Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Akif Çovdarovun həbsdə ölən adamının evi üzərində fırıldaq: ucuz ev tələsinə düşənlər…

Akif Çovdarovun həbsdə ölən adamının evi üzərində fırıldaq: ucuz ev tələsinə düşənlər…

Bakıda bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Məlum olub ki, bir ev bir neçə nəfərə satılıb. Həmin evi tikən şəxs isə həbsxanada vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Telman Səlimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. Telman Səlimov ittihamla özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədə zərərçəkmiş Ramin Xanbabayev ifadə verib. O, deyib ki, Telman Səlimovu tanışlarından biri vasitəsi ilə tanıyıb: “Qızımın evini satmışdıq. Yeni ev almaq istəyirdim. Yusif Əhmədova 60 min manat verdim. Mən evin onun olduğunu bilirdim. Amma sonradan ev məsələsi alınmadı. 11 ay gözləsəm də pulum qaytarılmadı. Yusif evin sahibi idi. Amma sonra məlum oldu ki, ev problemlidir. Mübahisəli ev olduğunu, sahibinin kim olduğunun bilinmədiyi deyildi. Buna görə də ev gözümdən düşdü”.

Zərərçəkmiş R.Xanbabyev söyləyib ki, hazırda təqsirləndirilən şəxs Telman Səlimovu sonradan tanıyıb və bir neçə dəfə də görüşüb: “Mən bildim ki, ev Yusif Əhmədovun olsa da başqa şəxsə də satılıb. Amma məhkəmə qərarı var idi ki, ev Yusifindir. Qızım və kürəkənimlə notariusa getdik. Ev 96 minə razılaşdırılmışdı. Pulu Yusifə verib notariusda müqavilə imzaladıq. Evə də getdik, baxdıq”.

Məhkəmədə digər zərərçəkmiş Yusif Əhmədov da ifadə verib. Söyləyib ki, ev özünün olduğu üçün digər zərərçəkmiş şəxs kimi tanınan Xanbanayevə satıb: “Mən ev almaq istəyirdim. Mürsəl adlı tanışım var idi. O, əvvəlcə mənə ipoteka ilə ev düzəldəcəkdi. Amma alınmadığına görə qarşılığında mənə Yasamalda iki ev təklif etdilər. Bu işlə bağlı Telman müəllimlə görüşmək istədim. Amma dəfələrlə zəng eləsəm də görüşə bilmirdim. Mənə deyirdi ki, narahat olma, ev sənindir. Axırda görüşə bildik. Hər iki evi tam təmirli şəkildə mənə verəcəkdilər, ancaq bunu da etmədilər. Sənədlər mənim adıma sənədləşdirilib. İki evdən birini Xanbabayevin qızına satdım. Aramızda alqı-satqı müqaviləsi oldu. Yasamalda verilən ikinci ev isə mənə çatmadı. Dedilər ki, həmin evi şəhid ailəsinə verirlər. Həmin 4 otaqlı evin əvəzinə mənə Sumqayıtda yeni tikilən binadan iki ədəd iki otaqlı ev verəcəklərini dedilər. Mən də razılaşdım. Amma indi həmin bina yarımçıqdır. 11 və 12-ci mərtəbədən ev veriblər, amma bina 9-cu mərtəbəyə qədər tikilib. Mən Yasamaldakı evi Xanbabayevin qızına satandan sonra öyrəndim ki, ev başqasına da satılıb. Amma mən özbaşına ev satmamışam. Əlimdə məhkəmə qətnaməsi var ki, ev mənimdir. Bunu əsas götürərək evi satmışam. Mən evi satan ərəfədə məlum oldu ki, evi Kamil Mirzəyevə də satıblar”.

Məhkəmədə zərərçəkmiş Kamil Mirzəyev də iştirak edib. O, həkim olduğunu, nəvəsi əsgərlikdən gəldiyi üçün hədiyyə olaraq ona ev almaq istədiyini deyib.

Kamil Mirzəyev söyləyib ki, evi alandan sonra ikinci sahibi olduğunu öyrənib: “Mən evi təmirə başlayanda bildim ki, ev başqasına satılıb. Evin əvvəlki sahibinin Yusif Əhmədov olduğunu bildim. Ev mübahisəli olduğu üçün təmiri dayandırdım. Sonra öyrəndim ki, ev Yusif Əhmədova satılmamışdan 6 il əvvəl başqa adama – Əhməd Tamoyevə satılıb. Hətta alqı-satqı müqaviləsi də var idi. Mən evi almaq üçün iki dəfəyə 50 min manat vermişəm. Mən də Tamoyevdən 2016-da almışam. İndi də tələb edirəm ki, evim mənə qaytarılsın”.

Təqsirləndirilən Telman Səlimov isə söyləyib ki, ev Əhməd Tamoyevə məxsus olub. O, qeyd edib ki, Əhməd Tamoyev tikinti biznesində çalışıb və zərər etdiyi üçün evi qısa zamanda dəyər-dəyməzinə satıb və ev Kamil Mirzəyevə verilib.

Məhkəmədə məlum olub ki, Yasamaldakı qalmaqallı mənzilin yerləşdiyi bina “Şakir” MTK-ya məxsus olub.  MTK-nın sahibi Şakir Hüseynov mənzil dələduzluğuna görə həbs edilmişdi. O, 2016-cı ilin iyul ayında cəza çəkdiyi həbsxanada ürəktutmasından dünyasını dəyişib.

Şakir Hüseynovun həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun adamı olduğu deyilirdi. Onun Çovdarovun əli ilə bir çox tikinti şirkətinin rəhbərlərinə problemlər yaratdığı barədə yazılar dərc edilib. Maraqlı olan məqam isə budur ki, Şakir Hüseynovun ölümündən sonra onun işlərinin başına oğlu keçib. Onun oğlu isə Akif Çovdarovun məhkəməsində zərərçəkmiş kimi tanınmışdı.

Qeyd edək ki, hazırda təqsirləndirilən Telman Səlimov Şakir Hüseynov öldükdən sonra həmin mənzilin sahibi kimi bilinib. Ələ keçirdiyi mənzili bir neçə nəfərə satıb. Telman Səlimov daha əvvəl də dələduzluqda ittiham edilib. O, eyni əməllə – bir mənzili bir neçə nəfərə satmağa görə hakim qarşısına çxıarılıb və 9 il 6 ay şərti cəza alıb. Cəzası ödənilmədən indi növbəti dəfə hakim qarşısına çıxarılıb. (Musavat.com)

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …