Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / ADNA terrorundan 14 il ötür

ADNA terrorundan 14 il ötür

Həmin gündən 14 il ötür. Bu tarixdən uzaqlaşdıqca, baş verən terror olayının ört-basdır olunması daha aydın görünür.

Nə baş vermişdi?

30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının(ADNA) tədris binasına silahlı hücum olub, 12 günahsız insan qətlə yetirilib, 13 nəfər yaralanıb.

Bundan sonra Gürcüstan doğulan Azərbaycan əsilli Rusiya vətəndaşı Fərda Qədirov qatil, Gürcüstanda yaşayan erməni əsilli Mardun Qumaşyan isə terrorun sifarişçisi elan olundu.

Fərda Qədirovla tanışlığı olan, terrora aidiyyatları sübuta yetirilməyən 4 azərbaycanlı həbsə alındı, onlardan 3-ü ömürlük həbsə göndərildilər. Məhkəmədə isə bəlli olmuşdu ki, həbsə alınanların terrora aidiyyatları yoxdur.

d1fcb07b37c1e55329cc055da3770b77.jpg (215 KB)

Fərda Qədirova gəlincə isə, bu günə qədər də aydın deyil ki, o, psixopat-manyak idi, yoxsa xüsusi təlim görmüş atıcı.

Hadisənin arxasında hansısa dövlətin kəşfiyyat strukturu dururdumu? Terrorçu tək olmuşdu, yoxsa “qara işi” görəndən sonra onu da zərərsizləşdirən biri olub? İstintaq orqanının aydınlıq gətirməli olduğu suallar çoxdur.

Bunların bəzilərinin yarımçıq və rəsmi cavabları var, amma illər keçdikcə bunlar adamlara inandırıcı görünmür. Fərda Qədirov Gürcüstanda doğulub-böyüyüb, Rusiyada yaşayıb və Azərbaycanda terror həyata keçirib.

Niyə?

Axı Azərbaycanda onun xətrinə dəyən, həyatını qaraldan, kareyerasına mane olan, haqsızlıqlara məruz qoyan heç kim yox idi. Əgər adam ətrafındakı insanların əlindən zülm-zillət çəkibsə, onlara qarşı nifrət ovqatına köklənibsə belə, bu halda yenə doğulub-böyüdüyü və ya faktiki olaraq yaşadığı ölkənin insanlarına nifrət etməli, qisasını onlardan almalı idi.
Fərda Qədriov zombiləşmiş psixopat idisə və hökmən azərbaycanlı gəncləri öldürməyə proqramlaşdırılmışdısa, bunu “Sınıq körpü” sərhəd-keçid məntəqəsini keçəndən bir az sonra, elə Qazax şəhərinin bazarında da edə bilərdi.
Üstündən 14 il ötməsinə baxmayaraq, geniş ictimaiyyət hələ də bu qanlı terror aktı ilə bağlı bir sıra cavabsız suallar qarşısındadır. Bu hadisə niyə baş verdi?

Terrorun motivi nə idi?

74de1132eeb413da3ae686c709c0ac11.jpg (60 KB)

Maraqlıdır ki, müdhiş olay Azərbaycan büdcəsinə yüz milyonlarla dollar həcmində neft gəlirləri daxil olan günlərdə törədilib. Neft Akademiyasının hədəf olaraq seçilməsi də bu baxımdan təsadüfi görünmür. Həmin günlərdə neft bumuna görə Azərbaycanın adı dünyada dillər əzbəri idi. Azərbaycan manatı dünyanın 3 ən bahalı valyutasından birinə çevrilmişdi. O zaman Rusiya Azərbaycan tərəqqisindən məmnun görünmürdü. Hər halda terror ərəfəsi bu ölkənin mediasında ölkəmizə yönəlik mənfi yüklü materiallar çoxalmışdı. Ona görə də Azərbaycanın məhz ən həssas yerindən – uğurlarının əsas qaynağı olan neftin və gəncliyin üzərindən vurulması sui-qəsd nəzəriyyəsi tərəfdarları ilə yanaşı, ayıq, soyuq düşünməyi üstün tutan analitiklərin də nəzərini şimala yönəltmişdi.

Terrorla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra belə bir versiya səsləndi ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İttihama görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. Zakir Qaralovum rəhbərlik etdiyi istintaq hesab etmişdi ki, Mardun Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün ona ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O, əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tiflisdə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib.

İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu  müəyyən edib. Belə ki, o, əvvəlcədən videomüraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. Fərda Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı videomüraciət yerli televiziyalarda nümayiş etdirilib.

Mardun Qumaşyan terroru maliyyəşdiribmi?

Snimok_61556632366.jpg (52 KB)

Terrorda adı hallanandan sonra “Yeni Müsavat” əməkdaşı olaraq Gürcüstana yollanıb orada yaşayan, çörək bişirib satmaqla Mardun Qumaşyanla bir neçə il fərqlə 2 dəfə görüşmüşdük.

Mardun Qumaşyan “Yeni Müsavat”a demişdi ki, onun Neft Akademiyasındakı terrorla hər hansı bir əlaqəsi yoxdur. Azərbaycan tərəfi Mardun Qumaşyanın İnterpol xətti ilə axtarıldığını deyirdi. Özü isə bundan xəbərdar olduğunu açıqlamışdı.

Onun bu haqda müsahibəsindən sitat:

-Elə adam olmayıb ki, gəlib desin ki, məni İnterpol axtarır. Öz evimdəyəm. Çörək bişirib satmaqla ailəmi dolandırıram.

– Biz sizdən müsahibə götürüb “Yeni Müsavat”da dərc edəndən sonra polisdən, ya da prokurorluqdan sizinlə maraqlanan, axtaran olubmu?

– Xeyr. Məni heç kim axtarmayıb.

– İnteropolun Azərbaycan Milli Mərkəzi Bürosunun rəhbəri rəsmi olaraq açıqlayıb ki, barənizdə bütün dünyada axtarış elan ediblər. Yəni sizi bütün dünyada terror cinayəti ittihamı ilə axtarırlar. İnterpolun rəsmi saytında da sizin adınız, anket məlumatlarınız keçir.

– 3-4 gün qabaq Ermənistana getmək istəyirdim. Gürcüstan sərhədini keçib Ermənistan sərhədçilərinə yaxınlaşdım. Orada mənə dedilər ki, Azərbaycan tərəfi məni İnterpol xətti ilə axtarışa verib. Dedim, nə səbəbə. Dedilər ki, Bakıda törədilən hadisəyə görə. Məni bir gecə saxladılar. Ermənistana və Gürcüstana sorğu göndərdilər. İkinci gün isə sərbəst buraxıb dedilər ki, get, İnterpolun barəndəki axtarışını ləğv etdir. Mən İrəvanda ora (İnterpolun Ermənistan mərkəzini nəzərdə tutur-E.M) getdim. Orda dedilər ki, belə haqları yoxdur. Dedilər ki, həmin axtarışı Gürcüstan tərəfi ləğv edə bilər.

– Gürcüstanda olarkən prokurorluğa gedib vəziyyəti aydınlaşdırmaq istəyirsinizmi?

– Əlbəttə, istəyirəm. Mən Çeçenistana, Ermənistana, Rusiyaya qohumlarımın, tanışlarımın yanına getmək istəyirəm. Olmaz bəyəm?

– Gürcüstanın hüquq-mühafizə orqanları sizinlə maraqlanırmı?

– Onlar da dedi ki, belə bir şey yoxdur. Dedim ki, onda göstərin görüm, mən hüquqlarımı qorumaq üçün hara müraciət edim. Gürcüstan tərəfdən mənə heç nə demədilər. Erməni sərhədçiləri məni saxlamışdılar. 3-4 günə hüquq-mühafizə orqanlarına, beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcəyəm. İndi belim ağrıyır. Əməlli-başlı yeriyə də bilmirəm. Elə bir savadlı adam lazımdır ki, mənə yol göstərsin ki, kimin üstünə gedim. Niyə axtarışda olmalıyam? Adımın axtarılanlar siyahısından çıxarılmasını tələb edirəm. Mən niyə əzab çəkməliyəm ki?

Xatırladaq ki, ADNA-da qanlı terror olayı baş verəndən sonra 3-ü Gürcüstan vətəndaşı olmaqla, 4 azərbaycanlı həbs olunub. Onlardan 3-ü barədə ömürlük, biri haqda isə 12 illik həbs cəzası çıxarılıb. Azərbaycan Baş Prokurorluğu ittiham aktında adı qanlı olayı maliyyələşdirən şəxs kimi keçən Mardun Qumaşyan barədə ayrıca cinayət işi ayrıldığını bəyan edib. Amma həmin cinayət işi bu günə kimi Gürcüstan Baş Prokurorluğuna göndərilməyib. Bu isə belə bir fikri qətiləşdirib ki, istintaq formal olaraq aparılıb, cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi olmayıb.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …