”dən çıxarıb gətirmişdilər. Məni o qədər döymüşdülər ki, danışa da bilmirdim. Görürsünüz, üzləşmədə yanımda vəkil də yoxdur.
Ş.Əkbərov da həmin vaxt istintaqda təzyiq altında ifadə verdiklərini söyləyib: “Arif Alışanov Şamaxıya az qala gündə gəlib-gedirdi. Şamaxıda 7 milyonluq torpaq alıb. Təkcə sürücüsünün adına 111 alqı-satqı müqaviləsi var. Dəfələrlə mənim evimdə qalıb. Öldürmək lazım olsaydı, elə yatdığı yerdə deyərdim, gedib vurardılar da… Bu işi düzüb-qoşmaq üçün müstəntiq Alışanovdan 600 min pul alıb. Məqsəd də Arifin öldürdüyü gənc qızla bağlı bildiklərimə görə məni təcrid eləməkdir”.

Proses iyulun 4-də davam edəcək.


Qeyd edək ki, Ş.Əkbəriv ötən məhkəmə proseslərində də bildirib ki, A.Alışanov Şamaxıya gələrkən yanında əvvəlki kürəkəni Fəridin gəzdiyi qız olub və onu dağdan çaya ataraq öldürüb. Təqsirləndirilən iddia edir ki, bu hadisəni bildiyi üçün A.Alışanov onu şərləyərək həbs etdirib.

Arif Alışanovun vəkilləri isə onun dediyini cəfəngiyyat adlandırıb və təqsirləndirilənin özünü müdafiə etmək üçün uydurduğu fikir adlandırıb.

İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə salmaq istəyiblər. Bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabil Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …