Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Aclığının 105-ci günündə Əlizamin Salayev 4 il müddətinə azadlıqdan məhrum edildi

Aclığının 105-ci günündə Əlizamin Salayev 4 il müddətinə azadlıqdan məhrum edildi

AXCP Təşkilat Komitəsinin üzvü: “O, aclığı dayandırmaqdan imtina etdi. Dedi ki, ya öləcəm, ya da azad olacam”.

AXCP Salyan şöbəsinin sədri Əlizamin (Zamin) Salayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 22-də Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlov bu barədə qərar çıxarıb.

AXCP Təşkilat Şöbəsinin üzvü Seymur Əhmədzadə Abzas Media-ya bildirib ki, məhkəmədə Salayevin səhhəti pisləşib:

“O, 105 gündür aclıq edir, səhhəti pis idi. Məhkəməyə təcili tibbi yardım gəlmişdi, iynə-dərman edib ayaq üstə qaldırdılar, hökm oxundu, getdilər. Partiya sədri Əli bəylə Tofiq Yaqublu Əlizamin bəydən xahiş etdilər ki, aclığı dayandırsın. O da imtina etdi ki, ya öləcəm, ya da azad olacam”.

Seymur Əhmədzadə deyir ki, bu hökm siyasi qərardır. Onun sözlərinə görə, məhkəmədə onun təqsirli olması ilə bağlı heç bir fakt olmayıb:

“Hadisənin olduğu deyilən yerdə 8 kamera olub, heç biri işləməyib. Əlizamin sadəcə fəaliyyətinə görə həbs olunub. Salyanda kasıb, problemi olan insanlar kömək üçün dövlət qurumlarının yox, Əlizaminin üstünə gəlirdilər. Özünün, dostlarının köməyilə iki ailənin evini təmir etdirib, 2-3 nəfərin evi üçün də təmir prosesi gedirdi. Əlizamin oranın ağsaqqalı idi, hökumət də bunu götürmədi. Bundan əlavə, Salyanda parkda təkadamlıq aksiya edib İlham Əliyevi istəmədiyini demişdi. İlk həbsindən sonra da ürəkləri soyumamışdı, yenidən həbs etdilər”.

 Əlizamin Salayev 105 gündür azadlığa buraxılması tələbilə aclıq edir. 

O, bu il fevralın 7-də Cinayət Məcəlləsinin 221.3-cü (silah və silah qismində əşyalardan istifadə etməklə xuliqanlıq etmək) maddəsilə ittiham olunaraq həbs edilib.

Daxili İşlər Nazirliyi yaydığı məlumatda qeyd edib ki, Salayev “Lökbatan dairəsi” adlanan yerdə bir nəfəri bıçaqlayıb. Salayev isə ittihamları rədd edib, özünün hücuma məruz qaldığını bildirib.

Ə.Salayev və təmsil olunduğu AXCP həbsin siyasi sifariş olduğunu bildirib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi hökuməti Əlizamin Salayevi azad etməyə çağırıb. Mayın 18-də ABŞ Dövlət Departamenti də məsələnin ABŞ-ın diqqətində olduğunu bildirib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …