Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / 70 faiz endirimlər mövsümü: qazanan kimdir?

70 faiz endirimlər mövsümü: qazanan kimdir?

Yay sezonunun bitməsi ərəfəsində Bakıda iri ticarət mərkəzlərində yerləşən bütün mağazalarda yüksək faizlə endirim elanları vurulub. Hər il avqust ayında mağazalar son sezon endirimlərini edirlər.

Bəs hazırda addımbaşı rastlaşdığımız 70 faizlik endirim elanları nə dərəcədə doğrudur?

Bir neçə brend geyim mağazasında olub, suala cavab tapmağa çalışdıq. “28 Mall” ticarət mərkəzində yerləşən bütün geyim mağazalarının vitrinlərinin üzərində “50-70 faiz endirim” yazısını müşahidə etmək olar. Bu elana əməl edən mağazalar olduğu kimi, etməyənləri də az deyil. Məsələn, “Zara” geyim mağazasında heç bir geyimin qiyməti 70 faiz endirilməyib. Halbuki, mağazanın üzərində qeyd etdiyimiz faizdə endirim elanı vurulub. Satıcılar musavat.com-a bildirdilər ki, artıq endirimli mallar satılıb, qurtarıb. Bəs belə olan halda endirim yazısının nə üçün silinmədiyi sualına isə cavab tapa bilmədilər. Mağazada alış-veriş edən müştərilərlə də söhbət etdik. Onlar bildirdilər ki, burada endirim yalnız bir gün olur. Onu da elə həmin günü elan edirlər:

“Növbəti günlərin birində kişi geyimlərinə endirim olacaq. Ancaq hələ ki, tarixi açıqlamırlar. Bundan öncə isə bir gün ərzində qadın geyimlərinə endirim olmuşdu. Ümumiyyətlə, burada endirim çox az geyimlərə aid edilir ki, onlar da qısa zaman kəsiyində satılıb qurtarır”.
“Pull&Bear” geyim mağazasında da 70 faiz endirimə rast gəlmək mümkündür. Endirimlər qış köynəkləri və şalvarlara aid edilib. Qalan bütün malların qiyməti yüksək olaraq qalıb. Satıcılar bildirdilər ki, artıq yeni sezon geyimləri gəldiyi üçün qiymətlər də bahalaşıb.
Geyimləri digər mağazalarla müqayisədə nisbətən ucuz olan “LC Waikiki”də də 70 faiz endirim var. Endirimlər daha çox yay geyimlərinə və bir ölçüsü qalan mallara aiddir.

Bəzi mağazaların isə qapısında endirim yazısı olsa da, içəridə bundan söhbət belə getmir. Məsələn, “Aldo”, “Bershka”, “Stradivarius” mağazalarını göstərə bilərik ki, burada endirimli mal tapmaq çətin məsələdir.

Əksər satıcılar 70 faiz qiymət endirimini bu cür izah edirlər: “Mağazada bəzi geyimlər var ki, onlardan bir ölçü qalıb. Yaxud da mövsüm dəyişdiyi üçün onları yenidən anbarlara deyil, maya dəyərindən aşağı qiymətlə vitrinlərə düzürük”.

Bəs 70 faiz endirim edən mağazaların qazancı nədir?

İqtisadçıların sözlərinə görə, hazırda ölkədə geyim mağazalarında endirimlərin olmasının bir neçə səbəbi var. Ekspertlərin fikrincə hazırda ölkədə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, mağazaları kəskin endirimlərə getməyə məcbur edir. Eyni zamanda dükanlar endirimdən öncə daha yüksək qiymətə mallarının bir hissəsini satdıqlarına görə, daha sonra ucuz satarkən ortalama qiyməti qoruyub saxlayırlar. Yəni mağaza 70 faiz endirim etsə belə, heç nə itirmir. Çünki daha öncə baha qiymətə satdığı geyimlə bu malların da maya dəyərini artıqlaması ilə çıxarıb.

Nəticə olaraq söyləmək olar ki, 70 faiz endirimdə olan geyimlərin maya dəyəri, endirimdən sonrakı satış qiymətindən də təxminən 10 -15 faiz aşağıdır. Ekspertlər bildirirlər ki, tutalım, siz 10 manata T-shirt alırsınızsa, onun maya dəyəri əslində 8 manat civarındadır. (Musavat.com)

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın