Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / ABŞ-la Azərbaycanın ticarət əlaqələri kəskin azalıb

ABŞ-la Azərbaycanın ticarət əlaqələri kəskin azalıb

Azərbaycanın xarici ölkələrə ixrac xəritəsi açıqlanıb. Məlum olub ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələrinə ixracı 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 7,1 faiz artıb. Novator.az ayrı-ayrı ölkələr üzrə göstəricilərə də nəzər salıb. Rəsmi hesabata görə, Ukraynaya ixrac 25,94 faiz, Qazaxıstana ixrac 24,94 faiz, Rusiyaya ixrac 61,65 faiz, Özbəkistana ixrac 305,3 faiz çoxalıb.

Bəzi ölkələrə ixracda isə düşmə var. Türkmənistana ixrac 88,96 faiz, Tacikistana ixrac 51,24 faiz, Moldovaya ixrac 73,87 faiz, Belarusa ixrac 12,39 faiz azalıb. Avropa İttifaqı ölkələrinə ixracda 22,29 faiz artım qeydə alınıb. Belçikaya ixrac 600,3 faiz, Danimarkaya ixrac 15,78 dəfə, Estoniyaya ixrac 24,68 faiz, Finlandiyaya ixrac 37,77 faiz, İspaniyaya ixrac 1437 dəfə, İtaliyaya ixrac 54,97 faiz, Yunanıstana ixrac 171,08 dəfə artıb. Bəzi ölkələr üzrə isə azalma var. Məsələn, Fransaya ixrac 2016-cı ilin ilk iki ayı ilə müqayisədə 42,14 faiz düşüb. Digər ölkələrə ixracda 67,98 faiz artım olub. Qonşu Gürcüstana ixrac ötən ilin ilk iki ayına nisbətdə 31,63 faiz çoxalıb. Avstraliyaya ixrac 446,08 faiz artıb. Çinə ixracın 18,78 dəfə, Hindistana ixracın 161,47 dəfə artdığı bildirilir.

ABŞ üzrə isə kəskin azalma var. Bu ölkəyə ixrac ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 99,43 faiz azalıb.
Bu statistik göstəriciləri dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, əsas artım Rusiyaya yönəlmiş ixracdadır:

“Ötən ildən başlayaraq bizim kənd təsərrüfatı məhsullarımızın ixracında ciddi artım oldu. MDB ölkələrinə, əsasən də Rusiyaya ixrac artdı. Rəsmi rəqəmlər də bunu sübut edir. Bunun əsas səbəbi isə həm kənd təsərrüfatında istehsalın artırılması yönündə görülən bəzi işlər oldu. Ancaq əsas təsiredici amillərdən biri Türkiyə-Rusiya gərginləşməsi oldu ki, Türkiyə kənd təsərrüfatı məhsullarının bir qismi Azərbaycan üzərindən bizim məhsulumuz kimi Rusiyaya ixrac olundu. Bu barədə hər iki ölkənin mətbuatı da geniş yazılar dərc elədi. Əsasən də tərəvəzçilikdə Azərbaycan üzərindən Rusiyaya yerli mal kimi ixrac olunan məhsulların həcmi artdı. Bu da təbii ki, bizim iqtisadi göstəricilərimizə, ixracatla bağlı statistikaya müsbət təsir göstərdi. Halbuki burada gəlirliliyin artmasından söhbət getmir. Biz burada ancaq bir keçid ölkəsi rolunu oynadıq”.
İqtisadçı həmçinin vurğuladı ki, hökumət yerli istehsalçılar üzərində də müəyyən təşviq proqramları həyata keçirdiyi üçün istehsalda da artım müşahidə olundu: “Qazaxıstanla da eyni proses baş verdi. Çünki Qazaxıstana ixracda da ciddi artım var. Qazaxıstanla Rusiya arasında, ümumiyyətlə, gömrük keçid məntəqələri yoxdur. Onlar Belarusla bir yerdə eyni iqtisadi zonaya daxildirlər. Ona görə də, kənd təsərrüfatı məhsulları Azərbaycan üzərindən Qazaxıstana, oradan heç bir rüsum ödənilmədən Rusiya ərazisinə ixrac olundu. Xatırlayırsınızsa, Rusiya-Türkiyə arasında gərginliyin artdığı bir dövrdə Azərbaycan- Qazaxıstan sərhəd keçid məntəqəsində çox böyük tıxac yaranmışdı. Maşınlar həftələrlə gözləyirdilər. Bu da həmin prosesin vizual göstəricisi idi”.
Azərbaycanın ABŞ-a ixracatının 99,43 faiz azalmasının səbəbinə toxunan Natiq Cəfərli bildirdi ki, bunun səbəbi ABŞ-ın özündə neft hasilatının artmasıdır: “Biz uzun illər idi ki, Amerikaya neft satırdıq. Son illər ABŞ-ın apardığı siyasət öz daxili istehsalının artırılması istiqamətində oldu. 5 il bundan öncə Amerika günə cəmi 5 milyon barel neft hasil edirdisə, bu gün gündəlik hasilat 9, 2 milyon bareldir. Bu da ABŞ-ın xaricdən aldığı xam neftin həcminin azalmasına səbəb olub. Azərbaycan nefti Amerikaya daşınarkən yol xərci daha baha başa gəldiyindən, həm də ABŞ daxili istehsalı artırdığından artıq bizdən neft almır. Amerikanın hazırda neft aldığı əsas ölkələr Kanada və Meksikadır, bu ölkələrlə qonşudurlar, həm yol xərci , həm də lojistik xərclər daha az çıxır. Meksika körfəzində çıxan neft keyfiyyət etibarilə Azərbaycan nefti ilə eyni göstəricilərə malikdir və Azərbaycan neftini əvəz edə bilir. Amerikaya ixracatın azalmasının səbəbi bundan ibarətdir. Çünki bizim Amerikaya başqa ixracatımız yoxdur. Rəsmi rəqəmlər göstərir ki, ixracatımızın 90 faizi neft və neft məhsullarıdır. Bu isə o deməkdir ki, istehsal olunan digər məhsullarımızın ixracat potensialı zəifidir. Rəqabətli və keyfiyyətli istehsal olmadığına görə bir çox məhsullarımızı xaricə göndərə bilmirik”. (Musavat.com)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın