Ana səhifə / Kriminal / “8 gün döydülər, amma boynuma almadım”- “Lotu Quli”nin kirvəsi ifadə verdi

“8 gün döydülər, amma boynuma almadım”- “Lotu Quli”nin kirvəsi ifadə verdi

“Lotu Quli”nin kirvəsinin növbəti məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

M.Namazov məhkəmədə ifadə verib.

O deyib ki, saxlanılan zaman azyaşlı oğlu da yanında olub: “Bir nəfər qapını döyüb məni çağırdı. Həyətə çıxdım. Gördüm ki, 15 nəfər var. Onlar məni tutdular. Qollarımı bağladılar. Uşaq da ayaq altında qaldı. Niyə tutulduğumu bilmirdim”.

M.Namazov deyib ki, saxlanılarkən ona “Lotu Quli” ilə bağlı suallar veriblər: “Məndən ilk görüşdəcə soruşdular ki, “Lotu Quli” haqda nə bilirsən? Bircə həbsdə olduğunu bildiyimi dedim. Soruşdular ki, “Quli” haqda nə bilirsənsə, danış. Dedilər ki, “Quli”nin işlərini görmüsən, ona görə də “getməlisən”. Dedim ki, axı qohum olanda nə olar? Mənə ağ kağız və qələm verdilər. Dedilər ki, sən bu vərəqi imzala, səni buraxaq. Mən əlbəttə ki, etiraz elədim və imza çəkmədim. Axşama qədər orada saxladılar. Axşam 30-a yaxın adam içəri girdi. Dedilər ki, “deyilənləri eləmirsən deyə problem yaradırsan”. Mən də eləmədim. Narkotiki cibimə qoyub dedilər ki, bu artıq sənindir. Mənim əllərim də arxadan bağlı idi. Sonra məni evimə gətirdilər. Maşına baxış keçirildi. 8 gün saxladılar. Mənim saxlanıldığım yerdə bir nəfər var idi. Sonradan bildim ki, vəkildir. Başını stola qoyub yatmışdı. Onu mən oyatdım. 8 gün məni döydülər, əzab verdilər, amma boynuma almadım. Sonra məni döyən oğlanların hamısı bir-bir içəri girdilər. Məni qucaqlayıb dedilər ki, “sən yaxşı oğlansan. Bizi bağışla. Göstəriş belədir”. Mən onları da başa düşürəm”.

M.Namazov “Lotu Quli” ilə çəkilmiş fotosu ilə bağlı da danışıb: “Mənə sual verdilər ki, “Quli” haqda heçnə bilmirəmsə, foto niyə çəkdirmişəm? Dedim ki, qohumumdur. 10 il əvvəl görüşmüşəm, foto çəkdirmişəm. Məgər burada qəbahət var?”.

Suallara cavab verən M.Namazov heç bir sənədə imza çəkmədiyini və onum əvəzinə saxta imzalar çəkildoyini deyib: “Mən latın dilində oxuya bilmirəm. Buna görə də imzalamaqdan imtina elədim. Dedilər ki, biz özüçüz imzalayacağıq”.

Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Xatırladaq ki, “Lotu Quli”nin yeznəsi Vidadi Hüseynov da narkotik ittihamı ilə həbs edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov “Bulaq”restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.

Bildirək ki, “Lotu Quli” 8 saylı cəzaçəkmə müəssisəsində oktyabrın 23-də azadlığa çıxıb.

İlkin Muradov

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …