Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / SOCAR-ın “İraq çıxışı” və dünya nəhənginə çevrilmək perspektivi…

SOCAR-ın “İraq çıxışı” və dünya nəhənginə çevrilmək perspektivi…

Azərbaycanın energetika naziri Natiq Əliyev açıqlamasında bildirib ki, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və İraq Milli Neft Şirkəti birgə layihələr üçün işçi qrupu yaradır. N.Əliyevin sözlərinə görə, söhbət İraqa investisiya qoyuluşundan gedir: “Neft yataqları ilə bağlı layihələrdən birini seçib onun üzərində işləməyi planlaşdırırıq”.
Nazir qeyd edib ki, İraq şirkətləri də Azərbaycanda layihələrin reallaşdırılmasında iştirak etməyə dəvət edilib: “Bu əməkdaşlığın məhsuldar olacağına əminəm”.
Qeyd edək ki, bu günlərdə Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin rəsmi açılış mərasimində çıxış edən İraqın neft naziri Adil Əbdülmehdi Hassan Şubber İraqda Azərbaycanın inkişaf modelini təqdim etmək niyyətlərinin olduğunu bəyan edib. İraqın neft naziri deyib ki, Azərbaycan 20-ci əsrin əvvəlindən etibarən daha böyük addımlarla inkişaf edib: “SSRİ-nin süqutundan sonra Azərbaycan ağır çətinliklərlə üzləşib. Ancaq 20 ildə ölkə böyük uğurlara imza atıb. Mən Azərbaycanın neft və qaz sahəsində çalışan mütəxəssislərlə görüşdüm. Azərbaycan bu gün Avropa və digər ölkələrə enerji resurslarını çatdırmaqla uğurlar qazanıb. Azərbaycan Xəzər və Qara dəniz ölkələri arasında əməkdaşlığı genişləndirib, qlobal bir oyunçuya çevrilib. İraq çox çətin dövrünü yaşayır. Əgər SOCAR, BP kimi şirkətlər regionda işləyərlərsə, çox uğurlu olar. İraq son vaxtlar 4 milyon barrelə qədər neft ixrac edib. Tədqiqatlardan sonra İraqın dünyada qaz ehtiyatlarına görə 5-ci yeri tutacağına əminik”.
Nazir Azərbaycan şirkətlərini İraqa sərmayə yatırmağa dəvət edib. O, əlavə edib ki, SOCAR-la daha da sıx əməkdaşlıq etmək niyyətindədir.
SOCAR-ın xarici ölkələrə bu şəkildə sərmayə qoyuluşuna başlaması onun BP, “Statoil” kimi transmilli şirkətə çevrilmə ehtimalını nə dərəcədə inandırıcı edir?
İqtisadçı Nicat İsgəndərli qəzetimizə açıqlamasında bildirdi ki, SOCAR-ın son illər ərzində müəyyənləşdirdiyi strategiya bu şirkətin uzaq hədəflərinin olmasından xəbər verir: “Azərbaycan neft istehsal edən ölkədir və bildiyimiz kimi SOCAR bu proseslərdə yaxından iştirak edir. Buna baxmayaraq, şirkət yalnız istehsalla kifayətlənmir. Məlumdur ki, Gürcüstan, Ukrayna və Moldovanın yanacaqdoldurma stansiyalarının çoxu SOCAR-a məxsusdur. Həmçinin SOCAR Türkiyədə də böyük sərmayələr qoyub, bir sıra böyük zavodların tikintisində yaxından iştirak edir. Bu şirkətin eyni zamanda bütün sahələri əhatə edən ixtisaslaşmış mütəxəssisləri də az deyil. Deyilən amilin özü də şirkətin əhəmiyyətini artırır. İraq kimi ölkəyə sərmayə qoyuluşu artıq yeni strategiyadan xəbər verə bilər. Çünki artıq söhbət neftlə zəngin olan ölkənin daxilində iş aparmaqdan gedir. Yəqin ki, SOCAR həmin ölkədə neftin hasilatı ilə məşğul olacaq. Bütün bu amillər SOCAR-ın transmilli korporasiyaya çevrilmək şansını artırmış olur”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …

Bir cavab yazın