Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Ali Məhkəmədən jurnalistin atasını avtomobillə vuraraq öldürən şəxslə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən jurnalistin atasını avtomobillə vuraraq öldürən şəxslə bağlı YENİ QƏRAR

Ali Məhkəmədə jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə verilən kassasiya şikayətlərinə baxılıb.

Hakim Hafiz Nəsibovun sədrlik etdiyi iclasda tərəflər çıxış edib.

Zərərçəkmiş şəxin hüquqi varisi-mülki iddiaçı İmdad Əlizadənin nümayəndəsi, vəkil Abil Bayramov bildirib ki, bu iş üzrə verilən mülki iddia ilə bağlı qərardan daha əvvəl verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytarmışdı: “Ali Məhkəmənin qərarına uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi işə baxıb və yeni qərar çıxarıb. Apellyasiya instansiyasında işə baxılarkən Ali Məhkəmənin göstərdiyi iradlar aradan qaldırılıb və təqsirləndirilən Seymur Qarayevdən, ümumilikdə, 141 min 931 manat tutularaq mülki iddaçı İmdad Əlizadəyə ödənilməsi ilə bağlı qərar qəbul edilib”.

Vəkil həmin qərardan məhkum – mülki cavabdeh S.Qarayev tərəfindən verilən şikayətin əsassız olduğunu deyərək təmin edilməməsini istəyib.

Həmçinin zərərçəkmiş tərəf S.Qarayevə verilən cəzanın və mülki iddia məbləğinin artırılması ilə bağlı da kassasiya şikayəti verib. Vəkil A.Bayramov həmin şikayətin təmin edilməsini istəyib.

Məhkumun vəkili Fuad Məmmədov S.Qarayevin kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi İ.Əlizadənin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş edib.

Dövlət ittihamçısı Süleyman Atakişiyev zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı İmdad Əlizadənin verdiyi şikayətin təmin edilməsini, cavabdeh tərəfin kassasiya şikayətinin isə təmin edilməməsini istəyib.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, tərəflərin kassasiya şikayətləri təmin edilməyib, S.Qarayevdən 141 min 931 manat tutularaq mülki iddaçı İmdad Əlizadəyə ödənilməsi ilə bağlı qərar qüvvədə saxlanılıb. (Report)

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …