Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal /  Sığorta şirkətlərinin öz müştəriləri barədə məlumatları digər şirkətlərə ötürməsi doğrudurmu? 

 Sığorta şirkətlərinin öz müştəriləri barədə məlumatları digər şirkətlərə ötürməsi doğrudurmu? 

Mehman Muradlı: “İstənilən vətəndaş belə halla bağlı məhkəməyə müraciət edə bilər”
“Elə bil mən hansısa ağır bir xəstəlikdən əziyyət çəkirəm və məni müalicə edən həkim bunu icazəm olmadan cəmiyyətə yayır”

Son vaxtlar əhalinin böyük kütləsi mobil telefonlara göndərilən reklam xarakterli mesajlardan şikayət edir.
Hətta vəziyyət o həddə çatıb ki, insanlar kütləvi şəkildə müştəri xidmətlərinə müraciət edərək həmin mesajların onlara göndərilməməsini tələb edir. Hazırda mesajlar edilən yersiz zənglərlə əvəz olunub. Bir də görürsən ki, hansısa bir özəl klinikadan edilən zənglə adamı, nəyin bahasına olursa-olsun, müayinəyə dartmaq istəyirlər. Adını da qoyurlar endirim kampaniyası. Başqa bir zənglə isə hansısa firma satdığı su filtrlərini sırımaq istəyir. Təbiidir ki, icazəsiz edilən bu zənglər əhalidə narahatlıq yaradır. Bunlar azmış kimi, indi də yeni bir narahatedici metod dövriyyəyə buraxılıb. Avtomobili olan şəxslər bununla tez-tez rastlaşa bilər. Məlumdur ki, avtomobildə icbari sığorta məcburidir. Onun da müddəti bir ildir. Tanımadğımız nömrədən gələn zəngə cavab verəndə məlum olur ki, sən demə, icbari sığortanın bitməsinə bir ay qalıb.

Bunu necə öyrənə bilir? Zəng edən xanım məlahətli səslə soruşur ki, sizin adınız filankəsdir? Təsdiq cavabını alandan sonra maşının markasını və nömrəsini dəqiqliklə deyir. Ardınca bildirir ki, icbari sığortanızın vaxtı çatıb, yeniləmək üçün sizə endirimli paket təklif edirik. Hardan zəng etdiyilə maraqlandıqda bəlli olur ki, sənin icbari sığortanı etmədiyin şirkətdir. Dərhal sual yaranır: mən maşınımı bu şirkətdə sığorta etdirməmişəmsə, onlar şəxsimə məxsus məlumatları hardan öyrənib? Son vaxtlar belə hallar daha intensiv xarakter almağa başlayıb.
Özəl məlumatların bir şirkətdən digərinə ötürülməsi nə dərəcədə qanunauyğundur?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, belə məlumatlar şəxsi həyata aid olmasa da, biznes konfidensiallığı mahiyyəti daşıyır: “Bəli, son vaxtlar belə şikayətləri tez-tez eşidirik. Əslində bu məsələni qanunsuz sayıram. Eyni zamanda bu bizim müqavilə imzaladığımız şirkətin imicinə də ziddir. Çünki məlum olur ki, bizim onunla aramızda olan müqavilənin şərtlərindən başqa sığorta şirkətinin də məlumatı var. Biz belə məlumatların necə başqa şirkətlərin əlinə keçməsilə maraqlanmışıq. Məlum olub ki, sığorta şirkətləri bütün məlumatları ümumi bir serverə yerləşdirir. Bu minvalla da sığorta şirkətləri bir-birinin müştərisinə girişməyə başlayır ki, onları özünə cəlb etsin. İlk baxışdan şirkətlər üçün qeyri-adi nəsə yoxdur. Amma istənilən vətəndaş belə halla bağlı məhkəməyə müraciət edə bilər. Bu, bir növ, bilirsiniz nəyə bənzəyir? Elə bil mən hansısa ağır bir xəstəlikdən əziyyət çəkirəm və məni müalicə edən həkim bunu icazəm olmadan cəmiyyətə yayır. Hansı reaksiyanın veriləcəyini yəqin ki, təxmin edirsiniz. İstənilən halda, belə vəziyyətin yaranmasını qanunsuz sayıram”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın