Sosial şəbəkələr vasitəsilə Türkiyənin məşhur aparıcısı Acun Ilıcalının həyat yoldaşı Şeyma Subaşını təhqir edən şəxsləri həbs etmək üçün keçirilən əməliyyatda 3 qadın saxlanılıb.
Musavat.com xəbər verir ki, əlavə olaraq daha bir nəfərin də axtarıldığı qeyd edilib.
Saxlanılan qadınların Şeyma Subaşına qarşı təhqiramiz və montaj olunmuş videolar hazırladıqları aşkar olunub. Hadisə ilə bağlı daha 15 nəfər də axtarışa verilib.
İstanbul şəhər prokurorluğunun açdığı cinayət işi əsasında hərəkətə keçən İctimai Təhlükəsizlik Şöbə Müdirliyi 9 dekabr 2016-cı il tarixindən bu yana Şeyma Subaşını təhqir edən şəxləri yaxalamaq üçün əməliyyat planı hazırlayıb.
Keçirilən əməliyyat zamanı 38 yaşlı Yeşim N. İstanbulda, 37 yaşlı İlknur isə Mersində saxlanılıb. Əməliyyat zamanı saxlanılan qadınlardan biri dərhal əlindəki planşeti qırmağa çalışıb. Lakin polislərin səyi nəticəsində planşet qızın əlindən xilas edilib və maddi sübut kimi götürülüb. Digər qadın isə ölkə xaricinə qaçıb. Lakin interpol vasitəsi ilə axtarışa verilib.
Bu əməliyyatlar bitdikdən sonra 2-ci təhqir dalğası yaşanıb. Şeyma Subaşına qarşı təhqirlərə davam edən üçüncü şəxs, Yazgülü adlı qadın həbs edilib. Avcılar məhəlləsində həbs olunan qadından şantaj xarakterli görüntülər götürülüb.
Araşdırmanı dərinləşdirən polis Şeyma Subaşına qarşı təhqir iddiası ilə 15 nəfərin axtarışına davam edir. Son məlumatlara görə, axtarılanların hamısı İstanbuldadır.
Qeyd edək, Şeyma Subaşı məşhur aparıcı Acun Ilıcalı ilə evlidir. Onu da bildirək ki, bu ilin sentyabr ayında evlənən cütlük 8 ildir ki, birlikdədirlər. Onların bir qız övladları var.